Metroda qışqırdı, ictimai yerdə narahatlıq yaratdı: Bu gəncə dur deyən olacaqmı? – VİDEO

Cəmiyyət


Son günlər bir gəncin sosial şəbəkələrdə paylaşılan qeyri-etik davranışları müzakirələrə səbəb olub. Belə ki, videolarda oğlanın şəhərdə insanlara yaxınlaşaraq bir növ “funny prank” kontenti hazırlamaq “cəhdi” əks olunub. Lakin xarici ölkələrdə sosial platformalarda paylaşılan bu tip videolardan fərqli olaraq, Bakıdakı gəncin davranışı heç də xoş qarşılanmayıb.

Onun videoları sosial şəbəkə istifadəçiləri tərəfindən sərt tənqid edilir, hətta təhqiramiz rəylər də yazılır. Videolardan birində gəncin metro qatarında qəfil ayağa qalxaraq ucadan qışqırdığı əks olunub. Bu, qatardakı digər sərnişinlərin narahatlığına səbəb olub.

İctimai yerlərdə etik davranış qaydalarına riayət etməyərək, ətrafdakılara hörmətsizlik göstərən gənclə bağlı isə heç bir tədbir görülməyib.

İnsanlar bu şəxsin öz yaşıdlarına pis örnək olduğunu qeyd edirlər. Bununla yanaşı, bildirirlər ki, onun ailə üzvləri, ya da aidiyyəti qurumlar profilaktik söhbət apararaq ona səhvini izah etməlidirlər.

Barəsində müvafiq qurumlara heç bir şikayət olmadığı üçün həmin şəxs ictimai yerlərdə bu kimi davranışlarını davam etdirir. Bəs qanun nə deyir? Şikayət yoxdursa, bu və bənzər davranışlara yol verən şəxs və ya şəxslər barəsində heç bir tədbir görülməməlidir?

Məsələnin hüquqi tərəfini Oxu.Az-a açıqlamasında vəkil Turan Abdullazadə şərh edib. O bildirib ki, paylaşılan video və fotoşəkillərdə inzibati xətanın və cinayət əməlinin tərkibinin əlamətləri müşahidə olunur:

“Belə ki, şəxsin ictimai asayişi pozaraq metroda heç bir səbəb olmadan qışqırması xırda xuliqanlıq, başqa şəxsin şəklini paylaşaraq üstündə təhqiramiz ifadə yazması isə şəxsi həyatın toxunulmazlığını pozma kimi şərh oluna bilər. İnzibati Xətalar Məcəlləsinin (İXM) 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə – əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir. İşin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 156.1-ci maddəsinə əsasən, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və fotoçəkiliş materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi, qanunsuz toplanılması – min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Bununla bağlı müraciət və şikayətlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır”.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir