Xaçmazda Qudyalçay üzərindəki dağılmış körpünün yerində yenisinin inşası sürətlə davam edir.
AZƏRTAC xəbər verir ki, körpü tikilənədək vətəndaşların rahat hərəkətini təmin etmək üçün ərazidə yeni alternativ yol çəkilir. Müvəqqəti yol köhnə körpüdən təxminən 50 metr qərb istiqamətdə inşa olunur.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Bəxtiyar Osmanov bildirib ki, alternativ yolun tikintisi iki gün ərzində başa çatdırılacaq.
“Əraziyə baxış keçirilərək, alternativ yol üçün ən uyğun yer seçilib. Üç gündür işlərə başlamışıq. Çayın məcrasını dəyişib, suyu suötürücülərdən keçirəcəyik. Suötürücülərin üzərindən keçəcək yeni yol iki gün ərzində hazır olacaq. Çayda suyun səviyyəsinin çoxalması prosesi bir az gecikdirib. Xaçmazdan Xudat, Nabran, Yalama istiqamətinə və əksinə hərəkət edən avtomobillər müvəqqəti bu yoldan istifadə edəcəklər”, – deyə Bəxtiyar Osmanov bildirib.
Qudyalçay üzərində tikilən yeni körpünün kənar dayaqlarının inşası isə başa çatdırılıb. Hazırda körpünün çay məcrasında yerləşən dayaqları inşa olunur.
“İkiaşırımlı yeni körpünün uzunluğu 66, eni isə 15 metr olacaq. Körpüdə piyadalar üçün hərəkət zolağı nəzərdə tutulub. Çay məcrasının ensiz olması işimizi çətinləşdirirdi. Mərkəzi dayaqların bünövrəsini betonlayırıq. İşlər qrafik üzrə davam edir. Hava şəraiti uyğun olsa, noyabrın sonunda körpünün tikintisi başa çatdırılacaq”, – iş icraçısı Musayəddin Qurbanov söyləyib.
Hazırda sakinlər rayonun Qımılqışlaq kəndindən keçən alternativ yoldan istifadə edirlər. Həmin yolda hərəkətlə əlaqədar əlavə təhlükəsizlik tədbirləri görülüb. Alternativ yolun Xaçmaz və Xudat istiqamətdən girişinə məlumatlandırıcı yol nişanları qoyulub.
www.102info.az