Həkim: “Payız mövsümündə bəzi xəstəliklərdən əziyyət çəkənlər tədbirli olmalıdırlar”

Cəmiyyət


“Xüsusən payız mövsümündə qan təzyiqi, bronxial astma, şəkərli diabet kimi xəstəliklərdən əziyyət çəkən şəxslər tədbirli olmalıdırlar”.

Bunu TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 7 nömrəli Şəhər Poliklinikasının həkim-terapevti Güney Nuruyeva açıqlamasında deyib.

Onun sözlərinə görə, bəzən müəyyən xəstəliklərin ağırlaşması fəsil dəyişmələri zamanı daha çox müşahidə edilir:

“Havanın dəyişkən keçdiyi günlərdə insanlarda immunitetin zəifləməsi müşahidə olunur. Bununla əlaqədar olaraq mövsümi və digər respirator xəstəliklər yaranır. Xüsusən payız mövsümündə qan təzyiqi, bronxial astma, şəkərli diabet kimi xəstəliklərdən əziyyət çəkən şəxslər lazımi tədbiri mütləq etməlidirlər ki, mövsümi xəstəliklər daha ağır keçməsin”.

Virus xəstəliklərinin daha çox fəsil dəyişkənliyi zamanı meydana çıxdığını vurğulayan G.Nuruyeva bildirib ki, temperaturun kəskin enməsi və eləcə də, insanların daha çox qapalı məkanlarda toplaşması mövsümi xəstəliklərin artmasına gətirib çıxarır:

“Qrip influenzasına hər il üç-beş milyon arasında insan yoluxur. Təbii ki, qrip digər orqanlara da fəsadsız ötüşmür. Ümumi olaraq deyə bilərəm ki, qrip viruslarına hər yaş kateqoriyasında olan şəxslər yoluxurlar. Qripə yoluxmuş şəxslərdə yanaşı xəstəliklər, immunitet zəifliyi, həmçinin, normadan artıq bədən çəkisi olsa, onlar qripi daha ağır formada keçirirlər”.

Həkim-terapevt G.Nuruyeva qripə və digər respirator xəstəliklərə yoluxmamaq üçün diqqət yetirməli olduğumuz məqamlara da aydınlıq gətirib:

“İlk növbədə şəxsi gigiyenaya və təmizliyə riayət etmək lazımdır. Əllər mütləq şəkildə təxminən 20 saniyə sabunla yuyulmalı, maska və bu kimi tibbi-qoruyucu vasitələrdən istifadə edilməli, xəstəlik şübhəsi olan insanlardan mütləq uzaq durulmalıdır. İmmunitetin möhkəmləndirilməsi məqsədilə mövsümi meyvə-tərəvəzlərdən istifadə etmək, eyni zamanda, maye qəbulunu artırmaq, vitaminlərlə zəngin olan qidalara üstünlük vermək, həmçinin, gündəlik hava şəraitinə uyğun olaraq geyim seçmək lazımdır”.

O vurğulayıb ki, çox zaman insanlar soyuqdəymə və qripi eyniləşdirirlər, amma bu iki anlayış arasında fərqlər var:

“Temperaturun kəskin aşağı düşdüyü günlərdə düzgün geyim seçilməməsi soyuqdəyməyə səbəb olur, lakin soyuqdəymə daha yüngül formada keçir. Amma qrip birbaşa olaraq viruslarla yayıldığından soyuqdəymədən ağır keçirilir. Bir məqamı da qeyd etmək lazımdır ki, qrip və digər respirator xəstəliklərin simptomları müşahidə edildiyi ilk anlarda ərazi üzrə ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə və həkim-mütəxəssislərə müraciət etmək lazımdır. Mütləq şəkildə evdə özbaşına müalicədən, ələlxüsus da həkim təyinatı olmadan dərman preparatlarından və antibiotiklərdən istifadədən uzaq durmaq lazımdır. Əks halda, bu, xeyirdən çox zərərə səbəb olur”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir