Yanğın elektrik xəttindən baş verəndə vətəndaş hansı halda məsuliyyət daşıyır? – AÇIQLAMA + FOTO

Cəmiyyət


Ölkədə qeydə alınan yanğınların ilkin istintaqı zamanı bir çox hallarda hadisənin elektrik xətlərindəki qısaqapanma və ya nasazlıq səbəbindən baş verdiyi bildirilir. Oxşar açıqlamalar yaşayış binaları, fərdi evlər və ya sahibkarlıq obyektlərinə də şamil edilir. İri ticarət mərkəzlərində tez-tez rast gəlinən yanğınlar zamanı sahibkarlara bəzən yüzminlərlə və ya milyonlarla manat həcmində ziyan dəyir. 

Bəs bu yanğınların qarşısını almaq, yanğın təhlükəsizliyini qorumaq üçün hansı addımlar atılmalıdır? Burada müvafiq dövlət qurumlarının, vətəndaşın və sahibkarın üzərinə hansı öhdəliklər düşür?

Bu mövzunun müzakirəsi zamanı ortaya çıxan məsələlərdən biri də səlahiyyət və məsuliyyət hissələrinin aydın formada bölüşdürülməsidir. Dövlət qurumu və istehlakçının elektrik xəttinin hansı hissələrinə görə öhdəliyi var?

“Qafqazinfo” məsələ ilə bağlı müvafiq dövlət qurumlarına müraciət edib. Ədliyyə Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, qeyd edilən məsələ haqda qanunvericilikdə aydın formada tələblər müəyyənləşdirilib: 

“Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın “5. Elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədləri” başlığının tələblərinə görə, enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə cavabdehlik sərhədi bu qurğuların balans mənsubiyyəti ilə müəyyənləşdirilir. Elektrik enerjisinin alqı-satqı müqaviləsinə əlavə edilən elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktında qeyd olunur.

Yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerjitəchizatı müəssisəsinin üzərinə düşür”.

Bəs enerji təchizatını həyata keçirən qurum ilə istehlakçı arasında tərəflərin istismar məsuliyyəti aktı bağlanmadığı hallarla bağlı qanun hansı qaydaları müəyyənləşdirib?

Ədliyyə Nazirliyindən bu məsələ ilə əlaqədar qeyd edilib ki, enerjitəchizatı müəssisəsi ilə abonent arasında balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyət aktı olmadığı halda, abonentin (vətəndaşın) daşınmaz əmlakına quraşdırılmış elektrik hesablama sayğacına kimi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə enerjitəchizatı müəssisəsi məsuliyyət daşıyır.

Məsələyə aydınlıq gətirilməsi üçün Energetika Nazirliyinə də sorğu ünvanladıq. Energetika Nazirliyindən verilən hüquqi şərhdə qeyd edilib ki, qanunvericiliyin tələblərinə görə, enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır: “Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə cavabdehlik sərhədi bu qurğuların balans mənsubiyyəti ilə müəyyənləşdirilir və elektrik enerjiisinin alqı-satqı müqaviləsinə əlavə edilən elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktında qeyd olunur.

Qaydaların 5.3.1-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi hava budaqlanmasında, binada, yaşayış evində və ya dayaqda bərkidilmiş birinci izolyatordan müəyyən edilir. 

Belə ki, qidalandırıcı xətt hava elektrik veriliş xətti olduqda, binada, yaşayış evində və ya dayaqda bərkidilmiş birinci izolyatordan abonentin əmlakına quraşdırılmış hesablaşma elektrik sayğacına qədər olan hissədəki elektrik qurğularına abonent tərəfindən texniki xidmət göstərilməlidir.

Qaydaların 5.3.2-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi kabellə daxil olduqda isə binanın, yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında müəyyən edilir. 

Qidalandırıcı xətt kabellə daxil olduqda binanın, yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin ucları dedikdə hesablaşma elektrik sayğacından çıxan kabelin ucları başa düşülür. Odur ki, abonentin əmlakına quraşdırılmış hesablaşma elektrik sayğacına qədər olan hissədəki elektrik qurğularına enerjitəchizatı müəssisəsi tərəfindən texniki xidmət göstərilməlidir”.

Qeyd edək ki, yanğınlar baş verdikdən sonra məsuliyyətin müəyyən edilməsi və dəymiş zərərin ödənilməsi ilə bağlı proseslər bəzən məhkəmə çəkişmələri ilə yekunlaşır. Hazırda sahibkarlıq obyektləri və ticarət mərkəzlərində baş verən işlərin bir çox ibtidai və məhkəmə istintaqında araşdırılır. Bunlardan biri də Balakən rayonunda ticarət mərkəzində baş verən yanğınla bağlıdır. İş üzrə Bakı Kommersiya Məhkəməsi sahibkarın xeyrinə qərar çıxarsa da, apellyasiya instansiyasında məhkəmə belə qənaətə gəlib ki, vətəndaş ticarət mərkəzindən öncəki elektrik xətlərinə görə də məsuliyyət daşıyır və buna əsasən qərarı ləğv edib. Ticarət mərkəzinin sahibi Həcər Dibirovanın apellyasiya qərarından verdiyi kassasiya şikayətinə Ali Məhkəmənin hakimi Bəhram Məmmədlinin sədrliyi ilə baxılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir