Həkim: “Yüngül fiziki aktivlik miqrenin profilaktik müalicəsinin effektivliyini artırır” – MÜSAHİBƏ + FOTO

Cəmiyyət


“Miqren ağrılarının səciyyəvi xüsusiyyətlərinə ağrıların birtərəfli olması, pulsasiya etməsi, ağrıların ürəkbulanma, qusma, işığa və səsə qarşı həssaslığın artması ilə birgə müşayiət olunması xasdır”.

Bunu Səhiyyə Nazirliyinin rəsmi saytına müsahibəsində qurumun Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun nevroloqu Pərviz Axundov deyib.

Müsahibəni təqdim edirik:

– Səhiyyə Nazirliyinin sosial şəbəkələrdəki hesablarına başağrıları ilə bağlı çoxlu sayda suallar daxil olduğundan, bugünkü mövzu başağrılarına həsr edilib. Doktor, ilk öncə bilmək istərdik ki, baş ağrılarının hansı növləri var?

– Qeyd etmək istəyirəm ki, Baş Ağrılarının Beynəlxalq Təsnifatında 200-dən çox baş ağrısı növü mövcuddur. Bu ağrılar birincili və ikincili olmaqla iki qrupa bölünür. Birincili baş ağrıları heç bir səbəb olmadan ortaya çıxan ağrılara deyilir. Baş ağrıları 90%-dən çox halda birincili olur. Bura miqren, gərginlik baş ağrıları, klaster başağrısı və digər birincili baş ağrıları növləri aiddir. İkincili başağrıları zamanı başağrısı əsas xəstəliyin baş verməsi səbəbindən meydana çıxır və infeksion, şiş, damar, medikamentoz və digər mənşəli baş ağrılarını əhatə edir.

– Miqren necə meydana gəlir və onun inkişafına nə səbəb olur?

– Genetik, serebro-vaskulyar və neyronal səbəbləri məlum olan miqrenin biokimyəvi və fizioloji risk faktorları ona zəmin yaradır. Qeyd etdiyimiz kimi, miqrenin səbəblərinin ən başında genetik faktorlar gəlir. Ailədə miqren varsa, övladın miqren olma ehtimalı 40%-dir. Hər iki valideyni miqren xəstəsi olan şəxslərdə isə 75% halda miqren şikayətləri olur. Miqren ağrısının səbəblərindən biri də hormonal dəyişiklərdir.

Dəqiq məlum olmayan səbəblərdən ağrı tutmasının başlanğıcında serotoninin depolardan xaric olması nəticəsində onun qan plazmasında miqdarı artır. Bu da, kəllədaxili damarların ilkin daralmasını şərtləndirir. Sonradan serotoninin miqdarının enməsi damarların genişlənməsinə, onların divarlarının gərilməsinə və xarakterik ağrıların yaranmasına gətirib çıxarır.

– Miqren ağrıları özünü necə büruzə verir?

– Miqren ağrılarının səciyyəvi xüsusiyyətlərinə ağrıların birtərəfli (ağrıdan ağrıya o yerini dəyişə bilər) olması, pulsasiya etməsi, ağrıların ürəkbulanma, qusma, işığa və səsə qarşı həssaslığın artması ilə birgə müşayiət olunması xasdır. Miqrenoz ağrılar üçün bir qayda olaraq fiziki yüklənmə zamanı ağrının güclənməsi xarakterikdir.

Miqren tutmaları ildə bir dəfədən hər gün baş verən tutmalara qədər, davamı isə 4-72 saat ola bilər. Xəstələrin təxminən 20%-də ağrıdan əvvəl aura deyilən ocaqlı nevroloji əlamətlər müşahidə edilir. Bu da auralı miqren kimi təsnifləndirilir. Aura adətən 60 dəqiqəyə kimi davam edir və ondan sonra 1 saat ərzində ağrılar başlayır. Daha çox görmə aurası müşahidə edilir ki, bu da özünü göz önündə ziqzaq və dalğalı cizgilər, parlaq nöqtələr, ulduzlar və ya skatoma deyilən kor nöqtələr şəklində özün büruzə verə bilər. Ayrıca baş gicəllənmə, əl və ayaqda gücsüzlük, nitq, hissiyyatın pozulmaları kimi əlamətlərlə büruzə verən auralar da məlumdur.

– Miqren ağrıları nələrin təsirindən yarana bilər?

– Müəyyən amillər miqren tutmasına qıcıq rolunu oynaya bilər. Bu amillərin aşkarlanmasının həm diaqnostik, həm də müalicəvi əhəmiyyəti var. Bu amillərə isti, soyuq, müxtəlif qoxular, parlaq işıq, səs-küy, fiziki gərginlik, xronik stres, yuxu pozulmaları, vaxtsız və pis qidalanma, tutun çəkmə, cinsi yetkinlik dövrü, menstruasiya və ya ovulyasiya, menopauza, hamiləlik aiddir. Xüsusi olaraq bəzi qida maddələrinin təsirini qeyd etmək lazımdır. Bura alkoqol (xüsusən qırmızı şərab), şokolad, ağ pendir, avokado, sitrus meyvələri, banan, duzlu və hisə verilmiş qidalar, konsentrant tərkibli şorbalar, sosislər, pizza, koffein tərkibli qidalar (kofe, çay) aiddir.

– Miqrenin diaqnostikası nəyə əsaslanır?

– Miqren diaqnozunu təsdiqləyən bioloji markerlər, laborator test və ya paraklinik metodlar mövcud deyil. Ona görə də, diaqnoz klinik-anamnestik məlumatlara əsaslanaraq qoyulur.

– Miqrenin müalicə prinsipləri nədən ibarətdir?

– Miqrenin müalicəsi onun profilaktik müalicəsindən və tutmanın müalicəsindən ibarətdir. Bura ilk öncə, tətikləyici amillərin, xüsusən diyetik amilləri aradan qaldırılması aiddir. Requlyar qidalanma, yetərli yuxu, kofein və alkoqol istifadəsinin məhdudlaşdırılması, dozalanmış fiziki yük, yanaşı gedən nevroloji pozuntuların və arterial hipertenziyanın korreksiyası xüsusi əhəmiyyət daşıyır. Oral kontraseptiv vasitələr çox vaxt miqrenin gedişini ağırlaşdırır, ona görə də, digər kontrasepsiya vasitələrindən istifadə məsləhətdir. Bəzi pasiyentlərdə qeyri-farmakoloji metodlar – psixomotor relaksasiya, davranış terapiyası, manual terapiya, boyun-yaxalıq nahiyəsinin masajı və başqa fizioterapevtik müalicə metodları effektiv olur.

Profilaktik olaraq dərman preparatlarının təyini tez-tez təkrarlanan (ayda 3 dəfədən çox) və uzun müddət davam edən (48 saatdan çox) miqrendə, eləcədə də miqren tutmalarını aradan qaldıran vasitələrin effektsiz olması və ya onların həddən artıq istifadəsinə meyl olanda göstərişdir. Bu məqsədlə, preparat, yanaşı gedən xəstəliklər nəzərə alınmaqla, daha təhlükəsiz dərmanlardan daha effektiv dərmanlar istiqamətində, minimal dozadan başlayaraq seçilməlidir. Profilaktik dərman maddələri adətən, 3-6 ay müddətə təyin edilir.

Miqren tutmaları zamanı xəstələr özlərini ala-qaranlıq, sakit otaqda yüngül hiss edirlər. Tutmanı aradan qaldıran dərman vasitələri seçilərkən, ağrının ağırlıq dərəcəsi, fərdi həssaslıq, yanaşı gedən xəstəliklər nəzərə alınmalıdır.

– Miqreni olanlar hansı məşqləri etməlidir?

– Aparılan tədqiqatlar, miqren zamanı yüngül fiziki aktivliyin yaxşı təsir etdiyini sübut edib. Bu cür məşqlər miqren tutmalarının sıxlıq və şiddətini azaldır, profilaktik müalicənin effektivliyini artırır. Çox yorulmamaq şərti ilə düzənli aerobik idmanlar, üzgüçülük, sürətli gəzinti, velosiped sürmək bu məqsədlə seçilə bilər.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir