Hacıqabul rayonunun yeddi kəndində mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılır – FOTO

Cəmiyyət


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Prezident İlham Əliyevin təsdiqlədiyi “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Hacıqabul rayonunun yeddi kəndində mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradır.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.

Məlumata görə, rayonun kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması və su itkilərinin aradan qaldırılması məqsədilə icra olunan layihənin I mərhələsi üzrə işlər yekunlaşıb. Layihə rayonun 1-ci Paşalı, 2-ci Paşalı, Şorbaçı, Tağılı, Cəngən, Tava və Qubalı kəndlərini əhatə edir. Bu kəndlərin içməli suya olan tələbatının ödənilməsi məqsədilə 2017-ci ildə layihələr icra olunub. Həmin dövrdə Oğuz-Qəbələ-Bakı magistral su kəmərindən kəndlərə birləşmə verilib, 18 km uzunluğunda paylayıcı su xətləri çəkilərək əhalinin ümumi istifadəsi üçün 35 ədəd bulaq quraşdırılıb.

Ötən müddətdə bəzi sakinlər tərəfindən qanunsuz qoşulmalar edildiyindən əhalinin bir hissəsinin su təminatında ciddi çətinliklər yaranırdı. Bulaqlara edilən qanunsuz müdaxilələr eyni zamanda ciddi su itkilərinə səbəb olurdu. Kəndlərin bulaqla əhatə olunmayan ərazilərində yaşayan sakinlər isə Pirsaat çayının suyundan istifadə edir, çayda su azalanda isə uzaq məsafədən maşınlarla su gətirirdilər.

Daxili imkanlar hesabına icra olunan layihə çərçivəsində Oğuz-Qəbələ-Bakı magistral su xəttinin 163-cü kilometrliyindən kəndlərə yeni birləşmə verilib, 2,4 km magistral və 11 km paylayıcı su xətləri çəkilib. Yeni yaradılmış şəbəkələrdən 245 ünvana ev birləşməsi verilib və sayğaclar quraşdırılıb.

Kəndlərdə mərkəzləşdirilmiş su şəbəkəsi istismara verildikdən sonra ümumi istifadə üçün bulaqlar ləğv edilib. Yeni şəbəkələrin yaradılması kənd sakinlərinin dayanıqlı içməli su ilə təmin olunmasına imkan verəcək və su itkilərinin qarşısını alacaq. Eyni zamanda, fərdi yaşayış evlərinə sayğacların quraşdırılması dəqiq uçotun qurulmasını təmin edəcək. Hacıqabul rayonunun yeddi kəndində icra olunan içməli su layihəsindən ümumilikdə 7 500-ə qədər sakin faydalanacaq.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir