Lənkəranda balıqçılığın dünəni yaxşı idi, bu günü bərbaddır, bəs sabahı? – ARAŞDIRMA + FOTO

Cəmiyyət


Son onilliklər ərzində Lənkəranda balıqçılıq geriləmə dövrünü yaşayır. Bir zamanlar keçmiş sovetlər birliyinin balıqçılıq sənayesinə böyük töhfələr verən Lənkəranın bazarlarında yerli balıq tapmaq müşkülə çevrilib. Bu problem özünü daha çox bayram ərəfələrində göstərir, həm keyfiyyətdə, həm də qiymətdə.

“Report” məsələnin aktuallığını nəzərə alaraq Lənkəranda balıqçılığın mövcud vəziyyəti barədə maraqlanıb.

Öncə qeyd edək ki, Lənkəranın Xəzər sahilindəki əlverişli təbii şəraiti bu yerlərin sakinlərində qədimdən balıqçılığa, ovçuluğa maraq yaradıb. XIX əsrin ortalarında isə Lənkəranda balıqçılıq sənaye sahəsi kimi inkişaf mərhələsini yaşayıb. Hətta keçmiş Lənkəran qəzası XIX əsrin ikinci yarısında balıqçılığın inkişafına görə Cənubi Qafqazda birinci yeri tutub. Qumbaşı və Sarı adasındakı yerli böyük balıqçılıq müəssisələri fəaliyyət üçün uzun müddətə əcnəbi icarədarlara verilib. İnqilabdan sonra isə bu müəssisələri balıqçılıq kolxozları əvəz edib.

Yaşlı balıqçıların sözlərinə görə, Lənkəran ərazisində balıq o qədər bol olub ki, sadə insanlar belə məhəllə arxlarından adi üsullarla müxtəlif növ balıqlar tutublar. Hətta II Dünya Müharibəsinin aclıq illərində Lənkəranın balığı, quşu, düyüsü ətraf rayonların insanlarını ölümdən xilas edib. Ötən əsrin 60-70-ci illərindən başlayaraq tərəvəzçiliyə keçidlə bağlı Murdovun (dənizə yaxın təbii şirinsu hövzəsi) qurudulması, çəltikçiliyin ləğvi, Lənkəranda balıqçılığa ciddi zərbə vurub. Sovetlər birliyinin dağılmasından sonra Lənkəranda minlərlə işçinin çalışdığı Balıq Konserv Kombinatı, Balıq Kombinatı və digər balıqçılıq müəssisələri də fəaliyyətini dayandırmaq məcburiyyətində qalıblar.

Sonrakı illərdə balıq sənayesində “Xəzərbalıq” MMC, “Sara” MMC, “Kaspi” müəssisələri tərəfindən qismən də olsa müxtəlif növ balıq və balıq məhsulları istehsal edilib.
Xəzərin cənub sahillərində elə yaşayış massivləri var ki, bu yerlərin əhalisi üçün dəniz həyat, dolanışıq deməkdir. Adından da göründüyü kimi, Lənkəranın Balıqçılar qəsəbəsinin əhalisinin qazancı da dənizdən çıxır. Balıqçılıq çox çətin, riskli və səbir tələb edən sahə olsa da, buranın insanları, demək olar ki, həyatlarını başqa cür təsəvvür edə bilmirlər. Bu isə mövcud qadağalar və reallıqlar şəraitində əhali üçün əlavə problemlər yaradır. El sözü ilə desək, “çörəyi dənizdən çıxan” balıqçı ailələrinin ümidi dəniz sahilindən iki mil (təxminən üç kilometrə yaxın) məsafədən uzağa getməmək şərti ilə verilən “Ovçuluq bileti”nə qalıb.

Son illərdə Xəzər dənizinin səviyyəsinin ötən əsrin antirekorduna yaxınlaşması (1978-ci il həddinə qədər 28.4 metr) da balıqçılığa mənfi təsirini göstərməkdədir. Qlobal istiləşmə və digər səbəblərdən çox təəssüf ki, dəniz səviyyəsi azalmaqda davam edir. Bu da Xəzərin ekosisteminə təsirsiz ötüşmür, nadir balıq növlərinin kəskin azalmasına səbəb olur.

Bu gün bazarlarda bir zamanlar hər bir ailənin istehlak etdiyi balıq növləri, əsasən də nərə cinsli balıqların, lənkəranlıların ən çox istifadə etdiyi ziyad (kütüm) balığının yoxa çıxması və ya kəskin azalması müşahidə olunur. Süfrələrdə qara kürü isə yalnız yaxın keçmişin xatirələrinə çevrilib. Yerli bazarlarda əsasən digər ölkələrdən gətirilən balıqlar yer alıb.

Mövzu geniş müzakirə obyekti olduğundan problemin həlli istiqamətində nə kimi tədbirlərin görüldüyü sual doğurur.

“Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı”nın direktoru Dadaş Abbasovun söylədikləri ümidverici görünür. Belə ki, balıqçılıq üzrə təcrübəli mütəxəssis olan D.Abbasov bildirib ki, dövlət səviyyəsində balıqçılığın inkişafına göstərilən qayğı onları da ruhlandırır:

“Son bir neçə ildə “Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı” respublikamızın su hövzələrinə balıq körpələrinin buraxılması üzrə proqnozun 70 faizini icra edir. İnkubasiya sexində kütümlə yanaşı, çəki, ağamur, enlialın balıqlarının körpələri artırılır, 10-20 qram çəkidə körpələr suya buraxılır. Təsərrüfatımızda balıq bəsləmək üçün ümumi sahəsi iki hektar olan dörd göl yaradılıb. Keçən il altı milyon balıq körpəsi Xəzər dənizinə, Mingəçevir, Şəmkir su anbarlarına, Kür çayına, Xanbulançay və Viləşçay dəryaçalarına, işğaldan azad edilmiş Xaçınçay, Həkəriçay, Suqovuşan və digər su hövzələrinə buraxılıb. Bu il daha artıq balıq körpəsi yetişdirilib və ölkəmizin daxili su hövzələrinə buraxılıb. Hədəfimiz 10 milyon balıq körpəsinin yetişdirilməsidir”.

“Nərimanabad Balıq Kombinatı” da Xəzərdə balıq ovunu həyata keçirir və müxtəlif çeşiddə balıq məhsulları istehsal edərək bazara çıxarır. Amma bu məhsullar xaricə ixrac olunduğundan hələ ki yerli bazarlarda görünmür.

1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf Mühitin Mühafizəsinə Nəzarət və Ekoloji Monitorinq Sektorunun Su Hövzələrində Bioloji Resurslara Nəzarət qrupunun rəhbəri Ramiz Bədirov Xəzər dənizində balıqların azalması fikri ilə razı olmadığını, lakin zamanında yanlış verilən qərarların sayəsində balıqların ərazidən uzaqlaşmasına səbəb olduğu qənaətindədir. Mütəxəssisin fikrincə, Lənkəran ərazisində Murdov gölünün qurudulması, şirin su hövzəsi olan Qızılağac körfəzinin (Bala dəniz) quru yolun çəkilməsi ilə Sara adası ilə birləşdirilib dənizdən ayrılması ən böyük səhvlərdən olub:

“Balıqlar kütləvi surətdə bu su hövzələrinə daxil olaraq kürü tökürdü. Və sonradan yenidən kürü tökdüyü ərazilərə qayıdırdı. Digər tərəfdən, bu təbii su hövzələri balıqlar üçün yem bazası rolunu oynayırdı. Bu iki faktorun ləğvi balıqların cənub sahillərimizdən İran istiqamətinə yönəlməsinə şərait yaratdı. İndinin özündə belə həmin 17 kilometrlik yolun bir neçə hissəsində keçidlər bərpa olunarsa, tədricən müəyyən irəliləyiş əldə etmək olar. Yaz aylarında çay mənsəblərinin lil-torpaq qatından təmizlənməsi vacibdir ki, balıqlar kürü tökmək üçün şirin suya daxil ola bilsinlər. Bundan əlavə, çoxlu sayda müasir standartlara cavab verən balıqartırma qurğularına, müəssisələrinə ehtiyac var. Hazırkı durum qənaətbəxş deyil”.

Ümid edirik ki, getdikcə balıqçılığa dövlət səviyyəsində diqqətin artırılması ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsinə, əhalinin balıq məhsullarına olan tələbatının ödənilməsinə, həmçinin yeni iş yerlərinin yaradılmasına, ən əsası da Xəzərdə biomüxtəlifliyin qorunmasına ciddi töhfə olacaq.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir