“Hövsan kanalının çirkləndirilməsinin qarşısını almaq məqsədilə kompleks monitorinqlərə başlanılıb”.
Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin (ETX) rəisi Hikmət Əlizadə deyib.
O bildirib ki, hazırda Hövsan kanalının başlanğıcından Xəzər dənizinə qədər məsafəni əhatə edən ərazidə monitorinq aparılır:
“Hövsan kanalı uzun illərdir ki, istimar olunur. Keçən müddət ərzində istismar qaydalarının pozulması, həmin ərazilərdə düzgün idarəetmənin olmaması səbəbindən kanala müxtəlif çirklənmiş mənbələrdən su daxil olur. Hazırda kompleks monitorinq başlayıb. Monitorinq Hövsan kanalının başlanğıcından Xəzər dənizinə qədər məsafəni əhatə edir. Müəyyən edilib ki, təkcə kiçik müəssisələrdən deyil, böyük yaşayış massivlərindən – Zabrat, Suraxanı, Binə, həmçinin digər qəsəbələrdən həmin əraziyə təmizlənməmiş fekal mənşəli sular daxil olur. O cümlədən, neftçıxarma müəssisələrindən, xüsusi olaraq “Suraxanı Oil”, “Balaxanı Oil” kimi ərazilərdən təmizlənməmiş lay suları kanala tökülür, oradan da Xəzər dənizinə axır”.
Xidmət rəisinin sözlərinə görə, bütün bunlar Xəzər dənizinin çirklənməsində böyük rola malikdir. Hazırda Hövsan kanalında çıxışlara maksimum məhdudiyyət qoyulması, sutəmizləyici qurğuların quraşdırılması üçün işlər görülür:
“Bu məsələdə neftçıxarma müəssisələrinin böyük çəkisi var. Onlar cərimələnib, lakin bu, məsələnin həlli deyil. Bu yaxınlarda həmin müəssisələrin rəhbərləri ilə görüşmüşük və artıq problemlərin həlli yönündə işlərin aparıldığı bildirilib”.
H.Əlizadə bildirib ki, yaxın günlərdə həmin müəssisələrin nümayəndələri ilə protokol imzalanacaq:
“Nəzərdə tutulub ki, sözügedən müəssisələr bizə plan təqdim etsin. Bildirsinlər ki, hansı müddətdə hansı işlər icra olunacaq. Bununla da biz həmin işlərin icrasına nəzarət edə biləcəyik. Düşünürük ki, əgər bu formada davam edərsə, biz tullantı sularının həcmini azalda bilərik”.
www.102info.az