2023-cü ilin yanvar-sentyabr ayları ərzində ölkədə 373 min 647 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 43,8 faiz çoxdur. 2023-cü ilin yanvar-sentyabr ayları ərzində mülkiyyət hüququ qeydiyyata alınan əmlaklardan 40 min 205-i fərdi yaşayış və bağ evi, 72 min 566-sı mənzil, 252 min 405-i torpaq sahəsi, 2 min 374-ü qeyri-yaşayış binası, 5 min 487-si qeyri-yaşayış sahəsi, 531-i əmlak kompleksi, 79-u isə çoxmərtəbəli yaşayış binasıdır. Rəqəmlərdən də göründüyü kimi, ən az say yeni tikilən binaların payına düşür. Halbuki Bakı şəhərində hələ də minlərlə sakin çıxarışsız mənzillərdə yaşayır. Yenitikililərlə bağlı bu problem niyə həllini tapmır?
“Kaspi” qəzeti mövzu ilə bağlı araşdırma aparıb.
Ən çox çıxarış 2019-cu ildə verilib
Tikinti məsələləri üzrə ekspert Elnur Azadov “Kaspi” qəzetinə açıqlamasında bildirib ki, yenitikililər üçün ən çox çıxarış 2019-cu ildə verilib:
“2019-cu ilin əvvəlində ölkə başçısı binaların istismara qəbul olunması ilə bağlı fərman imzalayıb. Burada aktiv iki orqan – Fövqəladə Hallar Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidməti iştirak edirdi. İnşası bitmiş bina Fövqəladə Hallar Nazirliyinin istismar qəbulundan keçəndən sonra mülkiyyət hüquqlarının əldə olunması ilə bağlı müvafiq əmlak xidmətinə müraciət edir. Bununla da, tez bir zamanda sakinlərə çıxarışlar verilir. Həmin ildə 470-ə yaxın bina qeydiyyata alınıb. Bir il ərzində onların 75-80 faizi həmin fərmana uyğun olaraq istismardan keçib. Eyni tendensiya növbəti illərdə də davam edib. Amma bu proses ən çox 2019-cu ildə oldu”.
Təhlükəli olduğu bildirilsə də, sakinlər yaşayırlar
E.Azadov bildirib ki, əgər binaya çıxarış verilmirsə, bunun haqlı səbəbləri var:
“Hazırda ölkədə 1700 yaşayış binası var ki, onlardan cəmi 400-ə yaxını istismardan keçməyib. Bunun da müxtəlif səbəbləri var. Ya həmin binalar 2000-ci illərin əvvəllərindən bu günə kimi problemlərlə üzləşib, ya vergi borcları ödənilməyib, ya da binanın layihə sənədlərində çatışmayan hissələr var, tikinti işləri düzgün aparılmayıb, müxtəlif qüsurlar üzə çıxıb. Yaxud binanı tikən şirkətin hüquqi və digər maliyyə problemi olub ki, onların dövlət tərəfindən istismara qəbul olunması riskli hesab olunur və qəbul aktını əldə edə bilmir. Qanunun tələbinə görə bu cür binalarda yaşamaq təhlükəli sayılır. Lakin sakinlər yaşayırlar”.
Problemin həlli yolu yalnız məhkəmədir
Ekspertin fikrincə, bu problemin həlli yolu yalnız məhkəmədir:
“Müəyyənləşdirilməlidir ki, burada olan qüsurların aradan qaldırılması mümkündür, yoxsa yox. Əgər həmin binalarda layihədən kənaraçıxma varsa, bunlar köklü şəkildə araşdırılmalı, komissiyalar təşkil olunmalı, nöqsanlar dövlət, yerli icra, bələdiyyə, idarəetmə strukturları hesabına aradan qaldırılmalıdır. Risk daşımırsa, məhkəmə yolu və digər qurum, komissiyaların ümumi rəyləri ilə binaların istismara qəbul olunması mümkündür. Amma həmin binalarda risklər varsa, aradan qaldırılması mümkün deyilsə, o binaların saxlanılması və yaşanması təhlükəli sayılırsa, dövlət tərəfindən riskli sayılıb sökülməlidir. Sonra yerində hansısa yeni bina tikə bilərlər. Amma bu, dövlət proqramına daxil olunmalıdır. Burada risk ən çox vətəndaşlar üçündür. Ona görə də dövlət birinci növbədə yaşayış olan təhlükəli binalarda problemi aradan qaldırmağa çalışmalıdır”.
MTK-ların fəaliyyəti nəzarət altına alınmalıdır
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, bu sahədə sərt nəzarət mexanizmi tətbiq olunmalıdır:
“Sənəd probleminin həllini tapması üçün həmin binaları təkrar yoxlamadan keçirmək və müvafiq qərarlar vermək lazımdır. İlk növbədə Mənzil Tikinti Kooperativlərinin fəaliyyəti ciddi şəkildə nəzarət altına alınmalıdır. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintinin gedişinə, normativlərə uyğun aparılmasına, lazım olan qaydalara əməl edilməsinə ciddi nəzarət mexanizmi tətbiq etməlidir. Bir çox hallarda yenitikililər elə bir vəziyyətdə inşa olunur ki, sonra çıxarış almaq üçün təhvil-təslim prosesini həll edə bilmirlər. Normativlərə uyğun olmadığına görə, həmin binaları təhvil almaq mümkün olmur. Bu halda da vətəndaşlara çıxarışlar verilmir. Son illərdə atılan addımlar çıxarış alınmasını və hətta çıxarışsız evlərə sənədlərin verilməsi prosesini çox asanlaşdırıb. Hazırda bundan istifadə edə bilməyənlər qanunsuz tikililərdir, hansı ki, yüksək elektrik gərginliyi olan ərazilərdə tikilib, yaxud da tikinti aparılarkən tikinti qaydalarına və normativlərə əməl olunmayıb. Digər bütün hallarda sənədləşmə prosesi qanuni və asan şəkildə həyata keçirilir”.
Çıxarışsız mənzillərdə yaşayanlarla bağlı qərar olmalıdır
V.Oruc qeyd etdi ki, yararsız binalarda yaşayan sakinlərlə bağlı müvafiq tədbirlər görülməlidir:
“Hazırda sənəd, çıxarış əldə edə bilməyən yenitikililərin sayı o qədər də çox deyil. Onlarda olan problemlər ciddi şəkildə araşdırılmalı, tikinti normativlərinə əməl olunmayıbsa, bu barədə müvafiq ölçülər götürülməlidir. Ya həmin binada mənzil alan şəxslər şirkətlərin hesabına digər yenitikililərə köçürülməli və yararsız binalarda müvafiq dəyişikliklər aparılmalıdır, ya da müəyyən kompensasiya ödənilməlidir”.
www.102info.az