Mövsüm ilə əlaqədar Azərbaycanda havalar dəyişkən keçir. Hər il ölkə ərazisində noyabrın 15-də binalara istilik verilir. Lakin son günlər havalar bir o qədər də soyuq keçmədiyindən sakinlər istilik verilişinin tarixində dəyişiklik ola biləcəyindən narahatdırlar.
Mövcud dəyişkən hava şəraiti ölkə üzrə binalara istiliyin verilmə tarixinə təsir edə bilərmi?
Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Elvin Basqallı Oxu.Az-a açıqlama verib.
O bildirib ki, mövcud dəyişkən hava şəraiti ölkə üzrə binalara istiliyin verilmə tarixinə təsir etməyəcək, istilik təchizatının verilməsi ilə bağlı hər hansı dəyişiklik gözlənilmir:
“Hər zaman olduğu kimi, qaydalara müvafiq olaraq, noyabrın 15-də bütün ölkə üzrə payız-qış mövsümü başlayır. Ölkə üzrə təqribən 184 min mənzil mərkəzləşdirilmiş qaydada istiliklə təmin ediləcək. Artıq noyabrın 1-dən respublikanın 9 dağlıq şəhər və rayonunda, o cümlədən Xaçmaz, Qəbələ, Quba, Qusar, Lerik, Şamaxı, Siyəzən, Şabran və Şuşada istiliyin verilməsinə başlanılıb.
Mövsüm sonunadək ölkə üzrə 561 qazanxana və 88 istilik məntəqəsi fəaliyyət göstərəcək. Ümumilikdə, respublika üzrə 3 870 yaşayış binası, 151 səhiyyə müəssisəsi fəaliyyət göstərir. Bununla yanaşı 2500-ə yaxın digər obyektlər, o cümlədən Bakıda 175 məktəb, 127 uşaq bağçası, bölgələrdə 110 məktəb, 34 uşaq bağçası fəaliyyət göstərir ki, onlar da mərkəzləşdirilmiş istiliklə təmin ediləcək”.
Könül Cəfərli
www.102info.az