Məhkəmə proseslərinin vaxtında başlamasına nəzarət gücləndirilib – RƏY

Cəmiyyət


Ölkəmizdə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaş məmnunluğunun artırılması istiqamətində tədbirlər davam etdirilir. Mövcud olan nöqsanların aradan qaldırılması ilə bağlı da artıq əməli fəaliyyət müşahidə olunmaqdadır. Məhkəmə hakimiyyətinə qarşı tez-tez səsləndirilən iradlardan biri də məhkəmə iclaslarının vaxtında başlamaması ilə əlaqədar idi. Bu problemin aradan qaldırılması üçün hətta ekspertlər, vəkillər tərəfindən də konkret təkliflər səsləndirilirdi.

Bəs hazırda bu sahədə vəziyyət necədir? Məhkəmə prosesləri vaxtında başlayırmı?

Mövzu ilə bağlı e-huquq.az-a danışan vəkil Nərmin Əliyeva bu sahədə müsbət dəyişikliklərin olduğunu deyib.

“Əvvəllər biz vəkillər bu problemdən doğrudan da çox əziyyət çəkirdik. İclasın başlamasını bəzən yarım saat, bir saat gözləməli olurduq. Hətta olub ki, prosesin başlamasını iki saatdan çox gözləmişəm. Hazırda isə gecikmələr çox nadir hallarda baş verir. Fikrimcə, proseslərin vaxtında başlamamasının səbəblərindən biri də hakimlərin çıxış üçün tərəflərə həddindən artıq vaxt verməsidir. Məsələn, tərəf uzun-uzadı danışır və hakim onun çıxışını kəsib demir ki, bu, işin mahiyyətinə aid deyil. Ona görə də iclasın vaxtı uzanır və digər prosesə gələn tərəflər də gözləməli olur. Düzünü demək lazımdır ki, bəzən vəkillər də məhkəmə iclasına gecikir və bu da iclasın vaxtında başlamasına mane olur”, – deyə o qeyd edib.

Vəkilin fikrincə, məhkəmə sədrlərinin iclasların vaxtında başlamasına nəzarət etməsi çox böyük effekt verə bilər: “Ümid edirəm ki, hakimlər artıq sədrin nəzarət etdiyini görüb bu məsələdə daha diqqətli olarlar”.

Vəkil Samir Şərifov isə deyib ki, iclasların vaxtında başlamasının səbəblərindən biri məhkəmələrdə iş yükünün həddindən artıq çox olmasıdır:

“Bir hakimin icraatında gün ərzində nə qədər iş olur və buna görə də bəzən iclası özlərindən asılı olmayan səbəblərdən vaxtında başlaya bilmirlər. Hesab edirəm ki, problemin həlli istiqamətində atılacaq addımlardan biri də hakimlərin sayının artırılması olmalıdır. Bundan başqa, qanunvericiliyin təkmilləşdirilməsi ilə bəzi lüzumsuz işlərin məhkəməyə gedib çıxmasının qarşısını almaq olar ki, bu da iş yükünü nisbətən azaltmaqla proseslərin vaxtında başlamasına müsbət təsir edər”.

S.Şərifov deyib ki, məhkəmə sədrləri də iclasların vaxtında başlamasına nəzarət etməyə çalışırlar: “Amma qeyd etdiyim məsələlər həllini tapmadıqca bu problemin tam şəkildə aradan qalxması mümkün deyil”.

Vəkil Cəmilə Ağayeva açıqlamasında məhkəmə iclaslarının vaxtında başladığını və bununla bağlı narazılığının olmadığını söyləyib:

“Mən daha çox mülki işlərdə vəkil kimi iştirak edirəm. Deyə bilərəm ki, mülki işlər üzrə məhkəmə proseslərinin vaxtında başlamaması halları çox nadirən ola bilər. Demək olar ki, son bir ildə belə bir halla rastlaşmamışam. Proseslər hər zaman vaxtında başlayır. Bu barədə narazılığım yoxdur”.

Vəkil Nicat İmanov bildirib ki, məhkəmə iclaslarının vaxtında başlamaması problemi bəzi məhkəmələrdə artıq həllini tapıb:

“Bəzi məhkəmələrdə bu məsələ ilə bağlı vəziyyət artıq düzəlib. Məsələn, Bakı Ağır Cinayətlər Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi, Səbail Rayon Məhkəməsi, Ali Məhkəmədə vəziyyət qaydasındadır. Lakin başqa məhkəmələrdə problem qalmaqdadır. Gecikmələr əsasən cinayət işlərində olur. Mülki işlərdə problem yoxdur, iclaslar vaxtında başlayır”.

N.İmanov da iclasların vaxtında başlamamasını iş yükünün çox olması ilə əlaqələndirib:

“Hakimlərin sayı az, iş yükü isə çoxdur. Başqa bir səbəb isə məhkəmələrdə iclas zallarının kifayət qədər olmaması ilə bağlıdır. Həm də nəzərə almaq lazımdır ki, bəzən tıxac səbəbindən də konvoylar tərəfindən təqsirləndirilən şəxslərin məhkəməyə gətirilməsi gecikə bilir. Yaxud şahid iclasa gecikir. Yəni, belə problemlər çoxdur. Hamısı insan faktoru ilə bağlıdır. Amma əvvəlki illərə baxanda vəziyyət xeyli yaxşılaşıb”.

Vəkil Hikmət Əmiraslanov sözügedən problemin həlli üçün ilk növbədə hakimlərin sayının artırılmalı olduğunu deyib:

“Məhkəmə iclaslarının vaxtında başlaması problemi hələ də qalmaqdadır. Əsas problem hakimlərin iş yükünün çox olması ilə bağlıdır. Ona görə də hakimləri də qınamaq olmur. Bu problemdən ən çox əziyyət çəkən də vəkillərdir. Çünki bir proses gec başladıqda artıq digər proseslərə də vaxtında çata bilmirik. Buna baxmayaraq, vəziyyəti anlayışla qarşılamağa çalışırıq”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir