Bakı sakini, üç əlil uşaq anası Nərgiz Sultanova Media.Az-ın redaksiyasına kömək çağırışı ilə müraciət edib.
“Biz ərimlə əmioğlu-əmiqızıyıq, ona görə də uşaqlarımız sağlam deyil”, – deyə qadın etiraf edib.
Nərgiz Sultanovanın böyük qızı, 14 yaşlı Fatimə serebral iflicdən əziyyət çəkir, ortancıl və kiçik övladları olan 12 yaşlı Sahib və 9 yaşlı Dilarəyə isə Kanner sindromu (uşaqlarda autizmin qeyri-prosessual variantı, nüvə forması) diaqnozu qoyulub. Həmçinin üç uşaqda əqli geriliyin müxtəlif formaları müşahidə edilir.
“Təsəvvür edə bilməzsiniz, onları böyütmək necə çətindir! Fatimə yatağa məhkum olub, Sahib və Dilarə isə, əksinə, hiperaktiv və aqressiv uşaqlardır. Qızlarım həm də qıcolmadan əziyyət çəkirlər. Yaşları artdıqca bizim çətinliklərimiz daha da artır”, – deyə Nərgiz xanım bildirib.
Hazırda ailə xüsusilə çətin dövr yaşayır. İki uşaq əlilliyə görə təkrar müayinələrdən keçir, bu səbəbdən də müvəqqəti olaraq təqaüd almırlar. Beləliklə, Sultanovlar sabit maliyyə dəstəyini itirmiş olublar. Nərgiz xanım işləmir, əri də həyat yoldaşına uşaq böyütməkdə köməklik etdiyi üçün daimi gəlir yeri yoxdur.
Qadının sözlərinə görə, onlara ayda 1000 manat pul lazım olur ki, bu məbləğə, həmçinin qıcolmalara qarşı dərman və uşaq bezlərinin xərcləri də daxildir.
“İnanın mənə, uşaqlarım tez-tez ac qalırlar, çünki onları yedizdirməyə imkanım yoxdur. Amma onlar bunu anlamırlar axı, dayanmadan qışqırmağa başlayırlar… Ümidsiz vəziyyətə düçar olmuşuq. Ağlayaraq sizdən kömək diləyirəm”, – deyə Nərgiz xanım əlavə edib.
Media.Az saytının redaksiyası biganə qalmayan bütün şəxsləri Sultanovlar ailəsinin probleminə anlayışla yanaşmağa və Fatimə, Sahib və Dilarəyə imkanları daxilində kömək etməyə çağırır.
Mümkün yardımlar “Kapital Bank” kartına köçürülə bilər: 4169 7388 8539 5032.
Nərgiz Sultanova ilə də əlaqə saxlamaq mümkündür: (050) 746 20 63.
www.102info.az