Hacıqabul rayonunda sursat aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinə rayon ərazisində məişət tullantılarının atıldığı ərazidə müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək baxış keçiriblər. Aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ərazidə olan sellofan torbadan 256 ədəd müxtəlif çaplı patron, bir ədəd “F-1” əl qumbarası və üç ədəd UZRQM təlim partladıcısı aşkar olunaraq aidiyyəti üzrə ANAMA-nın əməkdaşlarına təhvil verilib.
Bundan əlavə, sursatların tapıldığı yerin ətrafında əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Faktla bağlı Hacıqabul RPŞ-də araşdırmalar aparılır.
www.102info.az