Mərkəzi Aran Regional Təhsil İdarəsi Ağdaş rayon məktəblisinin qollarını kəsərək özünə xəsarət yetirməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, idarənin tabeliyində fəaliyyət göstərən Ağdaş şəhər M.İsayev adına tam orta məktəbin 8 “a” sinif şagirdi dekabrın 5-i, saat 21 radələrində sol qolunu bir neçə yerdən kəsərək özünə bədən xəsarəti yetirib:
“Daha sonra bunu “Instagram” sosial şəbəkə hesabında canlı yayım açaraq paylaşıb. Bundan sonra hüquq-mühafizə orqanının “Çağrı Mərkəzi”nə müraciət edərək onun sosial şəbəkə izləyicisi olduğu şəxsin nalayiq ifadələr yazdığını bildirib. Dekabrın 6-da dərsdə iştirak etməyən qız həmin gün saat 15:00-da məktəbə dəvət olunub və onunla profilaktik söhbətlər aparılıb”.
İdarədən vurğulanıb ki, söhbət zamanı qız stresə düşdüyünü və əsəbiləşərək bu əməli törətdiyini vurğulayıb:
“Şagirdin polis şöbəsində verdiyi izahatında hadisəyə səbəb kimi anasının nənəsini döyməsi və bıçaqla fiziki zorakılıq tətbiq etməsi faktı təsdiqini tapmayıb. Hazırda məktəblinin vəziyyəti normaldır və dərsdə iştirak edir. Bundan əlavə, şagirdlə mütəmadi olaraq məktəbin psixoloqu tərəfindən görüşlər keçirilir”.
Qeyd edək ki, ötən gün Ağdaş rayonunda yeniyetmə qızın intihara cəhd etməsi barədə məlumat yaymışdıq.
İlhamə Əbülfət
www.102info.az