Mingəçevirdə hepatitə yoluxan şagirdlərin son durumu açıqlanıb.
TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, altı nəfər (dördü oğlan, ikisi qız olmaqla) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə müraciət edib.
Qeyd olunub ki, onlara dəqiqləşdirilməmiş kəskin virus hepatiti diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib: “Onların hər biri Kliniki Tibbi Mərkəzin nəzdindəki Ə.F.Qarayev adına 2 nömrəli Kliniki Uşaq Xəstəxanasına təxliyə olunub və müalicələri davam etdirilir. Müraciət edən azyaşlı xəstələrin birinin vəziyyəti ağır, beşinin isə stabil olaraq qiymətləndirilir”.
Mərkəzi Aran Regional Təhsil İdarəsindən isə sorğumuza cavab olaraq qeyd olunub ki, “Hepatit A” virusuna yoluxmuş şagirdin biri Mingəçevir şəhər 8 nömrəli tam orta məktəbin 7ç sinif şagirdi M.Ə., ikisi Mingəçevir şəhər R.Muradov adına Texniki humanitar liseyin şagirdi (M.İ. – 10a, E.A. – 9d), digər ikisi isə işğaldan azad olunmuş rayonların yerlərdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan şagirdləridir:
“Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından verilən məlumata əsasən, hazırda uşaqlar Bakı şəhər Gigiyena və Epidemiologiya Mərkəzinə qaldırılıblar və səhhətləri orta stabil olaraq qiymətləndirilir. Həmçinin şagirdlərin səhhəti və sağlamlıq durumu tərəfimizdən daimi diqqətdə saxlanılır. İdarə məsələ ilə bağlı şagirdlərin, eyni zamanda vətəndaşların gigiyena qaydalarına riayət etməyə və virusdan qorunmağa çağırır”.
www.102info.az