Çox yaxında yenidən qovuşacağıq…

Cəmiyyət


Rövşən Əsədov yazır…

Qarabağa köç edən sakinləri hər dəfə doğma yurdlarına yola salanda yaxınlaşıb suallar verir, təəssüratlarını soruşuram. Çox vaxt donub qalırlar, bəzilərinin boğazında qəhər düyünlənir, titrək səslə cavab verirlər ki, vallah, nə deyə bilərik, çox gözəl hisslərdir, bunu ancaq yaşamaq lazımdır…

Hər dəfə bu cavabdan məyus olurdum, görəsən, niyə illərdir köçkün həyatı yaşayan, yurd-yuvasından didərgin düşən insanlar öz yuvalarına qayıdanda fikirlərini dolğun şəkildə ifadə etmirlər ki? Niyə hisslərini açıqlaya bilmirlər?

Bu gün o yurd-yuvasına qayıdan keçmiş məcburi köçkünlərə ünvanladığım sualı həmkarlarım mənə də verdilər: Rövşən, doğma yurda qayıtmaq necə hissdir?

Qınamaq nə pis imiş… Bəli, eynən onlar kimi oldum, nə bədii cümlələr qura bildim, nə fikrimi, hisslərimi deyə bildim… Qəhər düyünləndi boğazımda, amma susdum, düşündüm, bəlkə, bunu dilə gətirərək yox, yazaraq ifadə edə bilərəm?

…Xankəndi mənim ana yurdumdur. Eşidəndə ki mən də Xankəndidə keçiriləcək “Qarabağ” – MOİK matçına qatılacağam, yuxum ərşə çəkildi. Səhəri ipə bağlayıb çəkirdim ki, tez sökülsün dan yeri.

Nəhayət vaxt gəldi. Səhər açılmamış yola düşdük. Yolboyu qəribə həyəcana qapılmışdım. Yuxulaya da bilmirdim, amma heç elə bil, real dünyada da deyildim. “Ağdamdayıq”… Yol yoldaşımın sözünə diksindim. Avtobusun pəncərəsindən baxanda isə dəfələrlə televiziyada, şəkillərdə görsəm də, yəqin ki, heç vaxt alışa bilməyəcəyim mənzərədən sarsıldım. İlahi, bu necə dəhşətdir, bu necə vəhşətdir? Hər yer dağıdılıb, daşı daş üstündə qalmayıb. Hətta elə dağıdılıb ki, ömrünün tən yarısını Ağdamda yaşayıb, onilliklərlə xatirələri olan adam belə, öz evinin yerini tapmaqda çətinlik çəkər. Belə vandallığın, belə terrorun, bəlkə də, heç dünyada tayı-bərabəri yoxdur. Bu azmış kimi, ermənilər ərazini hər yeri minalayaraq tərk ediblər. Torpaqlar bir neçə ildir ki, işğaldan azad edilib, amma bu gün də həmin ərazilərdən onlarla, yüzlərlə mina, partlayıcı vasitələr aşkarlanır, zərərsizləşdirilir.

Əsgəran qalasının da qaməti əyilib illərlə işğal altında qalmaqdan. Ətrafında salamat heç nə yoxdur.

Yol kənarındakı nişanı keçdik – “Xocalı”. Bu nişan olmasa, yəqin ki, nə vaxtsa burada şəhər olduğunu kimsə təxmin edə bilməz. Yüzlərlə əliyalın, ayağıyalın, silahsız sivil insanımızın qanına qəltan edildiyi Xocalı. Hər küçəsi, hər döngəsi Xocalı sakinlərinin ah-naləsi ilə inildəyən ruhlar şəhərinin mənzərəsi ruhumu məngənə kimi sıxdı…

Nəhayət, qələbənin paytaxtına – Xankəndiyə yetişdik. Ürəyim qeyri-iradi az qaldı yerindən çıxsın. Bir an öncə düşüb tanımadığım küçələrlə saatlarla gəzib-dolaşmaq keçdi içimdən, amma vaxtımız çox az idi. Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradın keçirildiyi, ölkə başçısının üçrəngli şanlı bayrağımızı başı üzərinə qaldırdığı məkana, şəhərin düz mərkəzinə, Xankəndi stadionunun qarşısına çatdıq. Bir gerb, bir bayraq bir şəhərə belə də gözəl yaraşarmı, ilahi? Elə bil, şəhərin əyninə biçilib!

Bu anları süngər suyu hopduran kimi beynimə çəkmək istədim. Bir zamanlar işğal altında olan, tarixi saxtalaşdırılan, qondarma rejimin əsirinə çevrilən şəhərimizdəyik, rahat-rahat deyirik, gülürük, gəzirik, havasını uduruq. Hər yerində biz varıq Xankəndinin, Qarabağın. Hər yerində xidmət göstəririk, hər qarışına nəzarət edirik, hər küçəsinə, hər tininə biz sahibik artıq. Artıq bundan sonra da belə olacaq.

…Matç başladı, Dövlət Himnimizin səsi ana laylası kimi damarımda axan qanımda gəzdi, mənəvi rahatlıq verdi mənə. Sonra ölkə başçısı çıxış etdi. “Qarabağ Azərbaycandır, biz Qarabağda, Xankəndidə əbədi yaşayacağıq!” nidası hər yerdə əks-səda verdi. Mənə elə gəldi ki, güclü, qalib ölkənin vətəndaşı olmağın qüruru stadiondakı hər kəsi göyün yeddinci qatına qaldırdı.

Cismim Xankəndi stadionundaydı, ruhum Xankəndi səmasında. Küçə-küçə, məhəllə-məhəllə gəzdi Xankəndini. Evimizi axtardı, amma tapa bilmədi. Bir tufan qopdu içimdə. Kaş anamın, atamın illərdir danışdığı, xəyallarımda ağ-qara şəkillər kimi qalan o evi gedib görə biləydim… Həyətlərindəki tut ağacı, görəsən, durur hələ, yoxsa kəsiblər?.. Bəs evin özü? Görəsən, dağılmayıb?..

Azarkeşlərin səsinə xəyaldan ayıldım. Oyunun sonuncu dəqiqələrində “Qarabağ” MOİK-in qapısından ilk və həlledici qolunu keçirdi. Onlara qoşulub mən də qışqırdım: “Qooool!!!” Amma anında da bir fikir keçdi ağlımdan – mən kimə azarkeşlik edirdim ki? Dərhal da öz-özümə cavab verdim – yəqin, Xankəndiyə…

Matç bitdi, hər kəs avtobuslara əyləşdi. Üzü Bakıya yol aldıq. Amma mən, deyəsən, oradan ancaq cismimi gətirdim, könlümü, ruhumu Xankəndi küçələrində qoyub gəldim.

Çox yaxında yenidən qovuşacağam sənə, gözəl şəhər, artıq bu dəfə Ali Baş Komandanın da dediyi kimi, əbədi olaraq!

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir