“Ötən il ilə müqayisədə tibbi xidmətlərin sayı 30 faiz artıb”.
Oxu.Az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Agentliyin illik fəaliyyəti və strateji hədəfləri mövzusunda mətbuat konfransında çıxış zamanı deyib.
O bildirib ki, bu il vətəndaşlar 57 milyondan çox xidmətdən yararlanıblar.
Z.Əliyev qeyd edib ki, ən çox xəstəliklər sırasında müraciətlər həkim baxışı qəbulu yer alır:
“Əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması məqsədilə Agentlik tərəfindən davamlı tədbirlər görülür.
Göstəricilər onu deməyə əsas verir ki, ildən-ilə vətəndaşların sığortadan istifadəsi artan xətlə davam edir. Ötən ilə nisbətdə xidmət sayında bu ilin 10 ayı ərzində 30% artım müşahidə olunub. (ambulator tibbi xidmət – 87% , stasionar tibbi xidmət – 13%)
Bir pasiyentə düşən xidmət sayında və müraciət sayında müvafiq olaraq 1,5 və 1,1 dəfə artım olub.
Ən çox müraciət ümumi tibbi müayinə ilə bağlıdır. Daha sonra endokrin xəstəliklər, maddələr mübadiləsi və qidalanma pozuntuları, tənəffüs sistemi xəstəlikləri və qan dövranı sistemi xəstəlikləri ilə bağlı müraciətlər çoxluq təşkil edir.
Cari ildə göstərilən tibbi xidmətlərin 59%-i regionların payına düşüb”.
Z.Əliyev əlavə edib ki, icbari tibbi sığortanın bütün ölkə üzrə tətbiqinin 3-cü ilinə yaxınlaşırıq:
“Bu ilin yanvar-oktyabr aylarında 4,5 milyon şəxs icbari tibbi sığorta çərçivəsində tibbi xidmət alıb. Bu o deməkdir ki, ölkə əhalisinin 47%-i icbari tibbi sığortadan yararlanıb. İlin sonuna pasiyent sayının daha da artacağı məlum məsələdir”.
Könül Cəfərli
www.102info.az