“İstehsal ili köhnə olan gəmilərin hər biri atmosferə azı bir milyon avtomobil qədər zəhərli qaz buraxır”.
Bu barədə Xezerxeber.az-a ekspert Rəşad Şəkərov bildirib.
“Hazırda Xəzər sularında müxtəlif təyinatlı gəmilər üzür. Bunların içərisində istehsal ili köhnə olanları elə də az deyil. Onlar atmosferi daha çox çirkləndirir”, – deyə o qeyd edib.
Rəşad Şəkərovun sözlərinə görə, atmosferi zərərli qazlardan qorumağın ən optimal yolu köhnə istehsallı gəmilərin daxili mühərriklərinə yaşıl hidrogen texnologiyasının tətbiq olunmasıdır:
“Bütün dünya bu prosesdən faydalanır. Ancaq, ölkəmizdə geniş istifadə olunmur”.
R.Şəkərov deyib ki, 2015-ci ildən etibarən istehsal olunan gəmilərin həm mühərrikləri modernləşdirilib, həm də ən aşağı sulfid tərkibli yanacaqdan istifadə olunur. Onun fikrincə, modern mühərrikli gəmilər atmosferi zərərli qazlardan maksimum qoruyur, amma köhnə gəmilər ilə bağlı bu fikirləri səsləndirmək mümkün deyil.
Məsələ ilə bağlı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) bildirilib ki, qurum özündə Dəniz Nəqliyyatı və Xəzər Dəniz Neft Donanmalarını birləşdirir. Onların tərkibində ümumilikdə 260-a qədər gəmi istismar olunur. Problemə gəlincə, atmosferə vurulan ziyana nəzarət edilməsi üçün beynəlxalq konvensiyalar mövcuddur və onların tələblərinə cavab verməyən gəmilərin istismarına icazə verilmir. Bu tələblər istehsal ilindən asılı olmayaraq, bütün gəmilərə aiddir. Xəzər Dəniz Gəmiçiliyinin balansındakı gəmilərdən atmosferə atılan atqılar isə Beynəlxalq Dəniz Təşkilatının konvensiyalarının tələbləri daxilindədir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında İctimai Şuranın üzvü Rövşən Abbasov isə bildirib ki, hazırda atmosferi ən çox çirkləndirən gəmilər yox, avtomobillərdir.
Ətraflı süjetdə:
www.102info.az