“Azərbaycanın avtomobil parkında digər ölkələrlə müqayisədə daha yaxşı, qabaqcıl ölkələrdə istehsal olunmuş nəqliyyat vasitələri var”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə komitə sədri Sadiq Qurbanovun Bakıda avtomobillərdən çıxan tüstünün ətraf mühiti zəhərləməsinə dair fikrinə cavab olaraq bildirib.
“Odur ki, Azərbaycanın avtomobil parkına baxanda fəxr edirik”, – deyə o qeyd edib.
Bundan başqa, nazir müavini deyib ki, avtomobillərdən çıxan qara tüstünün ətraf mühiti zəhərləməsi yanacağın keyfiyyəti ilə bağlıdır:
“Bu məsələnin həll edilməsi üçün qanunvericilik bazası, ondan da vacibi normativ-hüquqi aktlar lazımdır. Deyə bilmərik ki, bu gün ölkədə ekoloji qanunvericilik 100% icra olunur. Müəyyən qanunların müəyyən maddələri icra edilir. Amma bir çox hallarda bunların həyata keçirilməsi üçün külli miqdarda maliyyə vəsaiti və uzun vaxt tələb olunur. Məsələn, Xəzər dənizinin çirklənməsi, Bakıdan tullantı sularının təmizlənmədən Xəzərə axıdılması məsələsi var. Şəhərdə formalaşan tullantı sularının 60%-i təmizləyici qurğulara yönəldilir, qalanı təmizləmə prosesindən keçməyərək ətraf mühitə və yaxud dənizə axıdılır”.
www.102info.az