Cəlilabad rayonunun Uzuntəpə kəndində şəhid Əli Qənbərovun adını daşıyan küçənin yolları dağılıb, hərəkət etmək mümkünsüz olub.
Bu barədə “Report”un yerli bürosuna sakinlər məlumat veriblər.
Onların sözlərinə görə, yaşayış məntəqəsinin mərkəzində yerləşən küçə uzun müddətdir bu vəziyyətdədir. 100-ə yaxın ailənin yaşadığı küçənin sakinləri deyirlər ki, yağış yağan kimi yolda hərəkət çətinləşir. Bundan əlavə, yol bərbad olduğundan qış aylarında uşaqları məktəbə aparıb-gətirməkdə çətinlik çəkirlər:
“Hətta taksilər də bu küçəyə gəlmir. Yayda toz əlindən, qışda da palçıqdan hərəkət etmək olmur. Yağış yağandan sonra çalalara o qədər su yığılır ki, yoldan keçmək lap çətinləşir. Axı qocalar, xəstələr, uşaqlar var. Bir neçə dəfə öz hesabımıza yolu təmir etmişik. Lakin yenə də əsaslı təmirə ehtiyac yaranıb”.
Problemlə bağlı Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Uzuntəpə kəndi üzrə nümayəndəliyindən “Report”un yerli bürosuna bildirilib ki, küçələrdə təmir aparmaq işi bələdiyyələrin səlahiyyətindədir.
“Sözügedən küçədə əvvəllər təmir işləri aparılıb. Havalar sabitləşən kimi yenidən sözügedən ərazidə təmir işləri davam etdiriləcək”, – nümayəndəlikdən qeyd olunub.
Uzuntəpə kənd bələdiyyəsindən yolda təmir işləri aparılacağını təsdiqləyiblər.
www.102info.az