“Ölkəmizdə hüquqşünasların sayı ehtiyacdan çoxdur. Amma aqronom sayımız ehtiyaclarımızdan daha azdır”.
Bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumunun “İnnovasiya ekosisteminin yaradılması” panelində çıxışı zamanı deyib.
Bir gün sonra isə əks-arqument eşitdik: Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev çıxışı zamanı Xankəndidə Hüquq Universitetinin açılması təklif edib. Deputat ölkədə vəkillərin sayının az olduğunu, onlara ehtiyac duyulduğunu qeyd edib.
Bəs görəsən, əslində, durum necədir? Aqronom, yaxud vəkil olmaq istəyənlərimiz niyə azalıb?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayevin sözlərinə görə, bu gün aqrar sektorda aqronomların sayının az olması təəssüf doğurur:
“Savadlı, qabiliyyətli mütəxəssislərin çatışmazlığı, əlbəttə ki, təəssüf doğurur. Bu, bilavasitə aqrar sektorun inkişafına müəyyən qaydada maneələr törədir, məhsuldarlığı azaldır. Becərmənin gedişində işləri ləngidir, ümumiyyətlə, nəticələrə ziyan vurur.
Bu, 1990-cı illərdə ölkədə yaranmış vəziyyətlə, ilk növbədə kənd təsərrüfatında mövcud olan durğunluqla bağlıdır. Çünki sovetlər dövründə mütəxəssislər tələb-təklif əsasında hazırlanırdı, ali məktəblərdə də yer sayı buna uyğun olurdu. Sonra isə təyinatlar üzrə kənd təsərrüfatı sahələrində yerləşdirilirdilər. Bununla yanaşı, aqrar islahatların həyata keçirilməsi peşəyə marağı azaltdı”.
Deputat qeyd edib ki, son illərdə aqrar sektor inkişaf etməyə başlayıb və tələbat artıb:
“Kifayət qədər iş yeri olmadığından heç kim bu sahəyə yiyələnmək istəmədi. Aqrar Universitetə qəbul da həddindən artıq azaldı. İşsiz qaldıqları üçün gənclər artıq bu peşəyə yiyələnməyə o qədər meyilli olmadılar. Ancaq son illərdə artıq aqrar sektor inkişaf etməyə başlayıb və tələbat artıb.
Aqronomlara həddindən artıq ehtiyac var. İstər pambıqçılıqda, istər taxılçılıqda, istərsə də üzümçülükdə. Çünki onlar kənd təsərrüfatının həkimləridirlər. Əgər, doğrudan da, aqrotexniki tədbirlər kifayət qədər bacarıqla, səmərəli həyata keçirilməsə, biz ümumi məhsul inkişafından danışa bilmərik”.
Millət vəkili bildirib ki, mütləq şəkildə tələb və təklif uzlaşdırılmalıdır:
“Ötən il Aqrar Universitetdə çoxlu gənc gördüm. Bu çox sevindirici haldır. Hətta xarici ölkələrdən bizim Aqrar Universitetə oxumağa gələnlər var. Onlar buradan öz təcrübələrini qardaş ölkələrə aparmaq fikrindədirlər.
Planlı şəkildə yerlərdə araşdırmalar aparılarsa, hansı sayda aqronomun vacibliyi dəqiqləşərsə, bununla əlaqədar Aqrar Universitetə təkliflər, tapşırıqlar verilə bilər. Bununla peşə ixtisasına qəbul artırıla bilər. Burada hər bir vətəndaşın marağı olmalıdır”.
“Bizdə bu sahədə müəyyən problemlər var. İri sahibkarların özlərinin xüsusi aqronom mütəxəssisləri olmalıdır. Aqronomlar vaxtaşırı sahələrə getməli, bitkilərin inkişaf prosesini izləməli, təkliflər irəli sürməlidirlər. Belə olan halda gənclərin marağı artar.
Mütləq şəkildə tələb və təklif uzlaşdırılmalıdır. Ölkədə yaxın bir neçə ildə nə qədər aqronoma ehtiyac olacağı müəyyənləşdirilməli, əməli tədbirlər həyata keçirilməlidir”, – deyə T.Rzayev qeyd edib.
Milli Məclisin deputatı Ceyhun Məmmədov isə qeyd edib ki, ixtisas seçimi ilə bağlı məhz valideynlər arasında geniş təbliğat və maarifləndirmə işləri görülməlidir:
“Bu gün bəzi sahələr üzrə kadrlara ehtiyacımız var. Hesab edirəm ki, ən çox ehtiyac kənd təsərrüfatı sahəsi üzrə mütəxəssislərədir. Bu gün hüquqşünas, müəllim olmaq istəyənlər daha çoxdur. Valideynlər də övladlarının məhz bu seçimini dəstəkləyirlər. Aqronom olmaq istəyən isə həddən artıq azdır. Gənclərin ixtisas seçimi düzgün aparılmalıdır.
Aqronomluq da yaxşı bir sənətdir, bizim vətəndaşlarımız müraciət edərək bu sahə üzrə özlərini formalaşdıra və yetişdirə bilərlər. Çünki ehtiyacımız, həqiqətən, çoxdur”.
Deputat ayrıca hüquq universitetinə ehtiyac olmadığını vurğulayıb:
“Bizim bu gün hüquqşünaslara da ehtiyacımız var. Ancaq mənim şəxsi fikrimə əsasən, bunun üçün ayrıca universitetin açılmasına ehtiyac yoxdur. Çünki demək olar ki, bütün ali təhsil müəssisələrində hüquq fakültəsi var. İxtisas seçimi düzgün aparılmalıdır. Bu istiqamətdə təbliğat aparmağa ehtiyac var”.
Vəkillər Kollegiyasının Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2005-17-ci illər ərzində vəkilliyə qəbulla bağlı keçirilən beş yazılı test imtahanının nəticəsində 575 namizəd uğur qazanaraq Vəkillər Kollegiyası üzvlüyünə qəbul olunub:
“2017-ci il üçün vəkillərin ümumi sayı 931 nəfər təşkil edirdi. 2018-ci ildən indiyədək Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı 11 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak etmiş 4 750 namizəddən 1 380 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib. Hazırda vəkillərin sayı 2 336 nəfərdir”.
İş elanları üzərindən apardığımız kiçik bir araşdırma nəticəsində məlum oldu ki, aqronom ixtisası üzrə əməkhaqqı 1 000 manat, hüquqşünas ixtisası üzrə isə əməkhaqqı isə 1 500 – 2 000 manat civarındadır.
Sosioloq İlqar Hüseynlinin sözlərinə görə, ölkədə həm aqronom, həm də hüquqşünas ixtisasına ehtiyac var:
“Səbəblər fərqlidir. Azərbaycan dünyada əhaliyə düşən bir vəkilin sayına görə çox aşağı pillələrdə qərarlaşıb. Bununla yanaşı, aqronom ixtisası üzrə mütəxəssislər yalnız Gəncə Kənd Təsərrüfatı Akademiyası Universitetində yetişdirilirlər. Yəni o ixtisas yeganə olaraq oradadır və ona görə də qəbul sayı da azdır. Valideynlər övladlarını oraya yönəltməkdə maraqlı deyillər. Əvvəllər də kolxoz, sovxozlar vardı. Orada mütləq yalnız bir kolxozun, sovxozun dörd-beş aqronom ştatı var idi.
Hazırda özəl sektor iri aqroparklar yaradılıb. Aqrobiznes sahələrində, əsasən, xaricdən gələn mütəxəssislər çalışırlar. Amma bəzi fərdi sahibkarlar da var ki, aqrar sektorda aqronom işlərini özləri görürlər. Ona görə də özəl sektorda aqronomlara olan ehtiyac elə də güclü hiss olunmur”.
İ.Hüseynli qeyd edib ki, yerli aqronomların sayının artmasına artıq zəruri ehtiyac var:
“Çünki kifayət qədər aqroparklar, böyük aqroholdinqlər yaranır. Böyük üzümçülük və əkinçilik təsərrüfatları, pambıqçılıq vüsət alıb. Bu mənada mən düşünürəm ki, aqronomlara çox böyük ehtiyac var. Bununla yanaşı, vəkil və hüquqşünaslara da ehtiyac var”.
Nəzrin Vahid
www.102info.az