Kubra Məhərrəmova yazır…
Sanki dünyanın bizimlə qəsd-qərəzliyi var. Hər iki-üç ildən bir pandemiya ilə, xəstəliklə bizi sınağa çəkməsə, olmaz. 2020-ci ildə COVID-19-la bağlı yaşadığımız böhran, əsəb, stres, qorxu canımızdan çıxmamış 2023-cü ilin son ayında yeni virusun “anons”unu eşidirik.
Bir neçə gündür ki, dünya KİV-i Çində uşaqlar arasında yayılan yeni pnevmoniya barədə xəbərlər tirajlayır. Koronavirusdan fərqli olaraq bu dəfə yeni virus uşaqları hədəf alıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çindən ölkənin şimalında uşaqlar arasında yayıldığı bildirilən “diaqnozu qoyulmamış pnevmoniya halları” ilə bağlı əlavə məlumat istəyib. Anlaşılan odur ki, bu, hər nədirsə, əvvəlki viruslara oxşamır.
Çox qapalı ölkə olduğu üçün isə Çin dünyaya ancaq istədiyi və ya məsləhət bildiyi qədər məlumat ötürür. İçəridə nəyin baş verdiyini isə söyləmək və öyrənmək olduqca çətindir.
Ən son məlumatlara görə isə Çinin bəzi yerlərində uşaq xəstəxanaları xəstə uşaqlarla dolub-daşır, ekspertlər nə baş verdiyini anlamağa çalışırlar. Bu ssenari bizə COVID-19-u xatırlatdı desək, yanılmarıq.
Yadınıza gəlirsə Çin uzun müddət COVID-19-un nə dərəcədə təhlükəli olması barədə məlumatı yumşaq desək gizlədirdi. Amma virus elə bir şeydir ki, sərhəd tanımır. İstədiyi yerdən keçib başqa ölkəyə daxil ola bilər.
İndi yenə də bütün diqqət Çinə yönəlib. Uşaqlarda bu dərəcədə geniş yayılan sətəlcəmin yeni növü özündə hansı təhlükəni gizlədir? Bundan qorunmaq üçün nə etmək lazımdır? Uşaqlarda hansı fəsadların yaranmasına gətirib çıxarır?
Çin səlahiyyətliləri isə hələ ki susur. Sadəcə şərh verirlər ki, antikovid tədbirləri yumşaldığı üçün kəskin respirator xəstəliklər çoxalıb. Nəfəsimizi dərib 2023-cü ilin sağ-salamat getməsini gözləyirdik ki, planlar dəyişdi.
Planlarımızı dəyişən daha bir hadisə elə ölkəmizdə baş verən qızılca, hepatit A virusunun məktəblilər və daha balaca uşaqlar arasında yayılmasıdır.
Bu da sirr deyil ki, bütün bunlar durduq yerə baş vermir. O zaman nə baş verir?
Əldə olunan məlumata görə, Azərbaycanda artıq üç azyaşlı qızılcadan həyatını itirib. Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla isə bildirib ki, qızılca xəstəliyinə yoluxma ömürdə bir dəfə olur, sonra insanda daimi immunitet yaranır, ikinci dəfə yoluxma olmur. Amma heç vaxt qızılcaya yoluxmayanlar peyvənd olunsalar belə, qızılcaya yoluxa bilərlər. Sadəcə, peyvənd olunduqları üçün xəstəliyi çox yüngül keçirirlər. Buna görə də vaksinasiya vacibdir.
Tibb elmləri doktoru bir daha peyvəndin vacibliyini önə çıxarıb. Açıqlama verib ki, peyvənd olunanlar xəstəliyi çox yüngül keçirirlər. Buna görə də vaksinasiya vacibdir. Adil Qeybulla onu da qeyd edib ki, qızılcanın bu qədər yayılması hamımızı düşünməyə vadar edir. Son vaxtlar bütün dünyada qızılcaya yoluxma 30%-ə qədər artıb.
Bizim uşaqlıq illərində ara-sıra qızılcaya yoluxma halları olsa da, ölüm halı olmurdu. Nəzərə alsaq ki, bu gün Azərbaycanda nəinki uşaqlar, həm də böyüklər arasında da qızılca virusu geniş yayılıb, sual olunur, bu qızılca elə həmin qızılcadırmı? Yoxsa, yeni versiyadır?
Media qurumlarından əldə etdiyimiz məlumata görə qızılca ilə bağlı vəziyyət Ermənistanda da ürəkaçan deyil. Belə ki, Ermənistanda qızılcaya yoluxanların sayı 500 nəfəri keçib. Təkcə son bir həftədə Ermənistanda qızılcaya dördü uşaq olmaqla beş yeni yoluxma halı qeydə alınıb. Ümumilikdə qızılcaya yoluxanların sayı isə 513-ə yüksəlib, onlardan 365-i uşaq, 148-i yetkindir. Yoluxanlardan dördü xəstəxanaya yerləşdirilib. Ən azından Ermənistanda qızılcadan ölüm faktı yoxdur.
Ölkənin elm və təhsil naziri Emin Əmrullayev isə vəziyyətlə bağlı jurnalistlərə bildirib ki, qızılca xəstəliyinə yoluxanların sayı ayrı-ayrı məktəblərdə tək-təkdir: “Başa düşməliyik ki, indiki vəziyyət valideynlərin səkkiz-doqquz il əvvəl verdiyi qərara görədir. Xəstəliyin artımı müəyyən müddətdə izlənilməlidir. Hazırda alınan rəqəmlərə görə, bu halla bağlı böyük epidemiya təhlükəsi görmürük”.
Daha sonra isə valideynlərə çağırış edib ki, övladlarına vaxtında peyvənd vurdursunlar.
İndi gəlirik əsas məsələyə, valideynlər niyə qızılca və digər infeksion xəstəliklərin peyvəndlərindən imtina edirlər?
Bəziləri düşünür ki, bu peyvəndlər uşaqda autizm və digər əqli geriliyi özündə ifadə edən xəstəliklər yarada bilər. Bunun elmi əsası olmasa da, xeyli sayda valideyn bu fikirlə razılaşır və buna inanır. Bəziləri isə düşünür ki, madam ki, qızılca, difteriya, poliomielit və s. kimi xəstəliklər yoxdursa, o zaman niyə uşaqlara peyvənd vurdursunlar?
Və əsas məsələ ortaya çıxır, əslində infeksiya və viruslar hər zaman bizimlədir. Bəziləri daha da güclənib, daha da ölümcül olub. Bu da təbiətin qanunauyğunluğudur.
Sadəcə onilliklər ərzində aparılan peyvənd siyasəti (bütün dünya üzrə) bu viruslara qarşı ümumbəşəri immunitet yaradıb. Elə bu dəqiqə bütün dünya peyvəndləməni dayandırsa bir müddət sonra yenə XX əsrin əvvəlində olduğu kimi, virus və infeksion xəstəliklər səbəbindən kütləvi şəkildə məhv olarlar. Və bu pandemiyanın qarşısını da kimsə ala bilməz.
Pandemiya demişkən, görəsən Çində uşaqlar arasında baş qaldıran yeni sətəlcəm virusunun pandemiyaya çevrilməsi nə qədər realdır?
Niyə Çinin şimalında xəstəxanaların uşaqlarla daşıb-dolduğu vaxtda sözügedən ölkənin rəhbərliyi məlumatları məxfi saxlayır? Əgər bu virus Çinin sərhədlərini aşsa, o zaman biz hansı virusla üz-üzə qalacağıq?
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə açıqlama verdi ki, bu virusun pandemiya yaratması ehtimalını düşünmür. Nə deyirik, təki elə olsun. Yoxsa hər üç ildən bir pandemiya olsa, daha bizdə can qalmaz…
www.102info.az