“Məqsədimiz gələcəkdə ayılar üçün xilasetmə mərkəzinin yaradılmasıdır”.
Bunu “Report”un Xızıya ezam olunmuş əməkdaşına açıqlamasında “Good World Animal Rescue and Protection” (GWARP) Beynəlxalq Heyvanların Mühafizəsi Təşkilatının rəhbəri Fərid Mansurov deyib.
Qurum rəhbərinin sözlərinə görə, “Four Paws Global International” heyvanların mühafizəsi təşkilatı bütün dünyada vəhşi və ev heyvanlarının xilası ilə məşğul olan ən önəmli təşkilatlarından biridir:
“Onların Azərbaycana səfərinin əsas məqsədi himayəmizdəki nəsli tükənməkdə olan və adı “Qırmızı kitab”a düşən qonur ayıların müayinəsi, müalicəsi və gələcəkdə onlar üçün Avropa standartlarına uyğun xilasetmə mərkəzinin yaradılmasıdır. Hazırda ölkədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə “Four Paws Global International” heyvanların mühafizəsi təşkilatı ilə əməkdaşlığı çərçivəsində ayıların müalicəsi aparılır. Bu əməkdaşlığın gələcəkdə daha da genişlənərək davam edəcəyinə ümid edirik. İnanıram ki, onlar bizimlə vəhşi heyvanların və təbiətin qorunması məsələlərində öz təcrübələrini bölüşəcəklər”.
F.Mansurov vurğulayıb ki, proses ilkin mərhələdə 4 gün davam edəcək:
“Bu mərhələdə ayıların müayinəsi, müalicəsi və zəruri əməliyyatların keçirilməsi nəzərdə tutulub”.
www.102info.az