“Qidalanmaya diqqət etmək və rasionda bol vitaminli yeməklərə üstünlük vermək immunitet sistemimizi gücləndirir”
Bunu Səhiyyə Nazirliyi Ailə Planlanması Məsləhətxanasının həkimi Nüşabə Qasımova nazirliyin rəsmi saytına müsahibəsində bildirib.
Müsahibəni təqdim edirik:
– Nüşabə xanım, havanın dəyişməsi, mövsümi xarakter daşıyan günəş işığının azalması, nəmlik indikatorlarının artması insanlarda hansı təsirlərə səbəb ola bilər?
– Payızda insan bədənində bir neçə dəyişiklik müşahidə edilir. Adətən yuxusuzluq, baş ağrıları, həzm problemləri və s. kimi hallara daha çox rast gəlinir. Bütün bu simptomlar arasında bəziləri yay və payız arasında keçid nəticəsində yaranır. Bu da orqanizmin yorğunluğuna gətirib çıxarır, bizim təbii qəbul etdiyimiz, lakin ümumi tarazlığımız üçün təsəvvür etdiyimizdən çox təsir edən dəyişikliklərə uyğunlaşmağa məcbur olur.
Payızın gəlişi özü ilə daha qısa günlər, temperaturun aşağı düşməsi və yağış gətirir. Bədənimizin vəziyyətinə bəlkə də ən çox təsir edən amil işıq saatlarının getdikcə azalmasıdır. Bu dəyişiklik əhvalımıza təsir edir və bizi yüngül narahatlıq və melanxoliya vəziyyətlərinə məruz qoyur. Mövsümi affektiv pozğunluq insanların payız və qış aylarında günəş işığına daha az məruz qalması səbəbindən depressiyaya düşdüyü bir vəziyyətdir.
Yorğunluq, konsentrasiyanın zəifləməsi, ürəkbulanma, psixomotor yavaşlama, mövsümi dəyişikliklərlə əlaqədar olaraq çox yayılmış bir sindromdur. Açıq havada vaxt keçirmək, meditasiya etmək mövsüm dəyişikliyi ilə mübarizə aparmağın ən yaxşı yollarından biridir.
Ümumi olaraq insanlarda yorğunluq, səbəbsiz olaraq narahatlıq bu aylarda müşahidə edilən haldır. Təbii ki, bunun tibbi açıqlaması mövcuddur. Məhz bu hallar orqanizmdə mövcud olan vitaminlər və mikroelementlərin çatızmazlığı ilə əlaqələndirilir.
– Payız aylarında hansı vitaminlərin qəbulu məqsədəuyğundur? Ayrı-ayrılıqda bu vitaminlərin qəbulunun üstün cəhətləri və orqanizmdəki funksiyası nədən ibarətdir?
– Ən önəmlisi həkim məsləhəti ilə orqanizmlərin virusa qarşı immunitetini formalaşdıran, zamanda mərkəzi sinir sistemini də dəstəkləyən vitamin D qəbulu məsləhət görülür.
Bundan başqa, soyuq aylarda immunitetitimizin güclənməsində mühüm rol oynayan C vitamini, immun hüceyrələrimizi yad cisimlərdən qorumaq gücünə malikdir.
B qrup vitaminləri isə maddələr mübadiləsində aktiv iştirak etmək gücündə olmaqla yanaşı, ürək-damar sistemini və qan dövranını yaxşılaşdırır.
– Payız aylarında mikroelementlərin qəbulu orqanizmə necə təsir göstərir?
– Əhvali-ruhiyyənin yüksəldilməsi və ümumi olaraq orqanizmin yaxşı işləməsi üçün 2 mikroelement vacibdir. Bunlardan biri sink, digəri isə maqneziumdur.
Payız aylarında sink mikroelementinin çatışmazlığı nəticəsində immun sistemi hüceyrələri öz fəaliyyətini dayandıra bilər. Belə halda bədənimizinin viruslara qarşı müqaviməti nəzərəçarpacaq dərəcədə azalır.
Maqnezium isə vitaminlərin ko-faktoru, yəni köməkçi rolunda çıxış edir. Xüsusilə, vitamin D-nin sorulmasında, neyromediatorların (neyronlararası bioloji fəal maddələr) mübadiləsində yaxından iştirak edir. Bu mikroelement çatızmazlığı zamanı insanda yorğunluq, zəiflik, yuxu pozğunluğu müşahidə edilir.
– Bəs allergiya halları bu mövsümdə özünü necə təzahür edir?
– Payız mövsümü allergiyası olan şəxslər üçün narahatlıq yarada bilər. Çünki müxtəlif bitkilərin polenləri allergik reaksiyalara səbəb olduğu məlumdur. Bu, asqırma, gözlərdə qaşınma və tıxanıqlıq kimi simptomlara səbəb ola bilər.
Belə hallardan yayınmaq və ya təsirlərini minimuma endirmək üçün hava proqnozlarında polen miqdarını daim müşahidə etmək və havada normadan artıq polen olduğu halda açıq havada fəaliyyətlərdən yayınmaq lazımdır. Eyni zamanda, otaqda hava saflaşdırıcılardan istifadə, həkim məsləhəti ilə allergiya əleyhinə dərmanlar qəbul və təmizliyə riayət etmək vacibdir.
– Qidalanma payız aylarında niyə vacibdir? İnsanların qida rasionu bu aylarda hansı xüsusiyyətlərə malik olmalıdır?
– Payız fəsli xüsusilə vitamin C və digər faydalı elementlərin bol olduğu meyvələrin mövsümü sayılır. Bu mövsümdə qida rasionunda insanların əsasən mövsümi meyvə və tərəvəzlərdən (balqabaq, alma, şirin kartof, göbələk, paxlalılar, qoz və s.) istifadəsi tövsiyə edilir. Adıçəkilən qidalarda vitamin A, vitamin C, beta-karotin, karbohidratlar və faydalı yağlar mövcuddur.
Qidalanmaya diqqət etmək və rasionda bol vitaminli yeməklərə üstünlük vermək bizi mövsümi qriplərdən qoruyur, ən əsası isə immunitet sistemimizi gücləndirir.
– Havaların soyuması insanların fiziki aktivliyinə necə təsir göstərir?
– Havaların kəskin soyuması və temperatur dəyişiklikləri insanların açıq havada keçirdiyi vaxtı nəzərəçarpacaq dərəcədə azaldır. İqlim şəraitinin getdikcə sərtləşməsinə baxmayaraq, açıq hava fəaliyyətindən imtina etmək yanlış fikirdir. Təbiətdə gəzintilər, velosiped sürmək əhvali-ruhiyyəni gücləndirir. Eyni zamanda, mövsümi idman növlərindən (buz meydançasında idman, evdə yoqa, qapalı idman zallarından və hovuzlarından yararlanmaq və s.) şansını dəyərləndirmək vacibdir. Belə hallar həm psixoloji-mental vəziyyəti yaxşılaşdırır, həm də aktivliyi artıraraq motivasiyanı yüksəldir.
www.102info.az