“Məktəbdə” 20-ci buraxılışında daha çox təhsilin insanların həyatındakı roluna, mütaliənin əhəmiyyətinə, kitabın dünyanı dəyişdirmək gücünə yer verdi. Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə “Kaspi” qəzetinin 214 saylı tam orta məktəbdə baş tutan görüşünün növbəti qonağı – tanınmış naşir, yazıçı və tərcüməçi Şahbaz Xuduoğlu məktəbdəki görüşünü daha çox canlı diskussiya üzərində qurdu.
“Kaspi” qəzetinin tanınmış naşir, yazıçı və tərcüməçi Şahbaz Xuduoğlu ilə müsahibəsini təqdim edirik:
Ağlınıza və intuisiyanıza güvənin
“Məktəbi qurtarandan sonra kim olmaq istəyirsiniz?” – deyə görüşün əvvəlində zala ünvanlandığı suala şagirdlər arasından ”tərcüməçi”, “proqramçı”, “həkim”, “kosmetoloq” və s. peşələrin adları eşidildi.
Ş.Xuduoğlu “Dünyada yaşayan insanların çoxu, hətta bu rəqəmi 80 faiz deyirlər, nə istədiklərini bilmir. Amma insanlar nə istədiklərini biləndə çox şeyə nail olurlar”, – deyə məktəblilərə tövsiyələrini söylədi: “Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer vaxtilə baş nazirin oturduğu binanı göstərərək “mən bu binada baş nazir kimi oturacağam” demişdi. O, iki dəfə Birləşmiş Krallığın baş naziri oldu. Siz də həmişə ağlınıza və intuisiyanıza güvənin. Əvvəllər həkimlərin çoxunun tibbi təhsilləri yox idi, onlar əməliyyatları intuisiyalarının gücü ilə edirdilər. Siz də özünüzə güvənin. İnsanı irəli aparan öz hünəridir. Biz heç birimiz yalnız öz həyatımızı yaşamırıq. Bunun fəlsəfi mənası yoxdur, birbaşa mənası var. İnsan var ki, axşam yatır, səhər duranda görür ki, bir gözü görmür və ya hansısa bir orqanı şikəstdir. Biz səhər yuxudan duranda “Şükür, nə yaxşı ki sağlamıq” deməliyik. Çünki bu sağlamlığa ehtiyacı olan minlərlə insan var”.
Niyə kitab oxuyuruq?
Mütaliə etməyin əhəmiyyətindən danışan qonaq “Sizcə biz niyə kitab oxuyuruq?” – deyə məktəblilərə sual ünvanladı. Uşaqlar “dünyagörüşümüzü artırmaq üçün”, “dünyadan ibrət götürmək üçün”, “maariflənməkdən ötrü” – deyə müxtəlif cavablar verdilər. Qonaq “böyük, qalın kitabları oxumaqdan çəkinməyin. Ola bilər ki, əvvəlcə sizə maraqsız görünsün, amma sonrakı səhifələrdə mahiyyəti anlayacaqsınız. Kitablar fikrinizi formalaşdıracaq, sizə mədəni qida verəcək. Kitab insanı daha böyük edir. Dünya kitab çapından sonra dəyişib, inkişaf edib” dedi. Naşir məktəblilərə məsləhət gördü ki, “Hər şey səninlə başlar”, “O qurbağanı ye”, Harri Potter haqqında kitabları oxusunlar: “Bu əsərləri oxuyun və dünya dilində danışmağı bacarın. Ünsiyyətcil olun, qərar qəbul edəndə cəsarətli görünün, insanlara yardım edin, özünüzü sevin”. Qonaq şagirdlərə muzeylərə getməyi məsləhət gördü: “O adamları başa düşə bilmirəm ki, yaşadıqları yerin mədəni mühitinə qarışmırlar. Şəhərdə keçirilən mədəni tədbirlərdə iştirak etmirlər. Praqada Kafkanın muzeyi şəhərin köhnə tarixidir. Kafkanın muzeyinə baxarkən o dövrün mədəni mühitinə düşürsən. İstanbula yolunuz düşəndə Orhan Pamukun “Məsumiyyət muzeyi” əsəri üzərində yaranan “Məsumiyyət muzeyi”nə gedin. Bu muzey o vaxtı, əsərdə təsvir olunan hadisələri əks etdirmək baxımından çox gözəldir. Çox istərdim ki, bizdə də Mikayıl Müşfiqin belə bir muzeyi olsun. Mən Üzeyir Hacıbəyovun ev muzeyinə gedirəm, amma orada baxmağa normal bir eksponat tapa bilmirəm. Cəfər Cabbarlının ev muzeyi də o vəziyyətdədir”.
“Düşünürdüm ki, bu, valideynlərim tərəfindən atılan səhv addım idi”
“Uşaqlığınız necə keçib?” – deyə şagirdlərdən birinin sualına cavab olaraq naşir öz həyat yolunu vərəqlədi: “Mən Yardımlının Hamarkənd kəndində doğulmuşam. 9 yaşında Bakıya gəlmişəm. Bakıda internat məktəbində oxumuşam. Düşünürdüm ki, bu, valideynlərim tərəfindən atılan ən səhv addım idi. “Bu yaşda mütləq onların yanında olmalıyam” düşünürdüm. Amma sonradan dərk etdim ki, onlar düz edib. Mən internatda oxuyub təhsil almışam, kollektivdə yaşamağı oyrənmişəm, əsgər getmişəm. Orada bütün uşaqların çətinlikləri vardı. Səhər 6-da yuxudan oyadır, həyətdə qaçırırdılar. O çətinliklər mənə çox şeyi öyrətdi. İndi mən hər gün səhər 4-də yuxudan durub bəzi qeydlərimi edirəm. Saat 5-6 arası kitab oxuyuram. 6-dan 7-ə kimi parkda qaçıram. Parkda yalnız yaşlı adamları görürəm, gəncləri yox. Amma siz indidən idmanla, gəzinti ilə bədəninizi formalşadırmalısınız. İndi sizin keçid yaşınızdır.
Siz hamınız hansı qərarları verəcəyinizi düşünür, tərəddüdlər edir, kimlərisə – bəzən valideyninizi, bəzən doğulduğunuz ölkəni qınayırsınız. Amma heç kəsi qınamaq lazım deyil. Əgər siz bu gün məktəbdəsinizsə, bundan maksimum faydalanmaq lazımdır. Sizin bundan sonra gələn həyatınızda buradakı oxumaq imkanını heç kim verməyəcək. İnsan gərək hər işə yaradıcı yanaşsın. Bəzən gənclər deyirlər ki, bütün yerlər tutulub. Yalandır, sizin yeriniz boşdur. Sizin görəcəyiniz işlər çoxdur. Əgər həyatda bir məqsədinizə çatmaq istəyirsinizsə, ona mane olan şeyləri görməyin, istəyinizə doğru gedin. İnsan harada olduğunu mütləq bilməlidir. Əgər olduğun yerdə deyilsənsə, heç bir uğur qazana bilməyəcəksən. O insanlar uğurludurlar ki, onlar hədəflərinə fokuslana bilirlər. İnsan bildiklərini gərək həyatına tətbiq etsin. Müasir dünyada insan hər şeyi danışıqla qazanır. Hündürdən və aydın danışmağa, fikrinizi aydın ifadə etməyə çalışın. Elə şeylər var ki, onu sizə heç kəs verməyəcək, onu özünüz əldə etməyə çalışın”.
İnsanlarla kitablar arasındakı uçurum
Şagirdlərdən biri “Ana dilimizdə oxumaq üçün hansı kitabı məsləhət görərsiniz?” – deyə sual ünvanladı. Cavab isə belə oldu: “Bill Qeyts dünyanın ən zəngin adamlarından biridir. O, hər ilin bir ayını mütaliəyə həsr edir. Bizdə isə insanlarla kitablar arasında bir uçurum var. Mən onlara “kitab oxuyun” deyəndə, elə bilirlər ki öz nəşrlərimi satmaqdan ötrü deyirəm. Kitab satmaq mədəniyyəti aşılamaqdır. Siz kitab oxusanız öz biznesinizi daha yaxşı qura bilərsiniz. Mütaliə edib daha çox biliklər qazanarsınız”.
Uzun qış gecələrinin xatirəsi…
“Siz özünüz hansı kitabları oxumusunuz?” – deyə şagirdlərdən biri soruşdu: “Bizim kənddəki evimizdə taxtadan düzəldilmiş bir kitab rəfi vardı. Orada çoxlu kitab var idi. Bacılarım yaxşı qiraətçi idilər. Onlar uzun qış gecələrində “Koroğlu”, “Dədə Qorqud” dastanlarını və başqa əsərləri bərkdən oxuyurdular, biz də qulaq asırdıq. Mən kitab mühitində böyümüşəm”.
“Gördüyünüz hər bir işin arxasında mütləq bir missiya olmalıdır”
“Həyatda bizim əsas missiyamız nə olmalıdır?” – deyə soruşan şagirdə Ş.Xuduoğlu “Gördüyünüz hər bir işin arxasında mütləq bir missiya olmalıdır” cavabını verdi: “Mən ona görə həkim olacağam ki, atamın gözləri görmürdü. Mən insanlara kömək etmək istəyirəm”, “Ona görə yaxşı futbolçu olacağam ki, Messidən yaxşı oynayım” və s. deyə biləsiniz. Hazırda ən böyük missiyanız dərslərinizi yaxşı oxumaq, mütaliə etmək, biliklərə yiyələnmək, dünyada baş verən yenilikləri araşdırmaqdır. Mütləq gördüyünüz işin arxasında missiya olsun. Biz niyə 44 günlük müharibədə qalib gəldik? Çünki bütün cəmiyyət eyni istiqamətə fokuslanmışdı”.
www.102info.az