“Hazırda ADA universiteti Qazax müəllimlər seminariyasında magistr təhsil dərəcəsində “Təhsil üzrə menecment” və “Təlim və tədrisin təşkili və metodikası” ixtisasları üzrə Gürcüstandan olan 20 soydaşımız təhsil alır. İstəyərdik ki, burada təhsil alan soydaşlarımızın sayı daha da çox olsun”.
“Report” xəbər verir ki, bu fikri ADA universitetinin prorektoru Vəfa Kazdal bildirib.
“Artıq üç ildir ki, ADA universiteti Qazaxda yerləşən müəllimlər seminariyasını həm fiziki, həm də məzmun olaraq bərpa edib. Seminariya tarixi missiyasını davam etdirir. Bu missiya isə müəllimləri yetişdirmək, onları ixtisasartırma proqramlarına cəlb etməkdir”, – prorektor deyib.
V.Kazdal qeyd edib ki, Gürcüstana səfərin də əsas məqsədi ADA universitetinin təklif etdiyi təhsil imkanlarını burada yaşayan soydaşlarımıza çatdırmaqdır: ADA universitetinin əsas strateji məqsədlərindən biri də odur ki, ali təhsil müəssisəsində olan keyfiyyəti həm Azərbaycanın rayonlarında, həm də Gürcüstanda yaşayan soydaşlarımız üçün mümkün qədər əlçatan edək. Daha çox azərbaycanlı gəncin bu imkandan faydalanmasını istəyirik”.
Qeyd edək ki, ADA Universitetinin prorektoru Vəfa Kazdalın başçılıq etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdədir.
www.102info.az