“Həyat Hekayəsi”: “35 ildir atamın məzarını ziyarət edə bilmirəm” – VİDEO

Cəmiyyət


Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

Oxu.Az xəbər verir ki, “Hər kənd özünə müdafiə üçün səngər qazmışdı” adlı veriliş Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Sarıyaqub kənd sakini Arifə Əhmədovanın həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq və məktəb illərini xatırlayıb, iki dağın arasında yerləşən kəndləri ilə bağlı maraqlı xatirələrindən söz açıb:

“Orta məktəb illərində rus dili çox az tədris edildi. Ermənilər məqsədli şəkildə bizim kəndə nə rus dili, nə də ingilis dili müəllimi göndərmirdilər. Bizə bir il erməni dili tədris edilirdi. Erməni dili dərsində heç kim oturmurdu”.

Onun sözlərinə görə, Novruz bayramı ərəfəsində bütün qonşular, hamı böyük bir tonqal qalayar və o tonqalın ətrafına yığışardı.

A.Əhmədova məcburi deportasiyalar zamanı ailəsinin çox ağır günlər yaşadığını söyləyib:

“Rəhmətlik anam deyirdi ki, 1918-ci ildə kəndə ermənilər hücum edəndə biz təndirə girdik, qonşular üstünə ağır daş qoydular ki, bizi güllələməsinlər, qılınclamasınlar. Ermənilər kəndə girib insanları quyuya doldurub üstünü daşlayıblar.

1988-ci ildə də biz kənd avtobusları ilə rayona gedirdik. Ermənilər avtobuslara hücum edib daşlayırdılar. Kənddə sovet ordusu var idi. Rusiyalı komandir bizə üç gün vaxt verdi və dedi ki, buranı tərk etməsəniz, ermənilər gəlib sizi güllələyəcəklər. 1988-ci ilin noyabr ayında hamı yavaş-yavaş ailəsini Göyçədən, kəndlərdən çıxarmağa başladı. Biz Kəlbəcərə gəldik, Dalqılınclı kəndində sığındıq. Hərə bir yerə dağıldı, pərən-pərən düşdük”.

Qaçqınlıq həyatının çətin olduğunu, Vətənə qayıtmaq ümidini hələ itirmədiyini vurğulayan A.Əhmədova uluların qəbri olan torpaqlara mütləq dönəcəklərinə əminliyini ifadə edib:

“Ora bizim əzəli torpağımızdır. Bizim orada babamız, nənəmiz, anamız doğulub. Orada erməni olmayıb. Hər bir insan istəyir ki, öz torpağında, öz Vətənində yaşasın, orada böyüsün, inkişaf etsin, onun nəsli-kökü davam etsin, orada ölsün. Mən 35 ildir atamın məzarını ziyarət edə bilmirəm. Hər kəs o torpağın həsrətindədir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir