“2020-ci ildə 29 min manat sığorta ödənişi həyata keçirilib. Bu məbləğ növbəti ildə 1,7 milyon manat olub. Ötən il isə təxminən 2,4 milyona yaxın həcmdə ödənişlər həyata keçirilib”.
Oxu.Az xəbər verir ki, bu sözləri Aqrar Sığorta Fondunun sədr müavini Firdovsi Ağaşirinov Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün təşkil edilən aqrar sığorta təlimində çıxış edərkən deyib.
O bildirib ki, cari ildə havaların dəyişkən keçməsi təsərrüfatlara ziyan vurub:
“2023-cü ildə iqlim dəyişikliyinin təsiri səbəbi ilə əlavə ödənişlər olacaq. Bu istiqamətdə xeyli ödənişlərin həyata keçirilməsi nəzərdə tutulur. Artıq bu çərçivədə təxminən dörd milyondan artıq təsdiqlənmiş ödənişlər mövcuddur. Fermerlər bu ödənişlərlə öz fəaliyyətlərini davam etdirəcəklər. Hər bir fermer yekunda məhsuldan xeyir götürmək istəyirdi. Havaların qeyri-sabit keçməsi nəticəsində fermer gözlədiyi gəlirdən məhrum oldu. Amma sığortalı fermerlər bu kimi hallarda ödənişlərini aldılar və ziyana düşmədilər”.
F.Ağaşirinov onu da qeyd edib ki, fermerlər elektronlaşma məsələləri ilə bağlı Aqrar Sığorta sisteminin Çağrı Mərkəzinə, filiallarına müraciət edə bilərlər:
“Eyni zamanda, vasitəçi aqrar sığortaçılar var ki, onlar vasitəsilə də bizə müraciət edə bilərlər. Xüsusilə qeyd edim ki, aqrar sığorta sistemi ölkənin əkin ərazilərinin 96 faizini, istehsal həcminin 95%-ə qədərini əhatə etməyə malikdir. Onu da vurğulayım ki, ölkə üzrə əkin ərazilərinin 25 faizdən yuxarı hissəsi sığortalıdır. Bu, çox böyük göstəricidir”.
Daha çox foto burada: PhotoStock.az
Könül Cəfərli
www.102info.az