“Mərkəzi Bankın rəhbəri bankların nazı ilə çox oynamaq fikrində deyil” – ŞƏRH + FOTO

Cəmiyyət


Bu gün “Muğan Bank” ASC ləğv edilib. Səbəb olaraq məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğu bildirilir. Yəni məcmu kapitalının adekvatlıq əmsalının üç faizdən az olması, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyi, daxili idarəetmə və nəzarət prosedurlarının adekvat olmadığı bankın bağlanmasına səbəb olaraq göstərilib.

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı-ekspert Xalid Kərimlinin sözlərinə görə, “Muğan Bank”ın 2022-ci il audit hesabatı tam şərtli verilmişdi, hesabda problem var idi:

“Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında “Muğan Bank”ın lisenziyasının ləğv edilməsinin şərtləri izah olunub. Nəzarətçi orqan olduğu üçün mütəmadi yoxlamalar keçirdiyinə görə səbəblərini Mərkəzi Bankdan yaxşı bilən yoxdur. Mərkəzi Bank cəmiyyətə təqdim etməli olduğu hissəni elan edib.

“Muğan Bank”ın 2022-ci il maliyyə hesabatına diqqət etsək, görərik ki, audit hesabatı tam şərtli verilmişdi. Yəni audit hesabatında problem var idi. Maliyyə hesabatına tam təminat vermirdilər”.

Ekspert qeyd edib ki, AMB vəziyyəti sağlamlaşdırmaqdansa, ləğv etməyə üstünlük verdi:

“AMB ləğv olunmanı müəyyən qədər izah edib. Daxili nəzarətə, hesabat qaydalarına riayət olunmamasını, kapital yetərsizliyini bu qərar üçün əsas hesab edib. Mərkəzi Bankın dediyi məsələlər doğrudur. Hesabatlara baxanda bu aydın şəkildə görünür.

Lakin bir nüans var – AMB bunu sağlamlaşdırmaqdansa ləğv etməyi seçdi. Bu da müəyyən fikir formalaşdırır.

Mərkəzi Bank əvvəl daha çox bankları sağlamlaşdırmağa cəhdlər edir, səhmdarların işlərini tənzimləyir və əlavə vəsaitlər tələb edirdi. Lakin indi AMB-nin rəhbəri bankların nazı ilə çox oynamaq fikrində deyil. Xüsusən də indiki məqamda bank sektorunun daha da sağlamlaşdırılması istiqamətində addımlar atmamaqda qərarlıdır”.

X.Kərimli “Muğan Bank” ASC-nin ləğvinin bank sektoru üçün ciddi təhlükə yaratmadığını söyləyib:

“Bəyanatdan görünür ki, “Muğan Bank”ın ləğvi sektor üçün ciddi təhlükə yaratmır. Sistem əhəmiyyətli bank deyil. Əmanətçilərin depozitlərinin 99,9 faiz sığortalanıb. Əmanətçilər ciddi əziyyət çəkməyəcəklər.  Sığorta Fondu vəsaitlərini ödəyəcək. Lakin nəzərə alaq ki, təkcə sığortalanmış öhdəlik yox idi. Bank müştərilərinin öz cari hesablarında olan, sığortalanmamış vəsaitləri var idi.

Onlar üçün pullarını geri götürmək çətin olacaq. “Banklar haqqında” Qanunda müflisləşmə qaydaları təsbit olunub. İlk olaraq inzibatçı, Əmanətlərin Sığortalanması Fondu vətəndaşlara ödəyəcəyi vəsaitləri geri qaytarmalıdır. Bu o deməkdir ki, ödənmiş depozitlərə görə yönələcək”.

“Günay Bank”dan sonra “Muğan Bank”ın bağlanması insanlarda inamı itirəcək. Çünki hər an problem yaranacağından ehtiyat edəcəklər. Şirkətlər kiçik və etibarsız hesab edəcəkləri banklarla əməkdaşlıq etməyəcəklər. Bu isə bank sektorunda təmərküzləşməyə gətirib çıxaracaq.

Azərbaycan Mərkəzi Bankı kiçik banklara qarşı sərt addımlar atır. Və bu işində də qərarlıdır. Güman etmək olar ki, müştərilərin böyük banklara müraciəti artacaq. Düşünəcəklər ki, böyük banklara Mərkəzi Bank heç nə etməyəcək, lakin kiçiklərdə problem olan kimi bağlayacaq. Bu da kəskin şəkildə təmərküzləşməyə səbəb olacaq”.

Xatırladaq ki, bir neçə ay öncə “Günay Bank” da eyni səbəbdən bağlanmışdı.

Nəzrin Vahid

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir