Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə XX əsrdə indiki Ermənistandan kütləvi deportasiyanın 3 əsas mərhələsi – 1918, 1948 və 1988-ci illərdə reallaşdırılan məqsədli köçürülmə haqqında süjet hazırlanıb.
“1918-1948-1988-ci illərin acı deportasiya tarixi” adlı süjetdə Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının ən dəhşətli nəticəsi olan azərbaycanlı əhalinin Qərbi Azərbaycandan, indiki Ermənistandan deportasiyasından bəhs olunur.
Bildirilir ki, XX yüzildə azərbaycanlılar erməni millətçilərinin bir neçə dəfə soyqırımına məruz qalıb, ev-eşiklərindən məhrum edilib, ata-baba torpaqlarından qovulublar:
“1918-ci ildə 100 minlərlə azərbaycanlı indiki Ermənistandan və Azərbaycanın özündən – Naxçıvan, Qarabağ və digər rayonlardan didərgin düşməyə məcbur edilib. İrəvan, Zəngəzur, Şuşa və Şamaxıdan 300 mindən çox Azərbaycanlı qaçqın salınıb. Ümumiyyətlə, 1918-1920-ci illərdə azərbaycanlı əhalinin soyqırımının və azərbaycanlıların Ermənistandan deportasiyasının əsas səbəbi ermənilərin puç olan “böyük Ermənistan” xülyası olub. Məhz daşnakların hakimiyyətdə olduğu 30 aylıq dövrdə Ermənistanın türk-azərbaycanlı əhalisinin sayı 77% azalıb”.
Diqqətə çatdırılır ki, Sovet hakimiyyəti dövründə də azərbaycanlıların Ermənistandan köçürülməsinin ardı kəsilməyib, əksinə davam edib:
“Ermənistandan 100 min nəfərlik azərbaycanlı əhali 1948-1950-ci illər ərzində köçürülüb. Zaman-zaman bu hadisələrin üstü ört-basdır edilsə də, nəhayət Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 1997-ci il dekabrın 18-də imzalanmış Fərmanla 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan deportasiyasına ilk dəfə hüquqi-siyasi qiymət verilib”.
Süjetdə qeyd olunur ki, azərbaycanlıların Ermənistandan deportasiyasının ən dəhşətli mərhələsi 1988-ci ilə təsadüf edib. Bu deportasiyada 220 mindən çox azərbaycanlı doğma yurd-yuvalarını məcburən tərk edib. Qərbi Azərbaycan ərazisində 261 azərbaycanlı kənd və qəsəbə boşaldılıb ki, onlardan 172-si sırf azərbaycanlılar yaşayan kənd və qəsəbələr olub.
Sonda diqqətə çatdırılır ki, 1918-ci ildən 1988-ci ilədək qaçqın fenomeni Azərbaycanın siyasi və sosial həyatının qarşısıalınmaz amilinə çevrilib:
“Bu proseslər zamanı ermənilər Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların 100-lərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaxın evi dağıdıb, yandırıb, qoca, uşaq və qadınların da daxil olduğu 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən çox azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınıb və qaçqın ordusuna çevrilib”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:
www.102info.az