Gəl indi bu pulla yaşa…

Cəmiyyət


Kubra Məhərrəmova yazır…

Deyirlər tələbə ac olmalıdır. Ac olmalıdır ki, yaxşı oxusun. 

Bilmirəm, bu nə qədər doğru yanaşmadır, amma düşünürəm ki, tələbə ac olmalı deyil. Tələbənin isti yeməyi, isti yatağı və isti geyimi olmalıdır. Nəzərə alsaq ki, tələbənin təhsil ilinin əksəriyyəti soyuq aylara düşür. 

Mənim tələbəlik illərim ölkənin kasıb vaxtına düşmüşdü. Aldığım əlaçı tələbə təqaüdünün də 3 “məmməd”ini halal malı kimi bizə əlbəəl pul verən kassir götürürdü. Ələ çatırdı bir “şivan”, 5 “məmməd”, yəni 15 000 manat. (köhnə pulla)

Gəl indi bu pulla yaşa. 

Qısa məlumat verim ki, o vaxt bir gediş 250 manat idi. Get-gəl olurdu 500 manat.  Bir bulka isə 500 manat idi. Yəni bu pulla nə ev tutmaq olardı, nə də bir aylıq qidalanmaq. 

Hərə bir cür başını dolandırırdı. Məsafə uzaq olmayanda isə bir çox hallarda ali məktəbə piyada gedib gələrdik.

Bu gün də vəziyyət ürəkaçan deyil. 

Təqaüdlərin məbləğləri 2023-cü il yanvarın 1-dən aşağıdakı kimi müəyyən edilib: 

1.2.2. bakalavriat səviyyəsi üzrə:

1. akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 175 manat;
2. akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 145 manat;
3. akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 100 manat.

Bəli, bu rəqəmlərlə də ev tutmaq və bir aylıq azuqə almaq mümkün deyil. Hələ bunun yol pulu, geyimi, ayaqqabısı, kitab-dəftəri və s. xərcləri var. 

Nəzərə alsaq ki, bizim ali məktəblərin verdiyi savad və bilik də beş qəpiyə dəymir, onda bir tələbə niyə ac qalaraq bu müsibətə dözməlidir ki? 

Niyə beş qəpiklik deyirəm, çünki dünya reytinqinə baxanda Azərbaycan universitetləri 1000-dən sonra yer alır. “QS World University Rankings” cədvəlinə baxsanız, özünüz görəkcəksiniz. 

Elə həmin reytinq cədvəlində də Qazax Milli Aqrar Tədqiqat Universiteti “KazNARU” 481-ci yerdə, Abay adına Qazax Milli Pedaqoji Universitetinin isə 511-ci yerdə qərarlaşdığını görəcəksiniz. 

Onu da qeyd edim ki, dünya reytinq siyahısı həm də müxtəlif kriteriyalarla müəyyən olunur. 

Məsələn, ən maraqlılarından biri işəgötürülmə nüfuzudur. 

Yəni ki, adamın əlində filan universitetin diplomu varsa, onun işə götürülmə şansı daha çoxdur. 

Ona görə də, daha bacarıqlı və istedadlı gənclər dünyanın top, heç olmasa Avropa və Asiyanın top universitetlərini bitirmək istəyirlər ki, 4 və ya 3 ildən sonra diplomları onlar üçün ən müxtəlif qapıları açsın. 

Daha bir haşiyə də çıxım ki, normal universitetlər üçün də bu prioritet məsələdir. Yəni, mənim məzunlarım hansı nüfuzlu şirkətlərdə çalışacaqlar? Universitetlər, ali təhsil ocaqları bunun üçün də əziyyət çəkirlər. Müasir tələblərə uyğun təhsil verməklə yanaşı, həm də beynəlxalq şirkətlərlə əməkdaşlıq edirlər ki, tələbələrini həmin şirkətlərə, müəssisələrə təcrübəyə göndərə bilsinlər. 

Və təcrübə dönəmində daha yaxşı nəticə göstərənlər elə həmin holdinqlərdə işlə təmin olunurlar.

Bəs Azərbaycan universitetlərində nə baş verir? 

Bircə kəlmə deyim ki, sadaladıqlarımızdan heç biri. Hətta bəzi universitetlər laboratoriyaların qapısına qıfıl vururlar ki, maddi-texniki baza xarab olmasın. 

Üstəgəl də hər gün get-gəl, yol pulu, xərc-xəsarət… Verdikləri diplom da heç nəyə yaramır. Çünki Azərbaycanda normal iş üçün gərək diplomdan savayı bir sıra bilik və bacarığın olsun (kompüter bilikləri, xarici dil bilikləri, ixtisasa uyğun biliklər). Bəs bunu ali təhsil ocaqları verirmi? Təəssüf ki, yox. Tələbələr bu bilikləri əldə etmək üçün əlavə kurslara yazılırlar. İndi deyəcəksiniz ki, əla. Könlü daha yaxşı iş, həyat istəyənin quyruğu suda, daha doğrusu kurslarda olmalıdır. Gözəl, o zaman ali məktəblər nəyə lazımdır? 

İşəgötürənin “ali təhsiliniz varmı?” sualına müsbət cavab vermək üçün? 

Deməli uşaqlar məktəbə gedirlər, lakin 9-cu sinifdən başlayırlar kurslara, müəllim yanına getməyə ki, test yazıb universitetə qəbul olsunlar. Universiteti də birtəhər bitirirlər ki, təki diplom olsun. Əsl bilik və bacarığı əldə etmək üçüsə, yenə kurslara gedirlər. 

Belə çıxır ki, Azərbaycanda 11 il məktəbə və 4-6 il ali məktəbə getmək lazım deyil, əsas kurslara getməkdir… 

Xülasə, bu tələbə dediyinin onsuz da günü qaradır, evdə valideyn qınayır, universitetdə müəllim. 

Heç olmasa bu uşaqlara ictimai nəqliyyatdan istifadə üçün 60-70 gediş havayı, ya da endirimli olardı. 

Yemək kartları, yaxud endirim kartları heç olmasa… Nə bilim, muzey və teatrlara, kinoteatrlara getmək üçün endirim olardı… 

Dünyanın hər yerində olduğu kimi, tələbə endirimləri olsun, kurslara endirim olsun, orta və kiçik sahibkarın belini qırmamaq üçün dövlətin müəyyən proqramları olsun. 

Onsuz da bir çoxları oxumaq üçün Avropaya, Amerikaya gedir. Gedənlərin də çoxu qayıtmır. Çünki yaxşı oxuyanı kimdir Bakıya buraxan? 

Hə, bir 10-15 ilə hamımızı ağlamaq tutacaq. Nə normal həkim olacaq, nə də normal mühəndis… XX əsrin əvvəllərində olduğu kimi, yenə də Avropadan alim, həkim, mühəndis gətirəcəyik ölkəyə… 

Bunu istəmiriksə, tələbə balalara dəstək olmalıyıq. Mən belə dəstək oldum.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir