Virtual kazinolar: “Qumar oyununa qoşulan da məsuliyyətə cəlb oluna bilər” – ŞƏRH + FOTO

Cəmiyyət


Son zamanlar onlayn fəaliyyət göstərən kazino reklamları sosial şəbəkələrdə yayımlanır. Oyunlara müxtəlif cəlbedici adlar verilib, əlaqə vasitələri də təqdim olunub.

Bu reklamlar bir çoxları tərəfindən narahatlıqla qarşılanıb. Belə dələduzluq oyunlarının tələsinə düşməkdən ehtiyat etdiklərini vurğulayıblar.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 244-1-ci maddəsinə əsasən, qumar oyunlarının təşkili və keçirilməsinə görə şəxs cinayət məsuliyyətinə cəlb olunur. Məcəllənin 244-1-ci maddəsində “qumar oyunu” dedikdə pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) başa düşülür.

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən hüquqşünas Əliməmməd Nuriyevin sözlərinə görə, virtual dələduzluq halları yolverilməzdir:

“Qumar oyunu ölkədə qadağa olunub. Həmin oyunların virtual şəbəkə üzərindən həyata keçirilməsi yolverilməzdir. Həmin şəxslər məsuliyyətə cəlb olunacaqlar”.

Hüquqşünas oyunlarda cəlbedici adlardan istifadə olunduğunu qeyd edib:

“Çox təəssüf ki, bu cür oyunlar virtual şəbəkə üzərində həyata keçirilməyə başlayıb. Sırf toplumu cəlb etmək üçün cəlbedici adlardan istifadə edirlər. Vətəndaşlarımız da aldanıb, qurbana çevrilirlər.

Virtual dələduzluq oyunlarının serverləri, adətən, başqa ölkələr olur. Şəbəkə üzərindən azərbaycanlıları da dəvət edirlər. Vətəndaşlar diqqətli olmalıdırlar. İnsanlar bu oyunlarla varlanacaqlarını güman edirlər. Bu, fantastikadır. Heç kəs bir gecədə varlana bilməz. Dələduzlar insanların hisslərindən sui-istifadə edirlər”.

Ə.Nuriyev əlavə edib ki, dələduzluq edən həmin şəxslər uzunmüddətli azadlıqdan məhrumetmə cəzası ilə məsuliyyətə cəlb oluna bilərlər:

“Virtual dələduzluq edən şəxslər barəsində cinayət işi açılır. Dələduzları, həmçinin, yüksək məbləğdə cərimə də gözləyir. Tora düşüb virtual qumar oyununda iştirak edən şəxslər də məsuliyyətə cəlb olunmalıdırlar, çünki hüquqa zidd olan əməldir”.

“İnsanlara müvafiq çağırışlar etməli, maarifləndirmə işini gücləndirməliyik. Qurbana çevrilməmişdən öncə qurumlara müraciət olunmalıdır”, – deyə Ə.Nuriyev əlavə edib.

Nəzrin Vahid

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir