Gürcüstandan 2023-cü ilin ilk doqquz ayı ərzində Azərbaycana 371,98 milyon ABŞ dolları dəyərində 19 820 ədəd avtomobil ixrac edilib.
Azərbaycana ixrac edilən avtomobillərin sayı illik müqayisədə 5 276 ədəd və ya 21,02% azalıb, lakin dəyəri 126,78 milyon dollar və ya 51,7% artıb.
Belə ki, 2022-ci ilin yanvar-oktyabr ayları ərzində Gürcüstan Azərbaycana 245,2 milyon dollar dəyərində 25 096 ədəd avtomobil ixrac edib.
Bəs görəsən, ixracın artmasının qiymətlərə təsiri olacaqmı? Artımın səbəbi nədir?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı-ekspert Asif İbrahimovun sözlərinə görə, istismar müddəti 10 ildən yuxarı olan avtomobillərin Azərbaycana gətirilməsi qadağan edilməzdən öncə ölkə böyük bir “maşın məzarlığı”na çevrilmişdi:
“İstismar müddəti 10 ildən yuxarı olan avtomobillərin Azərbaycana gətirilməsinə qadağa qoyulub. Ekoloji baxımdan ətraf mühitin qorunmasına xidmət edən bir qərardır. Uzun illər köhnə avtomobillərin Azərbaycana gətirilməsi həyata keçirildi. Ölkə böyük bir “avtomobil məzarlığı”na dönmüşdü. Qərardan sonra Azərbaycan vətəndaşı artıq 2002, 2005, 2006-cı ilin avtomobilini ölkəyə gətirə bilmir”.
Ekspert qeyd edib ki, qərardan öncə avtomobillər də ucuz idi:
“Buna görə ölkədən nisbətən az vəsait çıxarılırdı. Sonradan zövqlər, həyat standartları, komfortlar dəyişdikcə yeni və nisbətən bahalı qiymətə avtomobillər alınmağa başlandı.
Əvvəl 2005, 2006, 2008-ci illərdə istehsal olunmuş avtomobillərin ölkəyə ucuz qiymətə gətirilmə imkanı var idi. Artıq 2013-cü ildən əvvəl istehsal olunmuş avtomobilləri ölkəyə gətirə bilmirlər. Təbii ki, 2013-cü ildə istehsal edilmiş, yəni istismar müddəti az olan avtomobilin qiyməti bahadır”.
A.İbrahimov qiymətlərdə cüzi dəyişiklik ola biləcəyini vurğulayıb:
“Statistikada göstərilən rəqəm hər şeyi aydın şəkildə izah edir. Həmin qərardan sonra ixrac qiyməti artdı. Ən böyük səbəb elə budur.
Əhali əvvəl orta sinif avtomobillərə üstünlük verirdi. İndi isə avtomobil hərracları əlçatandır. Onlayn vasitələrdən istifadə edərək avtomobil alışları həyata keçirilir. Əvvəlki illərdən daha çox əlçatan olduğuna görə Azərbaycan vətəndaşı nisbətən daha komfortlu avtomobil alır. Yəni ölkəsindəki bazardan gedib almır. Daha çox xaricdən sifariş verir. Gürcüstan vasitəsilə ABŞ-dən, Koreyadan sifarişini həyata keçirir. Statistik göstəricilər bu məsələ ilə əlaqəlidir”.
Xatırladaq ki, Nazirlər Kabinetinin 94 №-li Qərarına dair İzahına əsasən, istismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 94 №-li qərarının əsas məqsədi insanların həyat və sağlamlığının, ətraf mühitin qorunması, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılmasına dəstək olmaqdır. Qərara əsasən, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılıb.
Nəzrin Vahid
www.102info.az