Qaraya bürün, ellə sürün: Əksəriyyət niyə tünd rəngli geyimlərə üstünlük verir?

Cəmiyyət


İnsanlar danışmadan və hansısa bacarıqlarını nümayiş etdirmədən öncə onlar haqqında ilk fikir geyimlə formalaşır. Geyim tərzilə onun psixologiyasını, tələskənliyi, ciddiliyi və digər xüsusiyyətlərini, az da olsa, müəyyən etmək olur. Öz milli geyimlərindən istifadə edənlər isə asanlıqla hansı xalqın nümayəndəsi olduqlarını bildirirlər.

Azərbaycan xalqının da milli geyimi var ki, hazırda onlar xalqın tarixi, yaşayış tərzi və ümumi zövqündən xəbər verəcək element kimi qorunub saxlanır.

Yəni hazırda məişətdə o geyimlərdən istifadə edilmir. Bu həm də dövrün tələbidir. Buna baxmayaraq, müəyyən ölkə və şəhərdə olduqda şəhərin memarlığı, insanların yaşayış, davranış tərzi ilə yanaşı onların geyimi də önəmlidir.

Azərbaycanlıların isə konkret geyim tərzi formalaşmayıb. Bakıda rəngli geyinən, xüsusi tərzi olan insanlara rast gəlinsə də, bölgələrdə monotonluq hökm sürür. 

Paytaxtın özü də insanların geyim tərzinə görə fərqlənir. Şəhərin mərkəzində parıltılı və rəngli insanlara rast gəlinsə də, mərkəzdən uzaqlaşanda boz və qara rəngin aurasına düşmək mümkündür. Bunun müəyyən səbəbləri var.

Ölkəmizdə boz və qara rəngli geyimləri daha çox kişilər geyinirlər. Yaz və yay aylarında bu, çox gözə çarpmasa da, qış aylarında kütləvi yerlərdə, avtobus və metroda qara geyimli insan axını ilə hamımız rastlaşmışıq.

Niyə insanlar, əsasən də kişilər qara rəngə üstünlük verirlər? Buna səbəb nədir, mentalitet, ümumi zövqün formalaşmaması, yoxsa maddi durum?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan modelyer Leyla Əhmədova deyib ki, Azərbaycanda rəngli geyinən kişilərə münasibət birmənalı deyil:

“Qara rəng çox güclü və daim istifadə olunan rəngdir. Kişilərin buna üstünlük verməsi daha çox işlə əlaqədardır. İşə gedən kişilər ağ və ya digər açıq rəngdə şalvar geyinsələr, gərək ayda bir şalvar dəyişsinlər. Ona görə də tünd rənglərə üstünlük verirlər. Kişilər parlaq geyinəndə onlara başqa gözlə də baxırlar. Azərbaycanın gözəl mentaliteti var, adət-ənənəmiz belədir”.

Onun sözlərinə görə, hazırda gənclər dəblə çox ayaqlaşırlar:

“Xalçalarımızda, naxışlarımızda rəngarənglik olub, ümumiyyətlə, geyimlərimizdə də parlaq rənglərdən istifadə olunub. Kişilərə tövsiyə edirəm ki, köynək, qalstuk, şərf və kəmərlərdə parlaq rəngləri istifadə eləsinlər. Qırmızının və hər rəngin boz və parlaq çalarları var. Onları tutuşdurmalı və gözəl təqdim eləməlisən. Baxırsan ki, sadə geyimi var, amma o qədər səliqəli geyinib, adama xoş gəlir. Hər bir geyimin öz yeri var, insan ona uyğun geyinəndə tərzini qorumuş olur. Modelyer kimi cavanların dəblə uyğunlaşmasına baxıb, onlara afərin deyirəm”.

“Qanun” nəşrlər evinin rəhbəri, fərqli geyim tərzi ilə seçilən Şahbaz Xuduoğlu da Bizim.Media-ya mövzu ilə bağlı fikirlərini bölüşüb. O, insanın daxildəki rəngarəngliyinin çölünə təzahür etdiyini bildirib:

“Bunun bir resepti yoxdur və zövqlərə bağlı olan məsələdir. İnsan həyatı bizə onu zülmətdə saxlamaq üçün verilməyib. İnsan həyatı rənglidir, işıqlıdır, parlaqdır. Həyatımız əsəb, gərginlik, mübahisə və dedi-qoduya görə mövcud deyil. Daha yaxşı yaşamalı, xoşniyyətli olmalıyıq ki, bunlar da insanın geyimində öz əksini tapsın. Azərbaycan təbiət baxımından rəngarəng yerdir. Əgər təbiətlə harmoniyada yaşamış olsan bu, sənin geyimində də öz əksini tapmalıdır. Şimal ölkələrində, hətta soyuq ölkələrdə çox rəngarəng geyinirlər, amma ölkəmizə gələndə təbiətin rəngarəng olmasına rəğmən, geyimlər elə deyil”.

Kişilərin geyimi ilə bağlı ölkədə qəlibləşmiş fikrin olduğunu deyən naşir bunun dinlə əlaqəsi olmadığı qənaətindədir:

“Pakistan və ya Hindistanda eyni dini paylaşan insanlar çox rəngli geyinirlər. Ölkədə kişilərin geyimi ilə bağlı formalaşmış bir fikir var. Həqiqi oxuyan insanların sayı artır, dünya görüşü təzələnir, inkişaf edir, insanlar başa düşürlər ki, kimə nə rahatdırsa, onu geyinməlidir. Əsas insanın düşüncəsinin gözəl, rəngli olmasıdır. Biz əsgər kimi daim eyni libasda, eyni rəngdə olmaq məcburiyyətində deyilik, əhvalımıza uyğun geyinməyi bacarmalıyıq”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir