Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Riad Əhmədovun doğum günüdür.
Oxu.Az xatırladır ki, Riad Fikrət oğlu Əhmədov 1956-cı il dekabr ayının 20-də Bakıda anadan olub. O, 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1976-1979-cu illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertizası institutunda laborant işləyib. 1979-1980-ci illərdə həmin nazirliyin Qanun Layihələrinin Hazırlanması və Qanunvericiliyin Sistemləşdirilməsi İdarəsində məsləhətçi, 1980-1981-ci illərdə isə Ədliyyə Nazirliyinin kadrlar şöbəsində baş məsləhətçi vəzifələrində çalışıb.
1981-ci ildə təhlükəsizlik orqanlarında fəaliyyətə başlayan Riad Əhmədov 1981-1982-ci illərdə Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) Minskdəki Ali Məktəbində təhsil alıb. 1984-cü ildə isə DTK-nın Y.V.Andropov adına institutu nəzdindəki kurslarda dinləyici olub.
1992-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə irəli çəkilib. Riad Əhmədovun başçılıq etdiyi xüsusi kəşfiyyat dəstəsi Qarabağ uğrunda gedən döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv edib.
Riad Əhmədov 1992-ci il yanvar ayının 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşür. Uzun illər yeri müəyyən olunmamışdı. 18 sentyabr 2023-cü ildə Bakıda keçirilən “İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” üzrə beynəlxalq konfransda Riad Əhmədov və digər itkin azərbaycanlıların nəşlərinin tapıldığı və müəyyən edildiyi açıqlanıb.
30 sentyabr 2023-cü ildə Riad Əhmədovla Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində vida mərasimi təşkil olunub. Daha sonra onun nəşinin qalıqları İkinci Fəxri xiyabanda dəfn edilib.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Polkovnik-leytenant Riad Fikrət oğlu Əhmədov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
www.102info.az