Gəncədə yollar bərbad gündədir. Yolun bərpasına ehtiyac olsa da, 10 ildən çoxdur ölkənin ikinci ən böyük şəhərinin abadlaşdırılmasına diqqət ayrılmır.
Oxu.Az xəbər verir ki, bu barədə videogörüntü sosial şəbəkələrdə paylaşılıb. Paylaşımda qeyd edilir ki, 9A marşrut xəttinin hərəkət etdiyi yol kanalizasiya suları ilə dolub-daşır:
“Bura şəhərin 5-ci mikrorayon ərazisidir. Kanalizasiya suları yoldakı çalalara dolur. Yayda da kanalizasiya qoxusundan burada dayanmaq olmur. Ərazidə yaşayan sakinlər nəinki piyada, heç nəqliyyat vasitəsilə də hərəkət edə bilmirlər. Aidiyyəti qurumlar isə məsələyə biganə yanaşır”.
Gəncə Şəhər İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Gəncə küçələrinin, qəsəbə və məhəllədaxili yolların asfaltlanması da şəhərin içməli su və çirkab su xətləri sisteminin yenidən qurulması məqsədilə həyata keçirilən sözügedən layihəyə paralel şəkildə aparılır:
“Məlum olduğu kimi, Gəncə şəhərində “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi icra olunur. “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi çərçivəsində su-kanalizasiya xətlərinin çəkilişi və yenilənməsi tam yekunlaşan ərazilərdə mərhələli şəkildə asfalt işlərinin görülməsi həyata keçirilir.
Azərbaycan Respublikası Prezidentinin Gəncə şəhərinin daxili avtomobil yollarının təmiri ilə bağlı Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən genişmiqyaslı təmir-tikinti işləri aparılır. Belə ki, Gəncə şəhərində ümumi sahəsi 346 min kvadratmetr olan 52 adda küçənin təmiri nəzərdə tutulur. Sentyabr ayından bu çərçivədə yenidənqurma işlərinə start verilib”.
Könül Cəfərli
www.102info.az