Günahsız azərbaycanlıların fəryadının hopduğu divarlar: Şuşa həbsxanasının vahiməsi – REPORTAJ + FOTO/VİDEO

Cəmiyyət


Sübh çağı, azan səsi, dumanlı hava… Məşhur mahnıda da deyildiyi kimi, başı dumanlı Şuşa dağları…

Oxu.Az-ın əməkdaşları olaraq Şuşadayıq. Burada keçirilən tədbirləri işıqlandırmağa gəlmişik. İmkan tapıb şəhərin küçələrini gəzirik. Burada hələ də müharibədən qalan izlər var. Yazılı divarlar, uçuq-sökük dalanlar, qapı-pəncərəsi sınıq-salxaq, viran qalmış evlər…

Qaldığımız hoteldən bir qədər aralıda isə Şuşa həbsxanası yerləşir. Əslində, oraya səfər proqramda yox idi. Amma güclü maraq tərəddüd hissinə qalib gəlir, vaxtımızdan bir neçə saat “oğurlayıb”, vahiməli işgəncə məkanına üz tuturuq.

Hava buludludur. Uzaqdan duman gəlir. Yağış da elə yağır ki, addım atmaq olmur. Hər yer palçıqdır. Şuşa həbsxanasına aparan yol çox dar bir çığırdır. Addım atdıqca sanki torpaq ayaqlarımızdan yapışır ki, getməyin…

Ətrafda tikanlı moruq kolları, itburnu budaqları var. Gedə-gedə həbsxananın içərisində görəcəklərimizi düşünürəm.

Birdən irəlidən səslər eşidilir, dayanırıq. Bir neçə nəfər həbsxanadan çıxaraq üzübəri gəlir. Onların yanından ötüb həbsxanaya doğru addımlamağa davam edirik. Həyətində yelləncək olan, divarları ağ rəngə boyanmış bir bina… İçərisində nə qədər qara günlər yaşanıb, onu da Allah bilir…

Həyətin girişi paslı məftillərlə doludur, darvaza yarımaçıq qalıb. Darvazadan içəri keçən saniyədən anlaşılmaz vahimə hiss edirik. Bu divarlar arasında, kim bilir, nə qədər sirr yatır…

Deyilənə görə, Şuşa həbsxanası XIX əsrin ortalarında, Çar Rusiyası dövründə inşa edilib. Həbsxana Şuşa qalasının şərq tərəfində yerləşir. Qapalı tipli cəzaçəkmə müəssisəsi kimi fəaliyyət göstərən Şuşa həbsxanasının binası həm tarixi abidə, həm də arxitektura nümunəsidir.

Mənbələrə görə, o vaxtlar ən qatı cinayətkarlar cəzalarını məhz bu həbsxanada çəkiblər. Müəssisə ümumilikdə 350 məhkum üçün nəzərdə tutulub. Qatı cinayətkarların islah olunması məqsədilə tikilən binada yüzlərlə insan heç bir günahı olmadan ağlagəlməz işgəncələrə məruz qalıb.

1992-ci il mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal edildikdən sonra da həbsxana fəaliyyətini dayandırmayıb. Daha da dəhşətlisi – işğal zamanı ermənilərin əlinə keçən, əsir düşən azərbaycanlılar məhz buraya gətiriliblər. Ermənilər Xocalıdan, Xocavənddən, Şuşadan, Laçından, Kəlbəcərdən, Ağdamdan, Füzulidən, Cəbrayıldan, Zəngilandan, Qubadlıdan olan mülki azərbaycanlılara burada dəhşətli işgəncələr verib, onlarla qeyri-insani rəftar ediblər.

Həbsxananın həyətini gəzdikcə burada saxlanılan azərbaycanlıların tükürpədən ifadələri yadımıza düşür.

Onlardan biri 1992-ci ildə Qubadlı rayonunda başından yaralanaraq ermənilərə əsir düşən, bir il doqquz ay Şuşa həbsxanasında işgəncələrə məruz qalan Həbib Kazımovdur.

Bizi qış günü buz kimi suyu olan quyuya salırdılar”

Həbib Kazımov mətbuata açıqlamalarından birində danışırdı ki, elə dəhşətli işgəncələr verirdilər ki, onları yadına salmaq istəmir:

“O günləri unutmaq üçün uzun illər özümlə mübarizə aparmışam. Hər bir vəhşiliyin şahidi olmuşam. Elə əsir yoldaşlarımız vardı ki, onları iş adı ilə aparırdılar, gətirmirdilər. 30 ildən sonra öyrəndik ki, həmin əsir yoldaşlarımız vəhşicəsinə öldürülərək bu həbsxananın yaxınlığında basdırılıblar. Bu divarları xaraba qalsın, bu Şuşa həbsxanasında ermənilər bizə çox əzab-əziyyət veriblər”.

Həbsxananın həyətində hovuza oxşayan uçuq-sökük bir tikili var. Yanından ötəndə içindəki suyun üfunət qoxusu insanı birtəhər edir.

Yenə də Həbib Kazımovun sözləri yada düşür:

“Qış vaxtı bizi işlədəndən sonra hovuzun içinə atırdılar. Sümüklərimiz donurdu. Nə çıxa bilirdik, nə qala bilirdik. Hətta əsirlər var idi ki, onları öldürüb meyitlərin donuzlara yedirdirdilər. Heç gözümün önündən getmir… Adını da bilmədim, bir kişi əsiri asmışdılar. Getdik gördük ki, asıldığı yerdə donuz ayaqlarından yuxarı ağzı çatdığı yerə qədər meyiti yeyir”.

Hələ həbsxananın çölündəki vəhşət izləri ürəyimizi titrədir, içəri daxil olub zirzəmidə irəlilədikcə isə əsəblərimiz gərilir. Səssizlikdə insana elə gəlir ki, otaqlardan qəfil kimsə çıxıb imdad üçün üstünə qaçacaq…

Erməni hərbi buşlatı, sınıq qab-qacaq…

Zirzəmidə 6 və 7 saylı hücrələrin qapısı bağlıdır. Digər hücrələr isə dağınıqdır, tullantılarla dolub-daşır. Döşəmədə dəmir, taxta parçaları, daşlar var.

1994-cü il yanvarın 5-də Ağdamın Güllücə kəndi uğrunda gedən döyüşlər zamanı əsir düşərək ağır işgəncələr nəticəsində görmə qabiliyyətini itirən Cavid Hüseyn məhkəmədə başına gətirilən zülmləri danışmışdı. C.Hüseyn deyirdi ki, onu Şuşa həbsxanasında dəmir parçası ilə döyüb qış günü qarın altında diri-diri basdırıblar:

“Bunların Vahan adlı milli qəhrəmanları var. Ona abidə qoymuşdular, həmin abidənin yanı, Şuşa həbsxanasının qarşısı buz bağlayırdı. Oranı bizə təmizlədirdilər. Məni də elə oradaca dəmir parçası ilə döyüb qarın altında basdırdılar. Qarın altından məni Yaşargil çıxartdılar (əsirlikdəki yoldaşı – red.). Əvvəlcə öldürmək istəyirdilər, sonra məlumat gəldi ki, erməni əsirlərlə dəyişəcəklər, başladılar işgəncə verməyə. Ölməyə də qoymurdular”.

“Qarabağ bizimdir” dedim, gözlərimi çıxartdılar”

Cavid Hüseyn məhkəmədə danışırdı ki, əsir düşən zaman onları əvvəl Ağdama, iki gün sonra Xankəndiyə aparıblar:

“Hər gün döyülürdük. Bizi nə ilə döymürdülər ki? Allah haqqı, əllərinə nə keçirdisə – dəmir, taxta, avtomatın qundağı, dəyənək, küt alətlər – hamısı ilə zərbə vururdular. Orada “Lyoxa” ləqəbli Lüdvik Mkrtçyan, “Lyoşa” ləqəbli Alyoşa Xosrovyan və həbsxananın rəis müavini, “Qarik” adı ilə tanınan ermənilər əllərimi dəmir çərçivəyə bağladılar. Sual verdilər ki, “Qarabağ sizindir, yoxsa bizim?” Cavab olaraq “Qarabağ Azərbaycanındır” dedim, məni dəyənəklə döyə-döyə gözümü çıxartdılar”.

Bu divarların arasında gəzə-gəzə zərərçəkmişlərin danışdıqları, gördükləri işgəncələr sanki canlanır.

İki əsrə yaxın yaşı olan Şuşa həbsxanası ermənilərin 28 ildən çox azərbaycanlılara qarşı törətdikləri cinayətlərin, onlara verdikləri işgəncələrin canlı şahididir. Kaş bu daşların dili ola, şahidi olduqları hadisələri danışa. Bu vəhşiliyin qarşısında yer-göy inləyər…

Hücrələrdən gələn üfunət iyi adamın başını çatladır. Kirli divarlar, yarıqaranlıq otaqlar, erməni buşlatlarından sökülüb atılan, yerdə toz basmış şevronlar, açmağa gücümüzün çatmadığı dəmir qapılar… Bu divarlar arasında altı ilə yaxın ermənilərdən işgəncələr görən Dilqəm Əsgərovun və Şahbaz Quliyevin saxlanıldığı hücrələr də var.

Qaranlıq, üfunət qoxuyan bu otaqların qıfılları 44 günlük Vətən müharibəsində qırıldı. Neçə ailənin həyatında silinməz iz buraxan, onlarla insanın gün işığına həsrət qaldığı Şuşa həbsxanasında erməni zülmlərinə Azərbaycan Ordusunun igidləri son qoydular.

Amma burada alınan yaralar sağalmır. Neçə azərbaycanlının meyiti çıxıb buradan? Əzizləri onları sağ tapmaq üçün dua edərkən neçəsi özünə ölüm arzu edib? Neçə soydaşımız işgəncələrin əziyyətini hələ də bədənində, ruhunda gəzdirir?

Hücrələrin bir neçəsinin qapısını açıb içəri daxil oluruq. Gördüklərimizi sözlərlə ifadə etmək o qədər çətindir ki, mümkün qədər foto, video çəkməyə çalışırıq. Az qala nəfəsimiz kəsilir, adama elə gəlir ki, haradansa burnumuza qurumuş qan qoxusu gəlir…

O gəmi daha gəlməyəcək – 150 nəfər

Adamı sakitləşdirən isə bu dəhşətli günlərin bir daha geri dönməmək üzrə bitməsidir. Azərbaycan Ordusunun əsirlərin, bu dəhşətli həbsxanada əli-qolu sındırılan, yandırılan, dırnaqları çıxarılan, gözləri tökülən azərbaycanlıların, müharibədə şəhidlik zirvəsinə ucalan igidlərimizin qanını yerdə qoymamasıdır.

Erməni vəhşiliyinə məruz qalan soydaşlarımızın qisası alındı. Bu gün həbs olunaraq Bakıya gətirilən, 28 il azərbaycanlılara işgəncə verən mənfur düşmənlər hər bir azərbaycanlıya qarşı etdikləri cinayətlərə görə qanun qarşısında cavab verirlər.

Çıxışda divarda yazılan “O gəmi daha gəlməyəcək – 150 nəfər…” yazısı ürəyimizə sanki bıçaq sancır… Qeyri-ixtiyari gözlərimiz yaşarır. O gəmidə gedən 150 nəfər, kim olduğunuzu bilmədik, amma hər birinizin ruhu şad olsun. Bu xalq sizin heç birinizi unutmayacaq, adsız vətəndaşlarımız…

Vaxt bitir, bizi gözləyirlər…

Onsuz da, Şuşa artıq bizimdir, istədiyimiz vaxt gələ bilirik. Amma bu günlük artıq getmək vaxtıdır. Şuşa həbsxanası öz mövcudluğu ilə bir tarixdir. Biz gedirik. Cinayətlərin kələfini isə peşəkarlar, müstəntiqlər, tarixçilər açacaqlar.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir