Bölgələrimizi kimlər və niyə zibilləyirlər? – Ekspert problemin həll yollarını AÇIQLADI + FOTO

Cəmiyyət


Azərbaycanın bir çox bölgələrində, xüsusilə kəndlərdə tullantıların idarə olunması ciddi problem olaraq qalır. Məskunlaşmanın sıx olmadığı ərazilərdə, turistik zonalarda, ucqar kəndlərdə tullantılar üçün yer ayrılmayıb, ya da insanlar ayrılan yerlərdən xəbərsizdirlər, onları istiqamətləndirən hər hansı məlumat, işarə, bildiriş yoxdur. Mövcud durum isə xüsusilə plastik tullantılarla əlaqədar ciddi problemlərə, ətraf mühitin çirklənməsi ilə bərabər təbiətin, canlıların zərər görməsinə, hətta bəzi hallarda insanların səhhətində fəsadlara səbəb olur.

Maraqlıdır, bölgələrimizdə tullantıların idarə edilməsi üçün necə mexanizm qurulmalıdır? Əraziləri necə təmiz saxlamaq mümkündür?

Bununla əlaqədar Oxu.Az-a danışan iqtisadçı Emin Qəribli bildirib ki, bölgələrdə sakinlər zibil konteynerləri tapa bilmədiklərinə görə, məcburiyyətdən tullantıları çay qırağına, ağacların dibinə, boş ərazilərə, arxlara, yol kənarlarına atırlar. Onun fikrincə, zibillərin yığılması çay yatağının daralmasına gətirib çıxarır, həm də ciddi fəsadlara səbəb olur:

“Paytaxt Bakıda artıq bu problem həll olunub, müvafiq zavod tikilib, tullantıların idarə olunması və təkrar emalı yüksək standartlarla həyata keçirilir.

Rayonlarda, kəndlərdə tullantıların idarə olunmasına müvafiq icra hakimiyyətləri və bələdiyyələr təşəbbüskar olmalıdırlar. Ənənəvi şəkildə, həftədə bir dəfə ərazilərin tullantılardan təmizlənməsini həyata keçirə bilərlər. Daha böyük layihələrin həyata keçirilməsi üçün isə daha çox maliyyə ayrılması vacibdir. Düşünürəm ki, beynəlxalq təcrübəni əsas götürərək, bu problemi həll etmək mümkündür.

Bakıda əksər marketlərdə plastik qabları qəbul edən aparatlar quraşdırılıb. Amma hiss edilən odur ki, paytaxt sakinləri buna o qədər də maraqla yanaşmırlar. Həmin aparatlardakı ödənişin məbləğini nisbətən yüksəltməklə rayonlarda, kəndlərdə də quraşdırmaq olar. Bu zaman insanlar tullantıları məhz təkrar emal üçün həmin aparatlara gətirməkdə daha maraqlı olarlar”.

İqtisadçı diqqətə çatdırıb ki, bəzi hallarda insanlar ətrafı maşınla zibilləyirlər. Yəni, tullantıların qadağan edilən yerlərə atılması heç də həmişə insanların uzağa gedə bilməməsindən qaynaqlanmır:

“Zibili uzun müddət toplayıb, sonra maşınla gətirib çay kənarına, kanallara, boş ərazilərə atırlar. Bu cür əməllərə qarşı cərimələr artırılmalıdır.

Kəndlərdə, turistik bölgələrdə çirklənməni isə daha çox oranı ziyarət edən turistlər həyata keçirirlər. Məsələn, hansısa istirahət zonasında insanların sıx ziyarət etdiyi mövsümlərdə tullantılar çox olur. Bəzən zibilləri daşımaq əvəzinə yandırırlar. Bu isə ciddi problemlərə, havanın çirklənməsinə, bəzən yanğınlara səbəb olur.

Könüllü şəkildə zibilləri yığan, sosial layihə kimi bunu həyata keçirən insanlar olurlar. Xarici ölkələrdə çox tez-tez görürük ki, hansısa milyarder, sahibkar, ziyalı əlinə əlcək taxıb, zibil toplama kampaniyalarına qoşulur. Media bunu işıqlandırır, sadə insanlara nümunə olması üçün təbliğ edirlər. Bizdə də belə könüllü layihələri artırmaq mümkündür. Ekoloqlar, ictimai təşkilatlar, aidiyyəti qurumlar, qeyri-hökumət nümayəndələri var, qrant qarşılığında müxtəlif layihələr həyata keçirirlər. Mənə elə gəlir ki, bu kimi məsələlər elə ən vacib problemlərdir. Tullantıların idarə olunması hazırkı dövrdə alternativ enerji qədər əhəmiyyətli, ciddi yanaşılmalı məqamdır.

Hər il rayonlara gedəndə görürük ki, tullantılar əvvəlki dövrlərdən də çoxdur. Sanki get-gedə bölgələrimizin zibillənməsi çoxalır. Bunun fəsadları kifayət qədərdir, hamımız bilirik. Yenə deyirəm, tullantıların idarə olunmasını düzgün həyata keçirə bilsək, emalı prosesini genişləndirsək, bu, iqtisadi baxımdan səmərəli məqama çevrilər”.

Aysel Aslan

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir