Həbsdə olan keçmiş direktor Ali Məhkəməyə müraciət etdi

Cəmiyyət


Azərbaycan Auditorlar Palatasının Gəncə şəhər Auditor təşkilatının direktoru vəzifəsində işləmiş Natiq Məmmədovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.

Pravda.az xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası noyabrın 22-nə təyin edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib.

Qeyd edək ki, N.Məmmədov 2020-ci ilin sentyabrında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İstintaq tədbirləri ilə N.Məmmədovun qeyd olunan vəzifədə işləyərkən 2012-ci ilin fevral ayında Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması zamanı həmin müəssisənin inzibati binasında filialın direktorundan 400 min manat məbləğdə pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr yaranıb. Bundan başqa, N.Məmmədovun həmin vəzifədə işləyərkən 2014-cü ilin may ayında “Finka Azərbaycan” bank olmayan kredit təşkilatına məxsus 15 min 600 manat məbləğdə pul vəsaitini ələ keçirərək dələduzluq etməsinə, rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi yolu ilə vəzifə saxtakarlığı törədərək həmin sənədlərdən istifadə etməsinə əsaslı şübhələr yaranıb. Bundan əlavə, N.Məmmədovun vətəndaşın Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Gəncə şəhər şöbəsi və ya Yanğından Mühafizə Xidmətinin Göygöl rayon şöbəsində işlə təmin olunmasına köməklik göstərilməsi müqabilində sonuncunu ümumilikdə ona 7 000 manat pul verməsinə təhrik edərək həmin şəxsdən 5 000 manat miqdarda pul alaraq təkrarən dələduzluq etməsinə əsaslı şübhələr yaranıb. N.Məmmədova Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmə), 311.3.4 (rüşvət alma hədə-qorxu tətbiq olunmaqla törədildikdə), 313 (vəzifə saxtakarlığı) və başqa maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir