Ahıl namizədlər, qocalmış siyasət və təsirsiz dəyənək

Cəmiyyət


Konfliktoloq Rüstəm Qaraxanlı yazır…

ABŞ-də gələn il keçiriləcək prezident yarışının favorit namizədləri yavaş-yavaş müəyyən olunmağa başlayır. Prezident Co Baydenin rəqibi kimi yenidən Donald Trampın çıxış edəcəyi daha real görünür. Həm iddiası bunu deməyə əsas verir, həm də respublikaçıların düşərgəsində ciddi və çəkili opponenti yoxdur. Güman ki, dünya 2024-cü ildə iki qocaman siyasətçinin daha bir dueli və mübarizəsinin şahidi olacaq.

Amerika mediasında rəqiblərin yaşlarına eyham vurulur. Demokratlara yaxın informasiya mənbələri yazmağa başlayıb ki, gələn il Trampın 78 yaşı olacaq və ABŞ-nin bu yaşda liderə etibar edilməsi özündə hansı riskləri daşıyır? Sanki Trampın rəqibi ondan da yaşlı olan Bayden deyil. “Yuxulu Co” adlandırdığı Baydendən fərqli olaraq respublikaçı eks-prezident hava ilə görüşmür və təyyarə trapında yıxılmır. Gümrahdır və rəqibini “iynələməyə” də macal tapır.

Ötən həftə Macarıstanın baş naziri Viktor Orban ABŞ-ni dünyaya maraqlarını dəyərlər kimi sırımaqda suçladı. Macarıstan Avropa Birliyinin üzvüdür və Orbanın sarkazm dolu replikası hətta “qoca qitə” daxilində də Vaşinqtonun bezdirici tərzindən yorğunluğun göstəricisidir. Orban Rusiya-Ukrayna müharibəsi başlanan ilk gündən kollektiv Qərbin başda ABŞ olmaqla Kiyevi yarıyolda qoyacağı ilə bağlı xəbərdarlıqlar edir. Bunun əlamətləri artıq özünü büruzə verməyə başlayıb. Hərbi vəziyyət dalana dirənib, ukraynalıların nəzərəçarpacaq irəliləyişinin olmaması fonunda Vaşinqtondan edilən yardımların azalacağına dair siqnallar gəlir. Bəzi mənbələrə görə, bu gedişlə gələn ilin may-iyun aylarında edilən dəstək tükənə bilər. Nəzərə alsaq ki, seçki ilində ABŞ-nin başı adətən özünə qarışır, durumun daha acınacaqlı olacağına dair proqnozlar real gözləntiləri əks etdirir. 

Avropadan fərqli olaraq biz ABŞ və bütövlükdə Qərbin ikili standartlarına, ikiüzlü siyasətinə çoxdan bələdik. Son bir neçə aydır Vaşinqtondan səslənən ermənipərəst bəyanatlar və anti-Azərbaycan ritorikası riyakarlığın yeni dalğasının təzahürüdür. Azərbaycan torpaqlarının 30 illik işğalını acı gerçəklik kimi bizə qəbul etdirməyə çalışan Vaşinqton indi yekun sülh müqaviləsi üçün dəridən-qabıqdan çıxır, çünki masada Ermənistanın bir dövlət kimi olub-olmaması təhlükəsi var. Ermənistanın İrandan özünə qaz kəməri çəkməsi, bu ölkə ilə ümumi “qırmızı xətt”lərə malik olması 30 il ərzində ABŞ-ni qıcıqlandırmırdı, ancaq indi okeanın o tayında Azərbaycanın cənub qonşusunun ərazisindən keçirəcəyi yoldan təşvişə düşüblər. Halbuki Azərbaycan sadəcə öz ərazisi ilə mütəmadi əlaqəsinin olmasına çalışır və bu, onun suveren hüquqdur. Ermənistanda Rusiyanın hərbi bazası fəaliyyətdədir, yerli iqtisadiyyat böyük ölçüdə Moskvanın nəzarətindədir və Vaşinqtonda illərdir bu konfiqurasiyanı təhlükə hesab etmirdilər. Ancaq Bakının qonşuları ilə sabit münasibətlər siyasəti Dövlət Departamentini narahat edir. 

ABŞ-ın prezidentliyə iki yaşlı namizədi kimi xarici siyasəti də qocalıb. Vaşinqtonun dünyaya baxışında, yanaşmasında restrukturizasiyaya ehtiyacı var. Nüvə silahı axtarışı ilə İraqa, terrorizmlə mübarizə üçün Əfqanıstana, demokratiya adı altında boyun əyməyənlərin həyatına müdaxilə keçmişdə qaldı. Amerika hələ də birqütblü dünya yuxusundan oyana bilmir, Barak Obamanın fotolarda göstərməyi sevdiyi dəyənək üzərində qurulmuş siyasət həm aktuallığını itirib, həm də heç kimi vahiməyə salmır. Bu mexanizm öz içindən çürüməyə başlayıb.

Azərbaycana hədyanlar yağdıran, Senatda ermənipərəst qətnamələrə müəlliflik edən senator ABŞ-nin dövlət sirrini başqa dövlətə satırsa, deməli, içindən yeyilən ağacın barı da çürükdür. 

“Bayden-Tramp-2” yarışması bizim üçün yeni və ya yeni-köhnə administrasiyanın Azərbaycana yanaşması prizmasından maraqlıdır. Düzdür, ABŞ kimi fövqəldövlətdə strateji baxış namizədlərin dəyişilməsi ilə az transformasiyaya uğrayır. Ancaq demokratlarla respublikaçıların dünyagörüşü və baxış fəlsəfəsində fundamental fərqlərin ilk növbədə elə xarici siyasətə sirayət etdiyini də unutmamalıyıq. Bayden administrasiyası Ermənistana dəstək üçün bütün mümkün addımları atıb. “Erməni genosidi” ifadəsini dilə gətirib, anti-türk ritorikası heç vaxt olmadığı qədər sərtləşib, Türkiyəyə hərbi təyyarələrin satışına maneə yaradılıb, Azərbaycana qarşı yönəlmiş 907-ci düzəlişin fəaliyyəti yenidən bərpa olunub və s. Yəni Vaşinqtonun dəyənək qismində illərdir istifadə etdiyi bütün rıçaqlar sınaqdan çıxarılıb. 

Respublikaçıların daxilində Türkiyə lobbisi, Ankara ilə münasibətlərə daha həssas yanaşan simaların çoxluğu amili var. Bu və demokratların son 4 ildəki siyasəti kontekstində respublikaçıların qələbəsi daha məqbul ssenari kimi nəzərdən keçirilə bilər. Trampın namizəd olaraq özəlliyi həm də ondadır ki, hətta təmsil etdiyi partiyanın kursundan belə müstəqilliyə malikdir. Trampın nə seçki kampaniyası ərzində, nə hakimiyyəti illərində qatı ermənipərəst addımlarını müşahidə etməmişik. Əksinə, Ermənistanın siyasi kuluarlarında Trampın ermənilər üçün narahat prezident olması barədə az qala yekdil rəy var. 2002-2020-ci illər ərzində ABŞ Azərbaycana təhlükəsizlik məsələlərinə görə 164 milyon dollar maliyyə yardımı ayırıb. Bu məbləğin təqribən 100 milyonu Tramp hakimiyyətinin 2018-19-cu illərdə ayırdığı yardımın payına düşür. Yerevanda bu faktı olduqca ciddi qəbul edir və Trampın yenidən seçilmə ehtimalından məmnun olmadıqlarını gizlətmirlər. Ukrayna istiqamətindəki staqnasiya və ABŞ-da prezident seçkilərinin arzuolunmaz sonucu kökə axtarışında olan Ermənistanı yenidən Rusiya dəyənəyi ilə üz-üzə qoyacaq. Azərbaycan Prezidentinə zəng edən Blinken bu səbəbdən tələsir – yekun sülh müqaviləsi Yerevana hava-su kimi lazımdır. 

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir