“Vaxtından əvvəl doğulanlar həkim-mütəxəssislərin daimi nəzarəti altında olmalıdırlar”.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, neonatoloq Rüstəm Hüseynov deyib.
– Rüstəm müəllim, öncə bilmək istərdik ki, hansı körpələr vaxtından əvvəl doğulmuş hesab olunur?
– Vaxtından əvvəl doğulmuş körpələr hamiləliyin 37-ci tam həftəsindən az müddətdə, yəni hamiləliyin 260-cı günündən əvvəl doğulmuş uşaqlardır. Dünyada hər il təxminən 15 milyon körpə vaxtından əvvəl doğulur. Bu, orta hesabla hər 10-cu doğulan uşaq deməkdir. Ümumilikdə vaxtından əvvəl doğulma bütün doğulan uşaqların 8-12%-ni təşkil edir.
– Ölkəmizdə bununla bağlı hansı tədbirlər aparılır?
– Azərbaycanda 2015-ci il yanvar ayının 1-dən hestasiya yaşı 22 həftədən, çəkisi 500 qramdan yuxarı doğulan körpələr də bu qrupa aid edilir.
Ölkəmizdə vaxtından əvvəl doğulmuş uşaqlara dövlət tərəfindən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Müvafiq dövlət proqramlarında, yeni perinatal konsepsiyada vaxtından əvvəl doğulmuşlara xüsusi yer ayrılır. Neonatologiya sahəsində ciddi irəliləyişlər qeyd olunur, müəssisələrdə maddi-texniki bazanın möhkəmləndirilməsi üçün kifayət qədər yardım göstərilir, kadr potensialı artırılır.
Bundan əvvəlki illərdə, təqribən 15-20 il öncə vaxtından əvvəl doğulmuşlara xas olan, müalicəsində ciddi çətinliklər qeyd olunduğu xəstəliklərin müasir dövrümüzdə həlli yolları mümkün olub. Məsələn, müxtəlif müəssisələrimizdə bu qrup uşaqlarda cərrahi əmliyyatların aparılması (nekrozlaşan enterokolit, qida borusunun atreziyası və s. ilə bağlı), tənəffüs sistemi ilə bağlı xəstəliklər üçün əvəzedici terapiyaya aid surfaktant preparatının istifadə olunması, həmçinin mərkəzi sinir sisteminin inkişafı üçün istifadə olunan, tənəffüsə dəstək olan kofein sitratın tətbiq olunması buna nümunədir.
– Gələcəkdə bu uşaqlar hansı tibbi problemlərlə qarşılaşırlar?
– Vaxtından əvvəl doğulmuş körpələrdə fəsadların əksəriyyəti orqan və sistemlərin yetkinsizliyi ilə əlaqədardır. Ağırlaşmaların yaranma riski vaxtından əvvəl doğulmanın dərəcəsi, həmçinin vaxtından əvvəl doğulmanın səbəbi analarda olan infeksiyalar, şəkərli diabet, arterial hipertenziya, preeklampsiya və s. ilə birbaşa bağlıdır.
Həyatının ilk günlərində yaranmış tənəffüs problemləri gələcəkdə ağciyərlərdə spesifik dəyişikliklərlə bağlı bronx-ağciyər displaziyasının inkişafına səbəb olur.
Ürək-damar hemodinamikanın xüsusiyyətlərini, mədə-bağırsaq sisteminin, qaraciyərin, sidik ifrazat sistemi orqanlarının yetkinsizliyi ilə bağlı problemləri də qeyd etmək lazımdır. Belə uşaqlarda vaxtından əvvəl doğulmuşların anemiyası inkişaf edə bilər. Qarşısının alınması üçün profilaktik tədbirlər həyata keçirilməlidir. Vaxtından əvvəl doğulma ilə bağlı körpənin səhhətindəki problemlər spesifik xarakter daşıyır. Onlardan vaxtından əvvəl doğulmuşun retinopatiyası (ROP) 31 həftədən əvvəl doğulmuş və bəzi digər vaxtından əvvəl doğulmuş körpələrdə yarana bilən göz xəstəliyidir. Bu, gözün arxasındakı torlu qişa adlanan toxumaya təsir edən problemdir. Körpə böyüdükcə ROP (yüngül formaları) bəzi hallarda öz-özünə keçə bilər. Ancaq körpə bu müddətdə mütəmadi olaraq mütləq oftalmoloq nəzarətində olmalıdır. Bəzən korluğun qarşısını almaq üçün təcili müalicə və müdaxilə tələb olunur. Əgər vaxtında müalicə olunmazsa, uşaqda ciddi geriyədönməz fəsadlar baş verə bilər. Eşitmə ilə bağlı pozulmaların ola biləcəyi nəzərə alınmalıdır, bu səbəbdən vaxtında audiometriya müayinəsi olunması vacibdir. Ümumiyyətlə, vaxtından əvvəl doğulanlar həkim-mütəxəssislərin (nevroloq, oftalmoloq, audioloq, psixoloq, endokrinoloq, ortoped) daimi nəzarəti altında olmalıdırlar.
– Vaxtından əvvəl doğuşların qarşısını almaq üçün nə etmək olar?
– Əlbəttə, müvafiq tədbirləri həyata keçirməklə bu cür doğuşların sayını azaltmaq mümkündür. Belə ki, qız uşaqlarının sağlam fiziki inkişafına, yeniyetməlik dövründəki xüsusiyyətlərinə diqqət yetirilməlidir. Onların inkişaf mərhələlərində rastlaşdığı səhhəti ilə bağlı, qarşısı alınmalı, profilaktik tədbirlər həyata keçirilməlidir. Hamiləlik dövründə ilk həftələrdən qadının həkim nəzarətində olması, mütəmadi lazım olan müayinələrdən keçməsi vacibdir. Erkən doğum riski yarandığı halda dölün mühafizəsi üçün bəzi profilaktik tədbirlər aparılmalıdır.
Hamiləlik müddətində qadına tətbiq olunmuş profilaktik tədbirlər, məsələn dölün ağciyərlərinin yetkinliyi (RDS profilaktika) üçün hormonal terapiyanın təyin olunması, qanın mənfi rezus faktoru ilə bağlı immunokonfliktin qarşısını alan dərman preparatlarının verilməsi və s. vaxtından əvvəl doğulmuş körpənin bəzi problemlərinin qarşısını almaqda kömək olur.
– Vaxtından əvvəl doğulmuşların sağlamlığına aid son illər ərzində tibb elminin hansı nailiyyətlərini qeyd edə bilərsiniz?
– Bu istiqamətdə ölkəmizdə mütəmadi olaraq işlər aparılır. Postsovet məkanında vaxtından əvvəl doğulmuşların mərkəzi sinir sisteminin xüsusiyyətlərini öyrənmək üçün elektroensegfaloqrafiya (EEQ) müayinəsi respublikamızda ilk olaraq Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda tətbiq olunub. Qeyd etmək lazımdır ki, EEQ müayinəsi tək beyin zədələnmələrini deyil, beyin qabığının differensasiyası əsasında hələ kliniki əlamətlər meydana çıxmamış beynin yetkinlik dərəcəsini qiymətləndirməyə, körpənin gələcək inkişafını proqnozlaşdırmağa imkan verir.
Son illərdə isə neonatal skrininqlər (ürəyin EXO KQ müayinəsi, gözün ROP müayinəsi, eşitmənin təyini, genetik neonatal skrininq) tətbiq olunub. Məqsəd kliniki əlamətlərdən əvvəl xəstəliklərin təyin edilməsidir. Vaxtında görülən tədbirlər gələcək sağlamlığın zaminidir.
www.102info.az