Braziliya hökuməti Azərbaycan və Ermənistanın yaydığı birgə açıqlamaya münasibət bildirib

Cəmiyyət


Braziliya hökuməti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikasının Baş nazirinin Aparatının yaydığı birgə açıqlamaya münasibət bildirib.

Bu barədə Azərbaycan Respublikasının Braziliyadakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, Braziliya hökuməti iki ölkə arasında münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişi əldə etmək niyyətlərini məmnunluqla qeyd edib.

Mətbuat relizində o cümlədən, Birgə Bəyanatda əksini tapmış məhbusların qarşılıqlı azadlığa buraxılması, Ermənistanın Azərbaycanın COP-29-a ev sahibliyi etmək üçün namizədliyini dəstəkləməsi və iki qonşu ölkə arasında etimadın gücləndirilməsi tədbirləri müsbət hal kimi qeyd olunur. Braziliya tərəfi həmçinin Cənubi Qafqazda dialoqun, əməkdaşlığın və rifahın inkişaf etdirilməsi üçün yeni dövrün başlanmasına təkan vermiş bu təşəbbüsə görə hər iki ölkəni təbrik etmiş və münaqişələrin yalnız beynəlxalq hüquq prinsiplərinə əsaslanaraq diplomatik yollarla həllinin vacibliyini qeyd edib.

Braziliyanın erməni diasporunun sıx məskunlaşdığı və aktiv fəaliyyət göstərdiyi bir Latın Amerikası ölkəsi olmasına baxmayaraq, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhəd toxunulmazlığı Braziliya tərəfindən  dəstəklənib. Təsadüfi deyil ki, Azərbaycanın vaxtı ilə işğal olunmuş torpaqlarının tam və qeyd şərtsiz qaytarılmasına dair BMT Təhlükəsizlik Şurasının (TŞ) məlum dörd qətnaməsi 1993-cü ildə Braziliyanın BMT TŞ-da qeyri-daimi üzvlüyü zamanı, hətta 874 saylı qətnamə Braziliyanın BMT TŞ-da sədrliyi dövrünə qəbul edilib.

Braziliya tərəfi həmçinin, bu ilin 16 avqust tarixində BMT TŞ-da keçirilmiş müzakirələrdə ölkəmizə münasibətdə tutduğu mövqeni bir daha sərgiləyib, o cümlədən Ağdam-Xankəndi marşrutunun istifadəsi mümkünlüyünün araşdırılmasına çağırış edib.

Bu il Azərbaycan və Braziliya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd edilir və bu münasibətlə hər iki dövlət başçısı tərəfindən qarşılıqlı olaraq təbrik məktubları ünvanlanıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir