Bakının Səbail rayonunda tarixi memarlıq abidəsi kimi qeydiyyatda olan doğum evinə qanunsuz müdaxilə olunub.
Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Bildirilib ki, “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin tabeliyində olan Şamama Ələsgərova adına 5 nömrəli Kliniki Doğum Evinin damına və mərtəbələrinə qanunsuz müdaxilə edilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Səbail rayonu, Bayıl qəsəbəsi, Neftçi Qurban küçəsi, 93 ünvanında yerləşən 1930-cu ilə aid, inventar nömrəsi 3311 olan yerli əhəmiyyətli memarlıq abidəsinə baxış keçirilib:
“Şamama Ələsgərova adına 5 nömrəli Kliniki Doğum Evi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) balansındadır. TƏBİB-in sifarişi ilə binada əsaslı təmir və yenidənqurma işləri həyata keçirilir. Binaya baxış zamanı müvafiq xəbərdarlıq edilib, binanın dam və mərtəbələrində aparılan yenidənqurma işləri dayandırılıb”.
Qeyd edək ki, bina II Dünya müharibəsinə qədər şəhər mətbəxi kimi istifadə edilib. II Dünya müharibəsi dövründə bina təxliyə hospitalı kimi istifadə olunmağa başlayıb. 1946-cı ildən Azərbaycan SSR Səhiyyə Nazirliyinin tabeliyinə verilərək Nadejda Krupskaya adına 5 saylı Doğum Evi kimi tanınıb.
Müstəqillik illərində Nadejda Krupskaya adına 5 saylı Doğum Evinin adı dəyişdirilərək Ş.Ələsgərova adına 5 saylı Doğum Evi olub.
İlhamə Əbülfət
www.102info.az