Abşeron Rayon Məhkəməsində avtomobillə piyadanı vuraraq qaçmaqda təqsirləndirilən İlkin Seyidovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az xəbər verir ki, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. İlkin Seyidovun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməyib.
Qeyd edək ki, hadisə 2022-ci il noyabrın 17-də Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini İlkin Seyidov idarə etdiyi “Hyundai” markalı avtomobillə paytaxt istiqamətində hərəkətdə olarkən yolu keçən piyada Abşeron rayonu, Nübar qəsəbə sakini, 1959-cu il təvəllüdlü Gülayə Ələkbər qızı Cavadini vuraraq öldürüb. Daha sonra sürücü hadisə yerindən qaçıb. DİN Baş İstintaq və Təhqiqat İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İlkin Seyidov saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib.
www.102info.az