“Bu ilin payız əkin mövsümündə ölkənin meşə fondu torpaqlarının açıq sahələrində hər bölgənin iqlim şəraitinə uyğun ümumilikdə 1,5 milyondan artıq ağacın əkilməsi, 25 ton toxumun səpilməsi planlaşdırılır”.
“Report” xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov bildirib.
Onun sözlərinə görə, artıq torpaq hazırlığı işləri başa çatıb, ərazilər əkinə hazır vəziyyətə gətirilib.
Xidmət rəisi ölkənin meşə fondu torpaqlarında bölgələr üzrə əkin planını açıqlayıb:
“Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad və Yardımlı rayonlarının 294,8 hektar meşə fondu ərazisində 135 764 ağac, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şəki, Qax, Zaqatala, Balakən, Qəbələ, Oğuz Şamaxı, İsmayıllı, Ağsu, Qobustan rayonlarının 680 hektar meşə fondu torpağında 411 562 ağac, Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Goranboy rayonlarının 348,5 hektar meşə fondu ərazisində 257 644 ağac, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Biləsuvar, Neftçala, Salyan, Kürdəmir, Ağcabədi, Beyləqan, İmişli, Bərdə, Ağdam, Yevlax, Tərtər, Ağdaş, Zərdab, Ucar, Göyçay rayonlarının 473,12 hektar meşə fondu ərazisində 783 819 ağac əkiləcək”.
C.Qəribov deyib ki, əkiləcək ağac tingləri Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən palıd, fıstıq, vələs, ağcaqayın, qarağac, çinar, cökə, göyrüş və digər müxtəlif cinsli ağac tinglərindən ibarət olacaq.
www.102info.az