Dekabrın 17-də Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə test imtahanı keçirilib.
Dövlət İmtahan Mərkəzindən bildiriblər ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakı şəhərində 11 binada təşkil olunub. İmtahanının keçirilməsi üçün 11 ümumi imtahan rəhbəri, 31 imtahan rəhbəri, 257 nəzarətçi müəllim, 41 buraxılış rejimi əməkdaşı ayrılıb.
İlkin məlumatlara əsasən, 1 nəfərin üzərində xüsusi rabitə qurğusu aşkar olunduğundan imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Dekabrın 18-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.
İmtahan nəticələri yaxın iki gün ərzində elan olunacaq.
Məlumat üçün bildiririk ki, bu gün Bakı şəhəri ilə yanaşı, Naxçıvan şəhərində də dövlət qulluğuna qəbul imtahanı keçirilməli idi. Lakin səhər saatlarında Bakıdan Naxçıvana uçmalı olan təyyarə reysi Naxçıvan Muxtar Respublikasında müşahidə olunan hava şəraiti ilə əlaqədar gecikdiyi üçün Naxçıvanda nəzərdə tutulan imtahanın vaxtı dekabrın 24-nə dəyişdirilib. Namizədlər bu imtahan üçün buraxılış vərəqəsini növbəti həftə ərzində (imtahana 3 gün qalmış) çap edə biləcəklər. Yeni buraxılış vərəqələri sayta yerləşdiriləndə məlumat paylaşılacaq.
09:24
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirəcək.
Oxu.Az xəbər verir ki, imtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və üç saat davam edəcək.
Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməmələri xahiş edilir. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunub. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılıb.
Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
– şəxsiyyəti təsdiq edən sənədin əsli;
– “İmtahana buraxılış vərəqəsi”.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 13 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 625, BB qrupu üzrə 2 588 olmaqla, ümumilikdə üç 213 namizəd qeydiyyatdan keçib. İmtahanının keçirilməsi üçün 13 ümumi imtahan rəhbəri, 35 imtahan rəhbəri, 293 nəzarətçi‑müəllim, 45 buraxılış rejimi əməkdaşı ayrılıb.
www.102info.az