Qadının ağzına qaynar su tökərək işgəncə verən şəxs 100 minlik dələduzluq edibmiş – MƏHKƏMƏ İŞİ

Cəmiyyət


Bakıda qeyri-rəsmi yaşadığı qadına işgəncə verməkdə təqsirləndirilən Seymur Şahalıyevin cinayətinin bəzi detalları məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

Qeyd edilib ki, S.Şahalıyev aşkar surətdə hamilə vəziyyətində olan, habelə köməksiz vəziyyətdə olan şəxsə işgəncə verməkdə təqsirli bilinir. O, Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə qadına güclü fiziki ağrı və ya psixi iztirablar verib, hədənin icra ediləcəyi üçün real əsaslar yaradıb.

Bununla S.Şahalıyev qadını öldürməklə və sağlamlığa ağır zərər vurmaqla hədələyib, iki və ya daha çox şəxsə qarşı, təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı, zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə, adam oğurluğu ilə bağlı olmayan qaydada onu qanunsuz azadlıqdan məhrum edib.

Bundan başqa, S.Şahalıyev şəxsi həyatının sirri olan məlumatları, belə məlumatları əks etdirən video materialı başqasına verib. O, zor tətbiq etməklə Azərbaycanın qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olub, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq edib.

S.Şahalıyev təkrar, zor tətbiq etmə ilə, xeyli miqdarda əmlak əldə etmək məqsədilə zərərçəkmiş şəxsin və onun yaxın qohumunun şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini hədə-qorxu ilə tələb edib, pornoqrafik materialları yayıb.

Cinayət materiallarında qeyd olunub ki, S.Şahalıyev şəxsin ümumilikdə 93 606 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Məhkəmədə S.Şahalıyev ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyib. İttihama görə, S.Şahalıyev qeyri-rəsmi münasibətdə olduğu qadına xüsusi işgəncələr verib. O, qadına müxtəlif işgəncələr verəndən sonra ağzına qaynar su tökərək yandırıb. Bununla yanaşı, o, qadının oğlunu girov saxlamaqda təqsirləndirilir.

Təqsirləndirilən şəxs bununla yanaşı, qadının çılpaq videogörüntülərini çəkərək ərinə göndərəcəyi ilə hədələməklə ondan 50 min manat tələb edib. Qadın pulu verməkdən imtina etdiyi üçün o, həmin çəkilişin diskini qadının ərinə göndərib. Qadının şikayəti əsasında S.Şahalıyev saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 133.2.2 (əzab vermə, aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə), 133.2.4-cü (əzab vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə), 133.2.6-cı (əzab vermə, işgəncə verməklə törədildikdə), 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda), 144.2.1-ci (adam oğurluğu, iki və ya daha çox şəxs barəsində törədildikdə), 145.2.2-ci (qanunsuz azadlıqdan məhrum etmə, təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə), 145.2.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə), 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə), 156.1-ci (şəxsi həyatın toxunulmazlığını pozma, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması), 157.2-ci (zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mənzilə daxil olma), 178.2.2-ci (dələduzluq, təkrar dələduzluq), 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə), 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə), 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 242-ci maddələri üzrə cinayət işi başlanıb.

Məhkəmənin hökmü ilə Seymur Şahaliyev 15 il müddətinə azadlıqdan məhrum edilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir