Yük maşınlarına ressor sayının çoxluğuna görə yazılan cərimələr qanunsuzdur? – DYP-dən AÇIQLAMA + FOTO

Cəmiyyət


Yük avtomobillərinə bəzən qanunsuz olaraq cərimə protokolları yazıldığı barədə iddialar var. Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Qeyd edilir ki, söhbət yük maşınlarına ressor sayının çoxluğuna görə Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən yazılan cərimələrdən gedir. Sosial şəbəkələrdə müzakirələr açan yük maşını sürücüləri əsası olmayan cərimələrin yazılmasına aydınlıq gətirilməsini istəyiblər.

İddia edilir ki, qanuni əsası olmayan cərimələr barədə müraciət olunarsa, məsələ araşdırılır. Nəticədən asılı olaraq, cərimələr ya silinir, ya da məhkəməyə müraciət edilir.

Bəs görəsən, yük maşınlarında ressor sayına görə DYP əməkdaşlarının yazdığı cərimə əsaslıdır, yoxsa əsassız?

Məsələ ilə bağlı rəsmi məlumat almaq və bu barədə sürücülər tərəfindən hər hansı şikayətin olub-olmadığını dəqiqləşdirmək məqsədilə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq.

İdarənin inspektoru, polis leytenantı Elvin Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, yük avtomobillərinin asqılarında, o cümlədən yarımsərt asqıların elastik elementi olan ressorlarda konstruksiya dəyişikliyinin aparılması məsuliyyət yaradır:

“Belə ki, belə halların aşkarlanması zamanı DYP əməkdaşları “Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 85-ci maddəsinin 9-cu bəndinə əsasən, yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirirlər. Yəni Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşı İnzibati Xətalar Məcəlləsinin (İXM) 96.1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, yəni nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə fiziki şəxslər nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılırlar. Həmçinin, həmin hallar aradan qaldırılanadək nəqliyyat vasitəsi saxlanılması üçün müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına göndərilir.

Nəzərinizə çatdırırıq ki, nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıqların quraşdırılması və ya dəyişdirilməsi – nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulması hesab olunur. Bu hallar İnzibati Xətalar Məcəlləsinin (İXM) 342-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yaradır”.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir