Mehriban Zeynalova: “Ərinin üç dəfə bıçaqladığı qadın var, hələ də ümid edir ki, düzələcək” – MÜSAHİBƏ + FOTO

Cəmiyyət


“Gün ərzində üç-yeddi müraciət gəlir. Biri deyir, atam döyür, biri deyir, ərimlə küsmüşəm, biri deyir, qardaşımdan qorxuram, biri deyir, üç uşaqla küçədə qalmışam, yaşamağa yerim yoxdur. Hamı deyir ki, bizi sığınacağa qəbul edin. Sığınacaq genderəsaslı zorakılıq qurbanları üçün nəzərdə tutulub, bu kimi müraciətlərdən bəzən, həqiqətən, təhlükədə olan adama kömək edə bilmirik”.

Bunları Oxu.Az-a müsahibəsində “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib. Onunla müsahibəni təqdim edirik:

– Son günlər sığınacaqlara müraciətlərin sayı ötən illərlə müqayisədə artıb. Sizin fikrinizcə, bu nə ilə əlaqəlidir?

– Şikayət və müraciətlərin məzmunu fərqlidir. Gün ərzində bizə “Instagram”, “Facebook”, “WhatsApp” platformaları üzərindən müraciətlər daxil olur. Eləcə də telefon vasitəsilə gün ərzində üç-yeddi müraciət gəlir. Bundan başqa, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində olan Sosial Xidmətlər Agentliyindən, yerli icra hakimiyyətlərinin müvafiq şöbələrindən, eləcə də polislər tərəfindən sığınacağa gətirilən şəxslər olur. Onların müraciətləri sənədlərinin qaydasında olmaması, hansısa təhlükəyə məruz qalmaları və s. digər meyarlar əsasında qiymətləndirilir. Zəng edib deyirlər ki, sığınacağa gəlmək istəyirik, amma sığınacağın mahiyyətini bilmirlər.

– Daha çox nəyə görə gəlmək istəyirlər?

– Bilirsiniz, sığınacaq sosial problemlərdən qaçmaq üçün deyil. Sosial problemli adam olur ki, deyir, məni kirayə qaldığım evdən çıxarıblar, uşaqlarla küçədəyəm, qalmağa yerim yoxdur. Biz hər belə müraciət edənlərə qapını açsaq ki, gəlin, burada tərpənməyə yer olmaz. Biz daha çox, həyati təhlükəsi olan qadınları sığınacağa qəbul etməliyik.

Sosial problemlər üzündən müraciət edənləri daha çox ƏƏSMN-in yanında Sosial Xidmətlər Agentliyinə istiqamətləndiririk. Bəzən də olur ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edərək həmin ailələri müvafiq mərkəzlərində yerləşdirmələrini rica edirik. Yəni vətəndaşların probleminə uyğun onları istiqamətləndiririk.

Bəzən telefonda ilkin hüquqi yardım da göstərilir. Uşaqlarla bağlı müraciətləri birmənalı götürürük. Amma oğlan uşaqlarını 12 yaşa qədər, qız uşaqlarını isə yenidoğulmuşdan 65 yaşa qədər qadınlar olmaq şərtilə. Çox yaşlı adamları da götürə bilmirik, çünki onlara ayrıca xidmət paketi lazımdır və xüsusi qayğıya ehtiyacları var.

– Bəs əlilliyi olan şəxslərdən müraciətlər gəlirmi?

– Biz, əslində, bu məsələləri də mütəmadi olaraq tədbirlərimizdə müzakirə edirik. Bu gün bizdə əlilliyi olan şəxslərin sığınacağa qəbul edilməsi üçün imkanlar yoxdur. Onlar üçün xüsusi xidmət paketi formalaşdırılmalıdır. Xüsusilə də, baxır əlillik dərəcəsinə və şəxsin vəziyyətinə. Şəxs müəyyən mənada öz gündəlik ehtiyaclarını özü qarşılaya bilirsə, fiziki məhdudiyyəti çox deyilsə, onu götürə bilirik. Yox, əgər əlillik dərəcəsi ağırdırsa, ona mütləq şəkildə kimsə xidmət göstərməlidir, o zaman biz onu Sosial Xidmətlər Agentliyinə yönləndiririk. Heç kimi bacardığımız qədər köməksiz, naümid qoymuruq.

Bəzən onlara başqa sığınacaqların əlaqə nömrələrini də veririk. Yəni istənilən şəxs bu məlumatları ala bilir bizdən. Yerli icra hakimiyyətlərində xüsusi komissiyalar var ki, onlar müraciət edənlərin təhlükəsizliyini tam təmin edə bilirlər.

– Bu gün sığınacaqlar içərisində hər kəsin etibar etdiyi, gəlmək istədiyi iki müəssisə var. Biri Mehriban Zeynalovanın, digəri Kəmalə Ağazadənin. Necə düşünürsünüz, niyə digər sığınacaqlara üz tutmaq istəmirlər? Güvən formalaşdırıla bilmir, yoxsa sizin sığınacaqlarda cəlbedici nəsə var?

– Deməzdim ki, digər sığınacaqlarda yaxşı baxılmır. Bu, bir az ədalətsizlik olardı. Adamlar var ki, rayona getmək istəmirlər. Özləri rayondan gəlib, ailə qurub, sosial problemlər yaşayırlar, amma regionlardakı sığınacaqlara yönəldirik, getmirlər. Bakıda yerləşiblər, kirayə haqqını da ödəyə bilmirlər. Elə böyük həyati təhlükələri yoxdur ki, nəzərə alasan. Onlar oraya qayıtmaq istəmirlər. Bəziləri əsaslandırırlar ki, iş yeri yoxdur. Bu gün bəzi insanlar var ki, qeydiyyatı rayondadır, amma özləri Bakıda yaşayırlar. Bu məsələ ilə yerli icra hakimiyyətləri, eləcə də aidiyyəti qurumlar da maraqlanmalıdırlar. Məsələn, sənədləri olmayan şəxslər var ki, onların qeydiyyata düşmək üçün yerləri yoxdur. Heç rayonda da qohum-əqrəbaları sənədlərini qaydaya salmaqda onlara kömək etmirlər. Bu, bizim ən ağrılı yerimizdir.

Biz daha çox, problemləri işıqlandırırıq, ictimailəşdiririk deyə bizə üz tuturlar. Amma bu o demək deyil ki, regionlardakı sığınacaqlar xidmət göstərməkdən imtina edirlər. Bu gün bizim sığınacaqda 49-50 qadın var.

Gəncədə Südabə xanımın sığınacağı var ki, oraya da müraciət edilə bilər. Məsələn, bizim sığınacaqda təxminən 50 nəfərlik yer var, Kəmalə xanımda 30-45 nəfəri saxlamaq üçün şərait var. Gəncədə, Südabə xanımgildə 22 nəfərlik yer var, Sabunçuda uşaq sığınacağı var, 60 nəfər üçün, təmir-bərpa işləri görürlər. Yəni sığınacaqlar çoxdur. Bizim fərqimiz təkliflər verməyimiz, hansısa hadisələrə sosial şəbəkə üzərindən reaksiya verməyimizdir. İstər vətəndaş olaraq, istərsə də qeyri-hökumət təşkilatı olaraq aktiv fəaliyyətdəyik deyə, yəqin, insanlar bunu görür, elə yanaşırlar. Amma sadaladığım sığınacaqların da müxtəlif növ xidmət paketləri var.

– Bəs bu problemin həlli üçün nə kimi təklifləriniz var?

– Əslində, mən çox arzulayıram ki, qohumdan-qohuma dəstək proqramı formalaşdırılsın. Necə ki, əvvəllər qayınana-qayınatalar, valideynlər gəncləri tək qoymurdular, bu gün də elə olsun. Amma təəssüf ki, bu gün belə bir tendensiya yaranıb ki, nə valideynlər dəstək verirlər, nə də digər qohum-əqrəba. Əksər zamanlarda bunun səbəbi sosial durum, iqtisadi problemlərlə bağlı olur. Amma dövlətin qohumunu himayəsinə götürən şəxslərlə bağlı ayrıca proqramı olsa, yaxşı olar. Ən azından, ilkin dövrlərdə qalmağa ev verər, dəstək olar. Ya da heç olmasa, yerli icra hakimiyyətlərinin nəzdində müvəqqəti dəstək evləri olmalıdır. Bu evlər də ömürlük deyil. Bir-iki ay insanlar iş tapana qədər, sosial durumları düzələnə qədər qalsınlar, sonra ərazi üzrə yaşadıqları yerlərə gedib orada işləsinlər. Çıxış yolları tapmaq olar. Amma bütün əhalinin Bakıya axışması – biri boşanıb gəlir, digəri rəsmi nikahı yoxdur deyə gəlir, əri atıb gedən gəlir, kirayə haqqını ödəyə bilmir, qaçır paytaxta və s. – düzgün deyil. Adam var, deyir ki, yer də istəmirəm, ayaq üstə qalım. Belə olmaz axı. İnsanıq, qıymırıq, gecə saatlarında qucağında uşaqla gələn qadını hava soyuq olanda götürürük sığınacağa. Problem odur ki, sonra getmək vaxtı gələndə getmirlər. Bizim sığınacağın fəaliyyət istiqaməti, hədəfi genderəsaslı zorakılıq qurbanlarına dəstək olmaqdır.

– Qadınlar niyə bu cür problemlərlə qarşılaşdıqdan sonra cəmiyyətə adaptasiya olmaq, övladlarına baxmaq üçün iş həyatına can atmırlar?

– Hər biri olmasa da, işləmək istəyən genderəsaslı zorakılıq qurbanı olan analar var. Sadəcə, onların əksəriyyəti övladını qoymağa yer tapmır. Bayaq dediyim kimi, qohum-əqrəba uzaqlaşır, ailə böyükləri dəstək olmaq istəmirlər ki, döyülsə də, söyülsə də, qadın ərinin evinə qayıtsın. Ona görə də mən çox istərdim ki, regionlarda günərzi qayğı mərkəzlərinin sayı çoxalsın. Analar uşaqlarını həmin mərkəzlərə qoyub, rahat işə gedə bilsinlər.

– Bu qədər təbliğat aparılır, maarifləndirici tədbirlər təşkil edilir, amma zorakılıq günbəgün artır. Niyə?

– Ümumiyyətlə, hər yerdə, xüsusilə keçmiş MDB dövlətlərində eyni proseslər gedir. Ehtiyaclar artır, problemlər şaxələnir, zorakılığın həddi genişlənir. Gender rolları dəyişdikcə münasibətlər gərginləşir. Eyni zamanda, iqtisadi baxımdan və iş yerləri baxımından, iş bacarıqları baxımından, zorakılıq və erkən nikah baxımından vəziyyət heç də yaxşılığa doğru getmir. Qızların təhsildən yayınması kimi halların artması bizi üzür.

Biz ötən il Özbəkistanda olduq, orada bu mövzularla bağlı dövlət proqramları ilə tanış olduq. Məsələn, onların “dəmir dəftər” deyilən bir modeli var. Burada həssas qrupların hamısı qeydiyyata alınır. Mərkəzləşmiş qaydada bir informasiya bankı yaradılıb. Orada hər ərazi bölgüsü üzrə bizim bələdiyyələr kimi məhəllə böyükləri var. Onlar öz ərazilərində olan həssas qruplarla sıx münasibətdə çalışırlar. Bizdə bələdiyyə hələ yeni-yeni bu proseslərə qoşulur. Sabunçuda, Binəqədidə olan bələdiyyələrlə biz sıx işləyirik. Bilirsiniz, hansı ərazidə ki bu istiqamətdə fəaliyyət göstərən QHT var, onlar yerli icra hakimiyyətləri, bələdiyyələrlə sıx əməkdaşlıq edirlər.

Əslində, çox yaxşı olardı ki, hər rayon üzrə müxtəlif sosial tipli QHT olsun və bələdiyyələrlə paralel işləsin. Məsələn, biz lazım gələndə dərhal bələdiyyələrə müraciət edirik, onlar da bizə müraciət edirlər. Belə bir əməkdaşlıq var. Amma bütün bələdiyyələrin bu proseslərdə iştirakı hələ ki kifayət qədər aktual deyil. Yəni bəziləri mövzunun mahiyyətini anlamaq, dəstək göstərmək məsələlərini o qədər də dərindən dərk etmirlər. Zorakılığın mahiyyətini gərək anlayasan. Dərk eləməsən, işləmək olmur. Əgər sən özün ətrafda baş verən zorakılıqlara qarşı stereotipləri qıra bilmirsənsə, “adət-ənənələrə sadiq” qalaraq ətrafda baş verənləri milli ənənə və qayda-qanun kimi hesab edirsənsə, qorxub o qanunlara qarşı çıxmaq istəmirsənsə,  bələdiyyə yox, harada işləsən də, susub oturacaqsan. Mübarizə ruhun yoxdur. Sən ətrafda baş verən hadisələri norma kimi qəbul edəcəksən. Deyəcəksən ki, “bizdə belə olub, babamız belə edib, filankəs bu cür edib” və s. Amma bu ölkənin rəhbəri var, onun bu istiqamətdə imzaladığı sərəncamlar var, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar var. Eləcə də Nazirlər Kabinetinin qərarları, milli fəaliyyət planları var. Bu baxımdan, istənilən icra hakimiyyəti stereotipləri bir kənara qoyub bu mövzu ilə bağlı ciddi şəkildə mübarizəyə qoşulmalıdır.

– Erkən nikah məsələsi, təəssüf ki, yenidən aktuallaşıb. Bu yaxınlarda Ağdamın Qaradağlı kəndində 16 yaşlı qızı 22 yaşlı dayısı oğluna ərə verirdilər. Niyə bu hallar azalmaq yerinə artır?

– Erkən nikah, qanunsuz, qeydiyyata salınmayan uşaqların doğulması faktları o deməkdir ki, yerli icra hakimiyyətləri, bələdiyyələr bu məsələdə kifayət qədər həssaslıq göstərməyiblər. Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyəti qanunla tənzimlənən sosial xidmət subyekti var. Kiminsə ailəsində baxıma ehtiyacı olan şəxslər varsa, onlar bu xidmətdən yararlana bilərlər.

Uşaq yaşlı qızları erkən nikaha cəlb etməməlidirlər. Sən 16-17 yaşlı uşağı gətirirsən, gəlin edirsən. Heç kim inciməsin, mən bunu insan alverinin bir elementi kimi dəyərləndirirəm.

Uşağı gəlin gətirirsən, onu hər şeydən məhrum edirsən, qulluqçu kimi xəstəyə və ya özünə baxmasını istəyirsən. Baxıcı, qulluqçu istəyənlər Sosial Xidmətlər Agentliyinə müraciət edib bir nəfər sosial işçi götürə bilərlər. Ona görə hansısa uşağı evindən-eşiyindən edib, təhsildən yayındırıb gələcəyinin üstündən xətt çəkmək olmaz.

– Onda belə çıxır ki, kobud səslənsə də, ölkəmizdə qız və qadınların cinsi təhlükəsizliyi yoxdur?

– Əslində, əvvəllər bu məsələ ənənə ilə idarə olunurdu. Yəni ölkədə qız və qadınların cinsi təhlükəsizliyi, toxunulmazlığı əvvəllər ümumi davranış modeli ilə ənənə halında idarə olunurdu. Məsələn, qonşunun qızına, evdə bacıya, anaya toxunmaq olmaz, döymək olmaz. Yəni bir icmanın daxilində qız və qadınların toxunulmazlığı məsələsi var idi. Bu, yazılmamış qanun idi, amma hamı icra edirdi.

Amma təəssüf ki, hazırda bu məsələlər qanunla tənzimlənsə də, pozulur, ümumiyyətlə gündəlikdən çıxır və heç kim də buna nəzarət etmir.

Yeni qanunlara görə, 16 yaşdan yuxarı qız öz razılığı olmadan kiminləsə cinsi münasibətdə olursa, bu, zorlanma hesab edilir. Yox, əgər öz razılığı olsa, burada onun etibarından sui-istifadə, aldatma halları gündəmə gəlir.

Bir dəfə bir qadın müraciət etmişdi. 34 yaşı var idi. Bir nəfər onunla evlənib, cəmi üç ay birlikdə yaşayıb, sonra atıb gedib. Həmin qadın çox böyük travma yaşamış, psixologiyası pozulmuşdu. Çünki o yaşa qədər onun üçün ən önəmli olan namusu, cəmiyyətin ən həssas məsələsi olan bakirəliyi idi. O heç cür anlaya bilmirdi ki, axı niyə onun başına bu oyun gəldi? Bu, mənəvi bir cinayətdir, əslində.

Başqa bir aspekt: bəzi ailələrdə çoxları dolanışığa görə guya qızlarını cəmiyyətin təhlükəsindən qorumaq məqsədilə onları erkən nikaha sövq edərək, son nəticədə istismara və yaxud faciəyə doğru itələyirlər. Halbuki, bu, qızları sığortalamır. Faciələr gələcəkdə yaşanır. Çünki qızın ərə verildiyi adam ona kifayət qədər hörmətlə yanaşmır, ər missiyasını yerinə yetirmir. Qızın təcrübəsinin olmaması, kişinin gözlədiklərini təbii olaraq yerinə yetirə bilməməsi və eyni zamanda, digər məsələlər yaxşı hadisələrə aparıb çıxarmır.

– Bəs qızlar evdən niyə qaçırlar?

– Əslində, bu barədə informasiyanın yayılması da cəmiyyətə ziyandır. Bu məlumatları uşaqlar bizdən çox oxuyurlar. Yəni əksəriyyətinin telefonla xəbərlərə əlçatanlığı var. Ailədə qızlarla kifayət qədər söhbət edilməməsi, qızlarla birgə vaxtın keçirilməsi, şəxsiyyətinə hörmət edilməməsi, bəzi hallarda ayrı-seçkilik, bəzən azadlıq çərçivələrinin müəyyən edilməməsi onları evdən qaçmağa sövq edir. Onlar azad olduqlarını dərk etməlidirlər. Amma təbii ki, bu azadlığın ailələrə görə dəyişən müəyyən çərçivələri var və olmalıdır da.

Ailələr onlayn mediadan, sosial şəbəkələrdən gələ biləcək təhlükənin fərqində deyillər. Uşaqlarına vaxt ayıra bilməyən valideynlər onların sosial şəbəkələrdə başlarını qatmasına göz yumurlar. Bu isə bir bəladır. Həmin nəzarətsiz qalan yeniyetmələr, yetkinlik yaşına çatmayan uşaqlar da müxtəlif informasiyaların selinə qapılırlar. Orada aldatma var, cəlbetmə var, istənilən formada pis vərdişlərə təşviqetmə var. Məsələn, mən hər dəfə deyirəm ki, sosial şəbəkələrdə, telekanallarda gəlinlik paltarının gecə-gündüz təşviqi istənilən azyaşlı qızda ailə qurmağa erkən maraq yaradır. Orada kitab oxumaq təşviq edilmir, hansısa kitabdan maraqlı bir hissə paylaşılmır, hansısa duyğusal hisslər paylaşılmır. Orada insanların psixologiyasının yeniyetmələrə necə təsir edəcəyini heç kim düşünmür.

Lakin formalaşmaqda olan yeniyetmənin təfəkkürünü, düşüncəsini hesablamaq lazımdır. Amma reklam sektoru üçün fərqi yoxdur onu kim harada necə izləyir. Əsas odur, qazancı yerində olsun. Ona daha çox insanın gəlinlik paltarı geyinməsi lazımdır. Biz nikahlardan danışdıq deyə mən bunu misal çəkdim, digər problemlərə də təşviq edən reklamlar çoxdur.

Böyük dünyaya atıldıqda görürsən ki, çoxlu sayda müxtəlif cəlbetmə istəkləri olan adamlar, qurumlar var. Qlobal şəbəkələşmə böyük təhlükələr yaradır. Bunun iqtisadi yönümdə yaxşı tərəfləri olsa da, yeniyetmələr üçün təhlükələri böyükdür və bunları 14, 15, 16 yaşlı şəxs anlamır. O başa düşmür ki, qlobal şəbəkələşmədə onun istismarı var. Bu məqamlar daha çox müzakirə edilməlidir.

Yeniyetmələrə bunu real göstərmək lazımdır ki, o, ziyanları anlasın. Standart təlimlər, danışıqlar artıq effekt vermir. Real hadisələri göstərmək lazımdır ki, yeniyetmələr, uşaqlar özlərini bu təhlükədən qoruma yollarını öyrənsinlər. Bizim bu dəqiqə ən çox apara biləcəyimiz maarifləndirmə işləri qız və qadınlara özlərini necə qorumağın yollarını izah etməkdir.

– Son günlər sosial şəbəkələrdə, əsasən, “TikTok” platformasında insanların, ələlxüsus qadın və qızların diqqət çəkmək üçün açıq-saçıq paylaşımları müzakirə edilir. Bu çılpaqlıq nə üçün bu qədər dəb halı aldı?

– Çünki burada maddi maraq var. Həmin qlobal şəbəkələşmənin arxasında dayanan müxtəlif qüvvələr var. Bu qüvvələr “ürək”lərin, “jeton”ların hesabına öz istədiklərini etdirməyə çalışır. Uşaqlar, qızlar, qadınlar, elə digər istifadəçilər də o “ürək”lərin, “jeton”ların arxasında başqa məqsəd olduğunu dərk etmirlər. Böyüklər dərk etmədikdən sonra uşaqlardan nə gözləyəsən? Təbii olaraq, onlar da müəyyən mənada bunları görüb “jeton” qazanmaq, pul qazanmaq arzusuna düşürlər. Hətta bu gün gənclər var ki, deyirlər, təhsili neyləyirik? Bu platformada bir-iki hərəkət edib “jeton”larla hamıdan çox pul qazanacağam. Hamı da düşünür ki, nə etsin ki, onun səhifəsinə daha çox adam gəlsin. Tapılan variantların içərisində isə soyunmaq üstünlük təşkil edir. Təsəvvür edirsiniz?

“TikTok”da gedən prosesləri müşahidə edirəm, şoka düşürəm. Gənc qızlardır, soyunub otururlar, başlayırlar qışqırmağa, söyüş söyməyə. Başa düşə bilmirəm ki, niyə belə edirlər? Bu, o qədər qeyri-etik, mədəniyyətsiz, qeyri-insani görünür ki, söz tapmıram deməyə. Baxın, səbəb diqqət cəlb etməkdir. Çünki insanlar da belə hərəkətlər görəndə o səhifələri hansısa məqsədlərlə izləyirlər.

– Bəs bu formada aldanan yüzlərlə insanın aqibəti? Hüquqi yolla onları necə qoruyaq?

– Burada vətəndaş məsuliyyəti önəmlidir. Hər bir kişi qadına insan kimi yanaşmaq öhdəliyini anlamalıdır. Başa düşməlidir ki, heç kimə zərər verməməlidir. O, hansısa müvəqqəti həzz, qaliblik hissinə qapanıb bu gün on qızı aldatdığı ilə qürrələnməməlidir. Qız da həmçinin, fəxr etməli deyil ki, 15 oğlanla tanış olub, münasibət yaradıb. Belə absurd yanaşmalara özünəgüvən deyib təqdim etməkləri daha da acınacaqlıdır.

Amma özünəgüvənmənin tərkibində böyük komplekslər var. O qışqırıqlar, o söyüşlər, o soyunmalar, xoşagəlməz hərəkətlərin arxasında ciddi psixoloji pozuntular var. Onlara elə gəlir ki, qapısı bağlı bir otaqda oturub telefonla danışırlar. Amma sosial şəbəkənin gücünü və təhlükəsini dərk etmirlər. Bir anda dünyanın bir çox yerində onun görüntüləri izlənilir. Sosial şəbəkədə heç bir çərçivə yoxdur.

Hüquqi cəhətdən qiymətləndirilməsi üçün şikayət olmalı və araşdırılmalıdır. Əvvəllər, məsələn, bir problem olanda deyirdilər, qonşular yığılsınlar, bir yerə şikayət etsinlər. Amma “TikTok”da kimdən kimə və nə şikayət edəsən?

Hesab edirəm ki, bütün bunların hamısının kökündə davranış və şəxsiyyət pozuntusu dayanır. Ola bilsin, kimsə evdə özünü bir cür aparır, küçədə bir cür, sosial şəbəkədə başqa cür. Şəxsən mən, baxmayaraq ki, televiziyalara dəvət alıram, çıxış edirəm, kamera ilə bağlı kompleksim yoxdur, amma cürət edib “TikTok”da canlı yayımda çıxış edə bilmərəm.

Amma sən gərək o platformada elə bir mövzuda söhbət aparasan ki, sözünün kəsəri olsun. İnsanlar gəlib ağzına gələni şərh kimi yazmasınlar. Elə adamlar var ki, “TikTok” üzərindən onlayn iş, biznes qurublar. Çox sanballı formada da işlərini aparırlar. Yəni nüfuzlarını qoruyub-saxlaya bilirlər. Mən heç kimi mühakimə etmirəm, qınamıram. Amma mən evi yığışdıran zaman, yemək bişirən zaman videolar çəkib şəbəkəyə yükləməyin mənasını anlaya bilmirəm. Bununla mübarizə üçün daha ciddi strategiya hazırlanmalıdır. Bu insanları “TikTok”dan uzaqlaşdırıb, yenidən cəmiyyətə adaptasiya etmək lazımdır.

– Sığınacaqdakı insanların şəxsi telefonlardan istifadəsinə icazə var?

– Xeyr, yoxdur. Əgər onların təhlükəsizliyini qorumaq bizim öhdəliyimizdədirsə, onlar bizim qaydalara riayət etməlidirlər. Sığınacağa qəbul edilən hər bir şəxs bu qaydaları oxuyur və şəxsən imzalayaraq qəbul etdiyini bəyan edir. Telefonları aidiyyəti üzrə bizə təhvil verirlər. Ola bilər ki, onlar telefon vasitəsilə kimlərəsə ötürdükləri məlumatlarla öz təhlükəsizliklərini riskə atsınlar. Gərək olduqca, ailələri və ya zərurət yaranan şəxslərlə danışmaq istəyəndə bizə deyirlər, sonra danışırlar.

Digər tərəfdən, insanlar var ki, deyirlər, telefonsuz qala bilmirəm. Baxırsan ki, qohum-əqrəbası ilə yazışır. Onda da sual yaranır ki, sənin sənə sahib çıxacaq qohum-əqrəban varsa, get onların yanında yaşa da. Təhlükə varsa, demək, onlar bizim qaydalara riayət etməlidirlər. Yoxsa telefonu al əlinə, gecə-gündüz “Instagram”da, “Tiktok”da kimlərləsə yazış, sonra da bizi ittiham etsinlər ki, siz onlara səhv hərəkətlər etməyə şərait yaradırsınız.

Yəni sığınacaq elə yerdir ki, bütün məsələlərə nəzarət edirik. Geyimindən tutmuş danışığına, hərəkətinə qədər hər şey çərçivəsində olmalıdır. Məsələn, reabilitasiya müddəti bitmiş qadınlar var ki, işə gedirlər. Onlar bu müəssisədən istədikləri formada çıxa bilməzlər. Öz evlərinə qayıdarlar, istədikləri kimi qısa, açıq-saçıq və s. geyinərlər. Çünki burada qalan qadınların sabah küsdükləri ilə barışmaq ehtimalı da var. Bəzi qadınlara öz evlərində makiyaj etməyə belə icazə verməyiblər. Bəzən görürəm, sığınacaqdan çıxanda o qədər makiyaj edirlər ki, heç mən onları tanımıram. Biz izah edirik ki, sən hansısa konsertə, toya getmirsən, işə gedirsən. Sənin belə küçəyə çıxmağın insanlarda fərqli və xoşagəlməz fikir formalaşdıracaq.

– Bəzən “TikTok”da bir acı söz, təhqir, söyüş cinayətə səbəb olur. İnsanlar nə üçün həyatlarını bir göz qırpımında məhv edirlər?

– Biz reabilitasiya layihələri çərçivəsində həbsxanalara da gedirdik. Yadıma gəlir, bir dəfə həbsxanada bir məhkumla danışdım. Çox yaraşıqlı, danışığı, nitqi səlis olan savadlı oğlan idi. Həyat yoldaşını qətlə yetirdiyi üçün məhkum olunmuşdu. Ondan bunu niyə etdiyini, öldürmək yerinə boşanmağı nə üçün düşünmədiyini soruşdum. Mənə dedi ki, həyat yoldaşı “TikTok”a girib, bunu da onun dostları görüblər. O da qadını məhz buna görə qətlə yetirib. Heç qadın orada səhv hərəkət edib, ya etməyib – bilinmir. Sadəcə, dostları “sən necə kişisən, arvadın “TikTok”a girir” cümləsinə görə öldürüb. Oğlan mənə dedi ki, öldürməsə, oğlanların yanında kişi kimi heç bir “hörməti” qalmayacaqdı. Yəni cəmiyyət bəzən insanları cinayətə təhrik edir. İnsanlar cəmiyyətdə fikir bildirərkən qarşısındakının qürurunu, nüfuzunu, şəxsiyyətini düşünmürlər. Bu, çox dəhşətli məqamdır. Mən Allah deyiləm, kimisə mühakimə edim. Amma ümumi davranış modelləri deyilən bir anlayış var.

Cəmiyyətdə şəxsiyyət kimi bizi formalaşdıran məqamlar var. Mən hazırda bir tədqiqat aparıram. Sığınacaqda olan xanımlarla danışıram və bunların hamısı qeydə alınır. Zorakılığa hansı mərhələdə yox dediklərini soruşuram. Yəni zorakılığı dayandırmaq üçün nə ediblər bu qadınlar? Cavaba baxıram ki, qadınlar çox gecikirlər. Bir qadın var, həyat yoldaşı tərəfindən üç dəfə bıçaqlanıb. Heç birində də hüquq-mühafizə orqanlarına şikayət etməyib. Sevirəm deyib, ümid edib ki, münasibətləri düzələcək. Sonunda da həmin ər qadını küçəyə atıb. İnsanlar bilməlidirlər ki, heç kim heç kimə qarşı zorakılıq edə bilməz. Qadınlar da zorakılıq gördüklərində susmamağı öyrənməlidirlər. Çünki birinci dəfə zorakılığa susdunsa, bunun ardı daha ağır formada gələcək. Bu, çox ağır təcrübələrlə, insan həyatları üzərində sübut olunub, ictimailəşdirilib.

– Bəs bu zorakılıq intihara da sürükləmirmi? İntiharların arxasında yatan səbəblər özünü öldürənlərlə birlikdə qaranlığa qərq olur.

– İstər qadın, istər kişi münasibətlərdə o dərəcədə problem yarada bilər ki, bu, qarşı tərəfi intihara təhrik edə bilər. Biz buna psixoloji zorakılıq deyirik. Bu günə qədər heç kim intiharların arxasında nə dayandığını hələ də bilmir. Bu baxımdan düşünürəm ki, davranış modelinin biri də ilkin mərhələdə zorakılığı dayandırmağın yollarını öyrənməkdir.

Biz bu modeli öyrənib, kişilər arasında tədqiqat apardıq. Beş rayonu və onlayn sorğuları əhatə edən tədqiqatın nəticəsində kişilər bərabərlik istədiklərini deyirlər.

Amma bərabərlik istədiklərini deyən kişilər özləri də qadına qarşı zorakılıq etdiklərini dedilər. Soruşanda ki bəs niyə qadını döyürsünüz, bizə verilən cavab “tərbiyələndirmək üçün” oldu. Bəziləri də deyirlər ki, bərabər söhbət etmək imkanları yoxdur. Yəni intellektual baxımdan uyğun deyillər. İnsan nə qədər maraqlı olacaqsa, o qədər qarşı tərəf ona doğru gedəcək. Amma maraqlı olmaq açıq-saçıq geyimlə bağlı deyil, çılpaqlıq deyil. Ətraf üçün düşüncələrinlə, davranışlarınla maraqlı olmalısan.

– Necə düşünürsünüz, sığınacaqların sayı artırılmalıdır?

– Düşünürəm ki, sığınacaqların sayının artırılması virus xarakterli olar. Hamı deyəcək ki, gedim, sığınacaqda qalım. Məsələn, hazırda bir qadın var, beş uşağını evdə qoyub, gəlib sığınacağa. Maraqlanırıq ki, evdə ciddi, həyati təhlükəsi yoxdur. Zorakılıq da yoxdur. Sadəcə, o beş uşağın gərginliyindən, ailə-məişət problemlərinin gərginliyindən qaçmaq istəyir. Yəni demək istəyirəm ki, sığınacaqların sayının artırılmasındansa, insanlar psixoloq köməyi ala bilərlər. Sosial problemlərin, stresin qarşısında çıxılmaz vəziyyətdə qalan və sığınacağa üz tutmağa qərarı verən bir qrup insan üçün psixoloji dəstək paketləri genişləndirilməlidir. Hətta pulsuz xidmət paketləri olsa, lap yaxşı olar.

Yəni sığınacaqların sayı artsa, evinin kirayə pulunu, qaz pulunu, işıq pulunu ödəyə bilməyən hamı axın edəcək sığınacaqlara. Sığınacaqdan aidiyyəti üzrə istifadə edənlərin sayı digərlərindən azdır. Vallah, bəzən səbəbsiz yerə sığınacağa gəlmək istəyən insanlar real zorakılıqla üzləşənlərin kənarda qalmasına səbəb olurlar. Ona görə mən daha çox günərzi mərkəzlərin, stasionar mərkəzlərin açılmasının və buraya sosial işçilərin cəlb edilməsinin tərəfdarıyam. Sosial işçilər ehtiyaclı şəxslərin evlərinə getsinlər, orada müşahidə aparsınlar. Hər hansı davranış pozuntuları olarsa, həmin ailələrə psixoloqlar tərəfindən yerində kömək göstərilsin.

Amma regional səviyyədə oğlan uşaqları üçün sığınacaqlar, demək olar ki, yoxdur. Bunlar yaradılsa, yaxşı olar. Biz 12 yaşdan yuxarı oğlan uşaqlarına sığınacaq tapa bilmirik. Ya da davranış pozuntusu olan qızlar və oğlanlar var. Onlar ayrıca hədəf qrupudur ki, digər uşaqlara qatmaq olmaz. Onlar üçün ayrıca ixtisaslaşmış sığınacaq lazımdır. Bu mövzular müzakirə edilməli və qiymətləndirmə aparılmalıdır.

Daha çox foto burada: PhotoStock.Az

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir