“Dekabrda artıq 650 manat borcumuz yığılıb, çünki oğlumuz bir həftə xəstəxanada yatıb. Həkimimiz deyir ki, eyni müalicə ən azı üç ay davam etdirilməlidir, bundan sonra ikinci əməliyyat oluna bilər. Xahiş edirəm, bizə lazım olan dərmanı almağa kömək edin ki, oğlumuz əziyyət çəkməsin”.
Bu sözləri Hirşprunq xəstəliyindən əziyyət çəkən beş yaşlı Tuncayın anası Sevda Eminova Media.Az-ın redaksiyasına müraciətində bildirib.
Xəstəlik yoğun bağırsağın nadir anadangəlmə anomaliyasıdır. Bu xəstəlik bağırsağın müəyyən seqmentlərində sinir hüceyrələrinin mövcud olmaması ilə xarakterizə olunur. Belə vəziyyət peristaltikanın pozulmasına gətirib çıxarır və möhtəviyyatın həzm traktında normal hərəkətinə mane olur. Nəticədə xəstə insan daimi qəbizlikdən əziyyət çəkir. Hirşprunq xəstəliyi hər 5000 yeni doğulmuş körpədən birində müşahidə olunur. Müalicəyə vaxtında başlanılsa, müsbət nəticə ehtimalı 80%-ə çatır.
Balaca Tuncayın xəstəliyinin ilk əlamətləri ötən ildən üzə çıxmağa başlayıb – onun bağırsaqlarının funksiyası pozulub, qarnı və bütün bədəni daimi olaraq şişib. Həkimlər problemin məhz nədə olduğunu dərhal başa düşə bilməyiblər, ona görə də uşaq bir neçə ay düzgün müalicə almayıb. Artıq Bakıda, paytaxt klinikalarından birində həkimlər hərtərəfli müayinədən sonra dəqiq diaqnoz qoyublar. Tuncay Hirşprunq xəstəliyindən əziyyət çəkirmiş.
Dörd ay əvvəl balaca Tuncay cərrahiyyə əməliyyatı keçirib, lakin ilk əməliyyat müsbət nəticə verməyib: onun bağırsaqları hələ də normal işləmir. İntoksikasiyanın qarşısını almaq üçün daim dərman qəbul etmək məcburiyyətindədir. Onları vaxtında qəbul etməsə, onun qarnı şişir və uşağa ağrı verir. Ailənin mütəmadi müayinələrə və lazımi dərmanlara pulu çatmır. Bunun üçün ayda təxminən 500-600 manat pul lazımdır. Qarşıda onu daha bir əməliyyat gözləyir.
Tuncayın anası redaksiyaya bildirib ki, onların ailəsi son vaxtlara qədər Göyçay rayonunda yaşayıb, lakin oğlunun xəstəliyi səbəbindən Bakıya köçmək məcburiyyətində qalıblar.
“Bizim rayonda oğlumuzun vəziyyətinin diaqnostikasını etmək üçün lazımi avadanlıq, müalicə üçün şərait yoxdur. Bakıda ayda 150 manata kiçik otaq kirayə tuturuq. İkinci qrup əlil olan ərim “8-ci kilometr” bazarında gündə 5-10 manata fəhlə işləyir. Mən uşaqlara baxıram, böyük qızımız da var.
İndi həkimlər bizə deyirlər ki, müalicəni çox gecikdirmişik və müsbət nəticə əldə etmək şansımız azdır. Tuncay müayinədən keçməlidir, ona dərmanlar təyin edilir – bunun üçün isə pul lazımdır və bizim buna maddi imkanımız çatmır”, – deyə uşağın anası köməyə çağırıb.
Redaksiya heyəti olaraq hər kəsi Tuncayın probleminə anlayışla yanaşmağa və bacardığınız qədər köməklik göstərməyə çağırırıq.
Əlaqə telefonu: (050) 622-78-61.
Bank kartı nömrəsi: 4169 7388 9040 8358.
www.102info.az